Dünən dəm qazından dünyasını dəyişən jurnalist həmkarımız, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimin həm də gözəl bir şair olduğundan, yəqin ki, bir çoxumuz xəbərsizik. Açığını desəm, mən də ötən ilə qədər bunu bilmirdim. Ötən il gəncliyimdə ən çox sevdiyim şeirin müəllifini axtararkən Əyyub Kərim imzasıyla qarşılaşanda xeyli təəccüblənmişdim.
Görünür, rəhmətliyin özünü reklam etməkdən xoşlanmaması bir çoxları kimi bu sətirlərin müəllifinin də Əyyub Kərimin şairliyindən bixəbər olmasına yol açmışdır.
Dəyərli qələm dostumuzun əbədiyyətə qovuşduğu bir zamanda onu öz şeiriylə yad etməyi ən böyük vəfa borcu saydığımdan, gəncliyimdə əzbərləyib indiyədək yaddaşda saxladığım həmin əsəri Ovqat.com oxucularıyla paylaşıram. Qoy, bu, həm də “Ovqat” nekloroq əvəzi olsun. Şeirlər yaşadıqca şairlərin də ölmədiyini nəzərə alsaq, Əyyub Kərimə klassik nekloroqu yaraşdıra bilmədim.
Sənə ədəbi həyat arzulayıram, Əyyub bəy!
Heydər Oğuz
Məni rahat burax, ay ilk məhəbbət!
Məni rahat burax, ay ilk məhəbbət!
Qoyma, gözlərinin yaşına dönüm.
Məni rahat burax, ay ilk məhəbbət,
Məni rahat burax, başına dönüm!
Gəl, götür yaxamdan həsrət əlini,
Məni rahat burax, batma günaha!
Gəl, götür qəlbimdən alov dilini,
Yanmayım, yanmayım nahaq bir daha!
Məni rahat burax ay ilk məhəbbət!
Bir də o günlərə qaytarma məni,
Bir də o günlərə dönməyə dəyməz.
Solub ümidimin, solub çəməni,
O solmuş ümidlər bir də göyərməz,
Məni rahat burax, ay ilk məhəbbət!
Sevincin zəmisi biçilib artıq,
Qəmin zəmisini biçmək çətindi.
Bir içim su kimi içilib artıq,
O hisslər qəlbimdən uzaqdır indi.
Məni rahat burax, ay ilk məhəbbət!
Anam göz önündə elə qocalıb,
Könlünü heç nəylə ala bilmirəm.
Atam oğul toyu gözləyə qalıb,
Sözünü yerə də sala bilmirəm.
Məni rahat burax, ay ilk məhəbbət!
Daha istəmirəm qalıb bu donda
Heç zaman sönməyən közünə dönüm.
Uşaqdım bir qələt eylədim onda,
Bağışla, bağışla, gözünə dönüm!
Məni rahat burax, ay ilk məhəbbət!
ƏYYUB KƏRİM
Paylaş: