Arzuman Loğmanoğlu,
“Yeni Sözçü” qəzeti
Bu ilin aprelin 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Fərmanın ilk bəndində deyilir: “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin”. Qeyd edək ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilməsini görə Fərmanda məhz 2 avqust 1997-ci ilədək həlak olan, itkin düşən və ya xəsarət alan hərbi qulluqçulardan söhbət gedir.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan etmişdi ki, ilkin informasiyaya görə, 8800 şəxs bu fərmanını icrası altına düşür. Həmin kateqoriyadan olan şəxslərə bu ödəməni həyata keçirmək üçün isə təxminən 95-100 milyon manat vəsait tələb olunduğu da Səlim Müslümovun açıqlamasında öz əksini tapmışdı.
İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümov deyil, Sahil Babayev rəhbərlik edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası da indi Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Qeyd edək ki, dövlət başçısının yuxarıda qeyd olunan Fərmanı respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Çünki şəhid ailələri bu fərmanı çoxdan gözləyirdilər. Ancaq fərmanın icrası ictimaiyyətin rəğbətini narazılığa çevrilməyə başladı. Səbəb: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq yerli qurumları sanki dövlət başçısının fərmanını icra etmək üçün deyil, etməmək üçün yarışa giriblər. Əgər belə gedərsə, Prezidentin Fərmanı ilə 11 min manatlıq birdəfəlik ödəməni çox az sayda şəhid ailəsi və ya statusu ona bərabər tutulan şəxslərin yaxınları ala biləcəklər. Baş verənləri izah etmək isə qeyri mümkündür.
Sahil Babayevin kadrları çox qaba şəkildə şəhid ailələrinin müraciətlərini rədd edir, onları aşağılamağa çalışırlar. Bununla bağlı sosial şəbəkələrdə, müstəqil mediada çoxsaylı məlumatlar yayılıb.
Çox maraqlıdır ki, Prezidentin Fərmanından əvvəl minə yaxın şəhid ailəsi məhkəmələrə müraciət edərək, onlara ödəniləcək sığota ilə bağlı iddia qaldırmışdılar. Məhkəmələr tərəfindən 876 nəfər şəhid ailəsinə 11 min manat sığorta pulu ödənilməsi barədə məhkəmə qərarı verilib. 876 nəfərdən cəmi 42 nəfərə 11 min manat tam şəkildə ödənilib. Bir neçə ailəyə isə 2-3 min manat ödənilib. Digər şəxslərə isə sığorta pulu hələ də ödənilməyib.
İndi belə aydın olur ki, məmurlar müxtəlif bəhanələrlə məhkəmələrin dövlət adından çıxardığı qərarı da, dövlət başçısının Sərəncamını da icra etməmək üçün müxtəlif bəhanələr uydurmaqdan yorulmurlar. Bir neçə ay bu bəhanələrin ən tutarlısını Milli Məclisin deputatı Hadı Rəcəbli şəhid ailələri ilə görüşdə demişdi. Millət vəkilinin təklifi isə belə idi: “Büdcədə pul yoxdur. Ona görə də siqaret və spirtli içkilərin qiymətinin qaldırılması barədə Milli Məclisdə təklif edəcəm, qiymətlər qalxacaq və oradan gələn gəlirlə şəhid ailələrinin sığorta pulu ödəniləcək”.
Hadı Rəcəblinin bu təklifi demək olar ki, reallaşıb. Siqaretin qiyməti bahalaşıb. Görünür, indi də maliyyə naziri Samir Şərifov gözləyir ki, siqaretin bahalaşmasından sonra büdcəyə daxil olan pullar artsın, o da şəhid ailərinə ödəniləcək 11 min manatı Sahil Babayevin sərəncamına versin. Sahil Babayevin işçiləri bu arada sosial gərginliyi artırmaqda davam edəcəklər. Onların kobud rəftarı daha ağır nəticələr doğura bilər. Bütün bunlar isə Sahil Babayevin özünün kimə xidmət etməsi ilə bağlı şübhələr yaradır. Məlum olduğu kimi, dövlət başçısı dəfələrlə bəyan edib ki, kadrları vəzifəyə təyin edəndə onlara xalqa xidmət etməyi tapşırır. Bu fikiri president dəfələrlə səsləndirib. İndi isə belə görünür ki, Sahil Babayev dövlət başçısının bu tapşırığına əməl etmir və bu da onun kimə xidmət etməsi ilə bağlı suallar yaradır. Cəmi altı ay əvvəl nazir təyin edilmiş Sahil Babayevin özü haqqında qısa müddətdə belə rəy yaratması isə acı təəssüf doğurur.
Paylaş: