Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-lı həmkarı Trampla telefonla danışıblar.
Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon söhbətində əsasən Suriya problemi ilə yanaşı Ərdoğanın bu yaxınlarda Soçi şəhərində rusiyalı və iranlı həmkarıyla keçirdiyi görüş müzakirə olunub.
Söhbətin detalları barədə açıqlama verilməsə də hər iki liderin sosial şəbəkə vasitəsilə paylaşdığı mesajlar diqqətləri cəlb edib.
Diplomatik mesaj paylaşımına ABŞ prezidenti Donald Tramp başlayıb. O özünün Twitter səhifəsində ilk əvvəl türkiyəli həmkarıyla danışacağalarını bu ifadələrlə xəbər verib: "Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə miras aldığım Yaxın Şərqə sülh gətirməklə əlaqədar görüşəcəyəm. Hər şeyi həll edəcəyəm, amma Yaxın Şərq problemi 6 trilyon dollar və çox sayda həyat bahasına başa gələn səhvdir. Biz əvvəldən oraya girməməliydik".
Üzərindən bir müddət keçdikdən sonra isə Tramp bu mövzuyla əlaqədar ikinci mesajını paylaşıb. Həmin mesajında Ərdoğanla telefon danışığından sonra Tiger Woods ve Dustin Johnson ile Trump National Golf Klubunde qolf oynayacağını bildirib.
İlk baxışdan heç bir məna ifadə etməyən ikinci mesajdakı “qolf” kəliməsi keçmiş prezident Obamanın Ərdoğanla telefon danışığı ilə bağlı paylaşdığı şəkili yada salır.
Həmin şəkildə sabiq prezident bir əlində telefon, digər əlində isə beyzbol zopası tutmuşdu. Mütəxəssislər beyzbol zopalı mesajla Obamanın öz həmkarını təhdid etdiyini düşünürdülər. Trampın qolf oynayacağını paylaşmasının zərurəti də eyni məntiqlə izah edilə bilər. Nədən ki, qolf da beyzbol kimi zopa ilə oynanılır. Başqa sözlə, Tramp da, deyəsən, Ankaraya “əba altından golf zopası” göstərirdi.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın telefon danışıqlarından sonra Twitter-də paylaşdığı bir şəkil onun da Trampın “qolf zopası” göstərdiyinə inandığını ortaya qoyur. Belə ki, Ərdoğan “Bu gün ABŞ prezidenti hörmətli Donald Trampla səmərəli bir telefon görüşməsi gerçəkləşdirdik” mesajına bir şəkil də əlavə etmişdi. Ərdoğanın telefon qarşısında danışdığını əks etdirən şəkilin tam ortasında Türkiyənin I Dünya müharibəsi zamanı Çanakkala döyüşündə bütün əsgərlərini şəhid verən 57-ci polkunun bayrağı görünürdü.
Görünür, Ərdoğan əba altından zopa göstərənlərə Türk ordusunun qələbə uğrunda son nəfərinə qədər ölməyi bacardığını xatırlatmaq istəyirdi.
Paylaş: