“Bərzani öz prezidentlik müddətini daha da uzatmaq üçün bir yanlışın içinə girdi. Hətta seçki qanunvericiliyini uzun müddət parlamentin müzakirəsinə çıxartmadı, halbuki, digər partiyalar bunu istəyirdilər. Bərzani isə bəlkə də belə bir həyati səhvdən sonra bunu edə bilməyəcəyini düşündü. İndi hipotezlər haqqında danışmaq doğru deyil. Şimali İraqın daxili işlərinə müdaxilə etmək düzgün olmaz”.
Ovqat.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin istefa ərizəsini şərh edərkən deyib.
Rəsmi səfərə getdiyi Omanda jurnalistlərin bu yöndə suallarını cavablandırarkən Çavuşoğlu, istefa barədə məlumatı xeyli ehtiyatla qarşılayıb. Onun fikrincə, Bərzaninin istefa verəcəyi barədə indiyə qədər xeyli məlumatlar alıblar, amma bu xəbərlərin heç biri özünü doğrultmayıb:
“Son həftələrdə, xüsusilə də son iki həftədə Bərzaninin istefa edəcəyi və vəzifəsindən ayrılacağı barədə xeyli məlumatlar alırdıq. Bu məlumatlar müxtəlif ölkələrdən gəlirdi. Eyni şəkildə Şimali İraqdakı rəsmilərdən də bu cür xəbərlər alırdıq, amma bu günə qədər konkret heç bir şey görmədik”.
Türkiyənin baş diplomatının fikrincə, Bərzani çox ciddi səhvə yol verib və Şimali İraqdakı kürdləri də parçalayıb:
“Bu səhvdən ən çox zərər çəkən İraqdakı kürd qardaşlarımız oldu. Halbuki, biz əvvəldən referendumun səhv olduğunu söyləmişdik. Bərzani isə nə xaricdən, nə də daxildən gələn iradlara məhəl qoydu. Öz ağıl xocalarını dinlədi. Bundan sonra o, öz gələcəyinə özü qərar verəcək”.
Paylaş: