Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin xanım Moskva vilayətinin mədəniyyət naziri vəzifəsinə təyin olunub. 

Ovqat.com xəbər verir ki, AzPolitika-nın məlumatına görə, uzun müddət jurnalistika və televiziya sahəsində çalışan Nərmin Şirəliyeva bir azərbaycanlı xanım üçün o qədər də tipik olmayan və kifayət qədər maraqlı həyat yolu ilə seçilir.

Oqtay Şirəliyevin üç qızından biri olan Nərmin xanım 1974-cü ildə Bakı şəhərində doğulub. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, artıq 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olan Nərmin xanım, jurnalistikanın kulturologiya istiqamətini seçib. Moskva vilayətinin yeni mədəniyyət naziri ingilis və fransız dillərində sərbəst danışır.

N.Şirəliyeva 1996-cı ildə ali məktəbi bitirəndən sonra “Kultura” qəzetində beynəlxalq icmalçı kimi fəaliyyətə başlayıb. Daha sonra Rusiyanın “Kultura” telekanalında müxbir işləyən Nərmin xanımın son iş yeri “Kultura” telekanalında şef-redaktor vəzifəsi olub. N.Şirəliyeva hətta 2012-ci ildə Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub.

Nərmin Şirəliyevanın şəxsi həyatındakı ən maraqlı məqam isə onun Rusiyada kifayət qədər tanınmış mədəniyyət xadimi ilə ailə həyatı qurmasıdır. Oqtay Şirəliyevin kürəkəni Yevgeni Qinsburq onun qızından 29 yaş böyük olub. 52 yaşlı rejissora ərə gedəndə, N.Şirəliyevanın cəmi 23 yaşı olub. Həm də bu, Y.Qinsburqun ikinci evliliyi imiş və onun artıq birinci evliliyindən 3 qızı varmış. Bu evlilikdən Nərmin xanımın Aleksandr adlı bir oğlu var. Amma məşhur kinorejissorun azərbaycanlı xanımla xoşbəxt evliliyi uzun sürməyib və cəmi 14 il çəkib. 2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində fəal fəaliyyəti ilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəridir.




Ana səhifəyə qayıt        Baxış: 696          Tarix: 27-09-2018, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma