Vaxtilə məmləkətimizi işğal edən ərəb xilafətçilərinin zülmündən əziyyət çəkən babalarımız qarşılaşdıqları acınacaqlı durumu atalar sözünə çevirmişdilər – “Ərəb öldü, qan düşdü”.
Ərəb istilası və hegemoniyasının üzərindən 100 illərlə vaxt keçib. Amma deyəsən bu atalar sözü hələ də öz aktuallığını itirməyib. Əvvəllər ölkəmizi ələ keçirən ərəblər bizdən özlərinə misilsiz sayğı tələb edirdilərsə, indi milli hökumətimizin məmurları bizi onların ayağına verirlər.
Hətta indi araya qan düşməsi üçün ərəbin ölməsinə belə, ehtiyac yoxdur. Ərəbin iştirakçısı olduğu bir avtomobil qəzası da Azərbaycan vətəndaşı üçün böyük problemə çevrilə bilər. Hər halda Azərbaycanın milli-azadlıq hərəkatında fəal iştirak etmiş, “DSK Bayram” kimi tanınan Bayram Əhmədlinin başına gələnlər belə düşünməyə əsas verir.
İşsizlik ucbatından taksi sürücülüyü edən Bayram bəyin Ovqat.com-a bildirdiyinə görə, bu yaxınlarda bir ərəb müştərisini öz avtomobiliylə apardığı zaman xoşagəlməz hadisə ilə üzləşir. Sfetofordan keçərkən yol hərəkəti qaydalarını pozan təcili yardım maşını ilə toqquşur və ərəbin qol çanaq sümüyü çatlayır. Yenicə aldığı maşını ciddi şəkildə əzilən Bayram bəyin bu dərdi azmış kimi, bir də ərəbin həyat sığortasını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etməsi vətəndaşımızın əsl baş ağrısına çevrilir. Başqa təbirlə desək, ərəbin qol çanağı Bayram bəyin başında çatlamalı olur.
Maşını cərimə meydançasına aparılan, sürücülük vəsiqəsinə əl qoyulan Bayram bəy uzun xahiş-minnətdən sonra sənədlərini geri ala bilir. Amma bu iltifat da qarşılıqsız olmur. Nərimanov rayon Polis İdarəsində onun qarşısına çox “mühüm” bir öhdəlik də qoyulur: ərəbi tapıb şikayət ərizəsini geri götürtdürməlidir. Əks halda haqqında cinayət işi açıla bilər.
Milyonlarla insanın yaşadığı Bakıda adını belə bilmədiyi ərəbi tapmaq isə samanlıqda iynə axtarmaq qədər müşkülə çevrilir. Polis İdarəsindən ona təsadüfi müştərisinin hazırda harda qalması barədə doğru informasiya verilmir. Bakıdakı bütün otelləri ələk-vələk etsə də, ərəbi tapa bilməyən Bayram Əhmədli indi çarəsiz vəziyyətdə başına gələcəkləri gözləyir.
Qeyd edək ki, Bayram Əhmədli Azərbaycanın müstəqilliyi və torpaqlarımızın erməni hücumlarından qorunması uğrunda döyüşən, bu yolda əlindən gələni əsirgəməyən oğullarımızdandır. Bu mənada müasir Azərbaycanımızın suverenliyinin və dövlət müstəqilliyinin bərqərar olmasında onun da xidmətləri az olmayıb. Fəqət bütün inqilablar öz balalarını yediyi kimi, Bayram Əhmədli də uğrunda vuruşduğu müstəqilliyin ciləsini çəkənlərdəndir. 1993-cü ildən sonra bir qrup döyüşçü dostuyla 12 il həbsə atılmış, 7.5 illik dustaqlıqdan həyatından sonra azadlığa buraxılmışdır. Yaşadığımız cəmiyyətdə siyasi ittihamla həbsdə yatanın iş tapmaq çətinliyi Bayram bəyin qarşısında taksi sürücülüyü ilə ailə dolandırmaq taleyindən başqa seçənək qoymayıb. Taksiçilik təcrübəsi isə, göründüyü kimi, onu müxtəlif problemlərlə, o cümlədən müstəqil ölkəmizdə əcnəbi ayrıcalığı ilə birgə yaşamağa məcbur edir. Nədən ki, ölkəmizdə turizm sektoru inkişaf etdirilir və bu göstəriş çox yuxarılardan gəlib.
Paylaş: