Xəbər lenti

 

Eks-spiker Rəsul Quliyevlə budəfəki söhbətimiz ABŞ Maliyyə Nazirliyinin Rusiya oliqarxlarıyla bağlı hesabatı ətrafında oldu.

Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:

 

“Lavrov xarici səfərlərin birində həbs edilə bilər”

 

-Dünən ABŞ Maliyyə Nazirliyi növbəti siyahı hazırlayıb Konqresin müzakirəsinə verib. Rusiyanın 210 siyasi xadim və oliqarxının adı olan siyahı indiyədək ən geniştərkibli sənədlərdən biri hesab olunur. Sizcə, bu cür sənədlərin Rusiyaya hansı təsirləri ola bilər?

 -Bu sənəd faktiki olaraq dinc zamanda tətbiq edilmiş ən ağır sanksiyadır. Sovet qoşunları 1956-cı ildə Macarıstanı , 1968-də Çexoslovakiyanı, 1979-da Afqanistanı işğal edəndə belə, demək olar ki, bir nəfərdən başqa, başda Baş nazir olmaqla bütün hökumət üzvlərinə  (o cümlədən XİN), qarşı sanksiya tətbiq edilməmişdi. Bundan başqa, Putinə yaxın olanların  və 1 milyarddan artıq pulları olan oliqarxların hamısı sanksiyanın təsiri altına düşür. Hələ ki, bu sanksiyalar elan edilsə də, kəskin və qətiyyətli (məsələn, Şimalı Koreya və İrana tərbiq edilən sanksiyalar səviyəsində) forma almayıb. Rusiyanın ‘’elitasının’’ (yəni xalqın pullarını oğurlayanların) vəsaitləri Qərb ölkələrindədir (İran və Şimalı Koreyadan fərqli olaraq) və onlara qoyulan sanksiyalar nəticəsində bu vəsaitlər dondurula bilər və bu adamların, o cümlədən Baş nazir və XİN-nin Qərb ölkələrinə səfərləri onların həbs olunması ilə nəticələnə bilər.

ABŞ sanksiyaların tətbiqini bir qədər yubadır. Guman edir ki, prezident Putin və onun oliqarxları, nəhayət,  sanksiyaların həm bu şəxslər , həm də ölkə üçün necə fəlakətlər gətirəcəyini başa düşəcəklər. Oliqarxlar Putinə təsir edə biləcəklər. Bu sanksiyaları yumşaltmaq üçün Rusiya ilk növbədə Donbass, Luqanskidən qoşunlarını çıxarmalı, BMT silahlılarının həm bu regionları nəzarətə götürməsinə, həm də sərhəddə nəzarət etməsinə imkan yaratmalıdır. Əks təqdirdə, sanksiya işləməyə başlayacaq. Bu sanksiyalar Rusiyanın müdafiə sənaye kompleksi, neft-qaz sektoruna fəlakətli zərbələr vuracaqdır.

-Səhv etmirəmsə, hesabatda həmin şəxslərin adının indiyədək sanksiyalara məruz qalanlar siyahısına düşmədiyi də vurğulanır. Rus siyasi və iqtisadi elitası sanksiyalar siyahısına düşə bilərmi?

-Rusiyanın bütün siyasi və iqtisadi elitası bu siyahının içərisindədir. Mərkəzi Bankın sədri Elvira Nabibulinadan başqa, hamı siyahıdadır, əlavə hansı siyahıdan söhbət gedir, bilmirəm.

-Siyahıya salınan həmin şəxslər tez-tez xarici səfərlərdə olurlar. Sanksiya tətbiq olunarsa, onlar səfərlərin birində ABŞ tərəfindən həbs edilə bilərmi? Bu baş verərsə, iki dövlət arasında hansı gərginliklər yaranar?

- Bu insanların hər biri, o cümlədən Baş nazir Qərbə istənilən səfərində həbs oluna bilər. Sözsüz, Rusiya ABŞ-a yox, vəzifəlisini həbs edən ölkəyə qarşı aqressiv tədbirlər görə bilər, ancaq bunun hansı səviyyədə nəticəsi olar və Rusiya aqresiyası necə davam edər, demək çox çətindir. Çünki prezident Putin normal insan deyil.

Sanksiyaların qoyulması üçün səbəb olmalıdır

-Azərbaycanın iri məmurları da korrupsiyada iştirak baxımından rus həmkarlarından fərqlənmirlər. Bizimkiləri də eyni aqibət gözləyirmi?

 -Dünyada Azərbaycan kimi korrupsiya və rüşvətin içərisində boğulan 50-dən artıq ölkə var. Hətta  insan haqlarını Azərbaycandan daha amansız pozan ölkələr də mövcuddur. Amma onlara qarşı heç bir sanksiya tətbiq olunmayacaq. Sanksiyaların tətbiqi üçün səbəb olmalıdır. Məsələn, müxalifətə qarşı hökümət odlu silahdan istifadə etsə, mitinqləri və ya piketləri dağıtmaq üçün meydanda 10-larla adamları güllələsə, sanksiyalarla yanaşı, daha kəskin tədbirlər də görə bilərlər.

-Ümumiyyətlə, son zamanlar Azərbaycanda müşahidə olunan səssizlik nə ilə bağlıdır? Axı qabaqdan Prezident seçkiləri gəlir. Niyə heç kim önə çıxıb seçki prosesinə indidən başlamır?

- Müxalifət (daha doğrusu MŞ) 2013-cü ildən başladığı hökuməti legitimləşdirmə proqramını axırıncı mitinqlərlə başa çatdırdı. Bundan istifadə edən hakimiyyət konstitusion diktatura yaratmaq məqsədinə nail oldu. Və Brüsseldə Avropa parlamentində ölkədə demokratiyanın olduğunu ‘’sübuta ‘’ yetirdi. Bununla hər iki tərəf işlərini bitmiş hesab edib dayandılar.

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 355          Tarix: 1-02-2018, 00:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma