Xəbər lenti

 

Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik macərası Məsud Bərzaninin öz başında çatladı.

Ovqat.com İraq mətbuatına istinadən xəbər verir ki, muxtariyyətin lideri Məsud Bərzani müşavirlərinin hakimiyyət müddətini daha 2 il uzatmaq təklifini qəbul etməyib.

Bildirilidiyinə görə, noyabrın 1-də hakimiyyət müddəti başa çatdıqdan sonra, o, kreslosunu buraxıb istefaya gedəcək.

Şimali İraq Kürd Muxtariyyəti parlamentinin sözügedən istefanı müzakirə etmək üçün bu gün toplanacağı və bölgədəki son situasiyaları müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, 2-ci hakimiyyət müddəti 2013-cü ildə tamamlanan Bərzani muxtariyyətin iqtisadi vəziyyətini bəhanə gətirərək, parlamentdəki tərəfdarlarının “təşəbbüsü” ilə daha iki il vəzifəsini uzada bilib. 2015-ci ildə eyni bəhanələrlə yenə 2 il kreslosunu əldə saxlayıb, beləcə, Şimali İraqa 4 il qeyri-qanuni rəhbərlik edir.

Növbəti prezident seçkiləri isə bu il noyabrın ilk günü keçiriləcəkdi. Bərzani isə bu seçkilərə müstəqillik sürprizi ilə getmək arzusunda idi. Məqsədi prezidentlikdən uzaqlaşsa belə, Şimali İraqın milli qəhrəmanı kimi tarixə düşmək, yaradılacağı gözlənilən Suverenlik Şurasının ömürlük lideri kimi məmləkətinin başında dayanmaq idi. İranın ruhani lideri statusuna bənzəyən bu yeni görəvi onu “Kürdüstan”ın yenə əsas söz sahibi edəcəkdi.

Di gəl ki, evdəki hesab bazara uymadı və Bərzaninin bu çılğın projesi fiaskoya uğradı. Referendumdan sonra İraq Silahlı Qüvvələri və Həşdi Şabi birlikləri hücuma keçərərək inzibati ərazi kimi mərkəzi hökumətə bağlı olan, fəqət 2014-cü ildən bəri Ərbilin nəzarətinə keçən bölgələri asanlıqla geri qaytardılar. Nəticədə referendumdan əvvəlki ərazilərinin 30%-ni itirən muxtariyyət lideri qaş düzəldərkən göz çıxartdı və İraq mərkəzi hakimiyyətiylə sövdələşməyə getmək istədiyini bildirdi. Bunun üçün ilk güzəşt addımını atıb, referendumun nəticələrini dondurdu. Bağdaddan gələn cavab isə Bərzanidə tam xəyal qırıqlığı yaradacaq məzmunda idi: “Referendumun hər hansı nəticələrini dondurmaqdan söhbət gedə bilməz. Bu xalq səsverməsi, onsuz da qeyri-legitim idi və Ərbil onun nəticələrini tamamilə ləğv etməlidir. Yalnız bundan sonra danışıqlara başlamaq haqqında fikirləşməyə dəyər”.

Rəsmi Ərbil öz bəyanatlarında Bağdadın bu tələbini qəbul etmir kimi görünsə də, bölgədəki ABŞ hərbçilərinin iki gün öncə yaydığı məlumat fərqli şeylərdən xəbər verirdi. Həmin məlumata görə, tərəflər arasında görüş keçirilmiş və atəşkəs sazişi imzalanmışdı. Peşmərgə yetkililərinin bu məlumatı təsdiqləməməsinə baxmayaraq,  Bağdadın bir sutkalıq atəşkəs elan etməsi həqiqətən də bi cür anlaşmanın bağlandığını təsdiqləyirdi.

Maraqlıdır ki, atəşkəsin elan edildiyi həmin 24 saatın tamamlanmasına az qalmış, Bərzanidən haqqında söhbət açdığımız “istefa” xəbərləri gəlməyə başladı. Belə görünür ki, 24 saatlıq atəşkəs müddəti əslində Bərzaniyə verilmiş vaxt idi və kürd lideri bu müddət ərzində öz qərarını açıqladı: başlatdığı mübarizədə şəxsən ağ bayraq qaldıraraq, müstəqillik davasını davam etdirib etdirməməyi kürd xalqının ixtiyarına buraxdı.

Bəs, görəsən, Şimali İraq kürdləri liderlərinin bu mesajına nə cavab verəcək?

Yəqin ki, yuxarıdakı sualın cavabı bu gün muxtariyyət parlamentində başlayacaq müzakirələrdən sonra bəlli olacaq. Məsələ burasındadır ki, Bərzani və onun komandası tərəfindən müstəqillik xülyasıyla qızışdırılan və bölgəsəl iradənin mənfəətlərinə əleyhinə, taleyini ABŞ-a, İsrailə bağlayan kürd xalqı artıq bu qərarı özü verəcək durumda deyil. Əsl qərarverici olan ABŞ isə öz sözünü deyib: Kürdlər Yaxın Şərqdə İranın “Şiə hilalı” strategiyasını pozmaq üçün savaşmalıdır. Hansı ki, həmin “Şiə hilalı” İrandan Beyruta qədər uzanaraq, kürdlərdən daha çox, İsraili təhdid edir.

Cəmi 5 milyon əhalisi olan Şimali İraq kürdləri üçün, sözsüz ki, bu yük xeyli ağır gələcək. Üstəlik, kürdlərin müştəqillik uğrunda aparacaqları qeyri-bərabər müharibə təkcə İranın yox, həm də Türkiyənin maraqlarına ziddir və rəsmi Ankara, böyük ehtimalla, Tehranın yanında yer alacaq. Bu isə Şimali İraq kürdlərinin yalnız Bağdadla deyil, həmçinin bütün Yaxın Şərqlə vuruşacağı anlamına gəlir.

Bir sözlə, Bərzaninin quyuya atdığı daşı indi Şimali İraq kürdləri çıxarmaq məcburiyyətindədirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 369          Tarix: 29-10-2017, 08:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma