Xəbər lenti

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

DİM-dən APA-ya verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.

 

İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin  internet saytında elan edilib.

 

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçmişdir. 93 namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

 

Ən yüksək nəticə 90 bal olub. 

APA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan imtahan saat 11:00-da başlayıb.

 

Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan veriblər. Saat 14:00-dək davam edən imtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb edilib. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlər üçün zəruri şərait yaradılıb. İmtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin edilib. Binaların girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.

 

İmtahanda iştirak etmək üçün iki minə yaxın namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtahan nəticəsində ümumi balı 60 və daha artıq olan namizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.

 

2016-cı ilin aprelində başlanan və həmin ilin dekabrınadək davam edən vəkilliyə sənəd qəbulu Vəkillər Kollegiyasının qərarına əsasən 2017-ci il dekabrın 11-də bərpa edilib. Bir ay davam edən qəbul nəticəsində sənəd verənlərin sayı iki minə çatıb. İmtahanda iştirak edən ən yaşlı namizəd 77, ən gənci isə 22 yaşında olub. Regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı üzrə 63,4 faiz, respublikanın digər regionları üzrə isə 36,6 faiz təşkil edib. İmtahanda Azərbaycanın əksər regionları təmsil olunub. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək.

 

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin olunub.

 

Ovqat.com xəbər verir ki, Azərbaycanda hakimlər də çox deyil. Məlumata görə, ölkədə cəmi 600 hakim ştatı var. Hakimlik edənlər isə 448 nəfərdir. Bunun 40 Ali Məhkəmədə, 114-ü Apellyasiya məhkəmələrində, 32-si İnzibati-iqtisadi məhkəmələrində, 21 Hərbi məhkəmələrdə, 48 Ağır cinayətlər məhkəmələrində, 227-si isə Rayon (şəhər) məhkəmələrində işləyir. Başqa sözlə desək, 152 hakim yeri boşdur. Bu səbəbdən də bəzən bir hakim eyni anda 6-7 məhkəmə işinə baxmalı olur.

Vəkillərin və hakimlərin azlığı proseslərin aparılmasını xeyli çətinləşdirir, cinayət əməllərinə ədalətli hüquqi qiymət verilməsində problemlər yaradır. Çünki bir hakimin və ya vəkilin eyni anda bu qədər məsələni yadda saxlaması müşküldür.

Hüquqşünasların bildirdiyinə görə, əhalisinə görə bizdən kiçik olan Gürcüstanda belə, hakimlərin və vəkillərin sayı bizimlə müqayisədə xeyli çoxdur. Avropa ölkələriylə isə bu sahədə ümumiyyətlə müqayisəolunmaz vəziyyətdəyik.




Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 28-01-2018, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma