“Kütləvi şəkildə vətəndaşların mobil rabitə balansından oğurluq edən dırnaqarası şirkətlər cəmiyyətdə ciddi qəzəb hissi ilə qarşılanır. Müraciətsiz özbaşna qoşulmalar vətəndaşların pul kisəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bu şirkətlərdən biri də “Novamedia” adı ilə ortaya çıxmış naməlum kiber-oğrudur”.
Auditorlar Palatasının Qanunvericilik və hüquqi məsələlər üzrə Komitənin sədri Elçin Qurbanov Eaudit.az-a açıqlamasında belə deyib.
Komitə sədrinin bildirdiyinə görə, “Novamedia” adlı xidmətin hər gün vətəndaşların balansından oğurladığı vəsait 35 qəpikdir: “Bu məbləğ bir ayda 10.85 ( ona manat , 85 qəpik) manat təşkil edir. Onminlərlə abonentdən oğurlanmış məbləği hesablasaq, bu, yüzminlərlə manat dövriyyə deməkdir. Belə dırnaqarası sahibkarların, vergi ödəyicisi kimi ictimaiyyətə aydın olmayan qeydiyyatında və icazəsində şübhəsiz ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rolu az deyil. Bu, nəzarətsizlik və özbaşnalıqla yanaşı, külli miqdarda vergidən yayınma və sosial müdafiə fondu qarşısında öhdəliklərin icrasından kənarda qalmaq deməkdir. Minlərlə vətəndaşlar oğurlanmış vəsaitlərə görə mobil rabitə operatorluqlarına şikayət etsə də, naməlum şirkətin qeydiyyat ünvanı barədə məlumatsız olduqları qeyd olunur. Həmin şəxslərin VÖEN-i, qeyddiyyat və hər-hansı fəaliyyət ünvanı hər kəs üçün gizlidir.
Hadisə öz başına gəlməsəydi, bu barədə yetərincə məlumat əldə edə bilməyəcəyini vurğulayan Elçin Qurbanov dövlət qurumlarını mobil-dələduzluqla mübarizəyə çağırır:
“Bu qanunsuzluqla ilk növbədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vergilər Nazirliyi ciddi məşğul olmalıdır. Vergilər Nazirliyi bu naməlum hüquqi şəxs barədə ictimaiyyəti məlumatlandırmaq üçün həmin şirkətin dövlət qeydiyyatı, fəaliyyətində qanunvericiliyə əməl etmənin səviyyəsi ( əmək münasibətləri, ticarət dövriyyəsi, ödədiyi vergilər) barədə məlumat verməsi çox əhəmiyyətlidir,o cümlədən şirkətdən vergidən yayınma halları və bu məsələdən irəli gələn xüsusatlar üzrə açıqlama tələb etməli və ümumiyyətlə, bu dırnaqarası şirkətin auditi aparılmalı, kənarlaşmalar müəyyən edilməli və qanunvericiliyə müvafiq qaydada tədbir görülməlidir. Haşiyəyə çıxaraq qeyd etmək istəyirəm ki, oxşar hadisələrin nəticələri belə bir qənaətə gəlməyə əsas verir ki, bir çox MMC-lərin də öz maliyyə hesabatlarını auditor rəyi ilə təsdiq etdirmələri, və hesabatlarını ictimailəşdirilməsi zamanın tələbinə uyğundur. Bu da nəticə etibarilə ictimaiyyətin ölkədə qaranlıq iqtisadiyyat deyilən məfhumun eybəcər fobiyasından qurtularaq yeni şəffaf iqtisadi sistemə inanmasına və prossesləri daim təqib etməsinə şərait yaradar. Yalnız belə olduqda kölgə iqtisadiyyatı və korrupsiya mərəzindən xilas olmaq mümkündür. Əks halda buna bənzər naməlum şəxslərin total hüquq pozuntuları cəzasıq qalır və ictimai narazılığın artmasına öz töhvələrini verir”.
Paylaş: