Bu gün Davosda başlayan Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan lideri İlham Əliyev qurumun prezidenti Borge Brende ilə görüşüb. Görüşdə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə tərəflər əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçiriblər.
“Hürriyyət” xəbər verir ki, bu məlumatı AzətTac yayıb.
Prezidentin Davosda bir sıra önəmli görüşlər keçirəcəyinin planlaşdırılmasına baxmayaraq, bəzi ekspertlər Dünya İqtisadi Forumunun artıq mənasını itirdiyini düşünürlər. Zira sözügedən forumun əsas məqsədi qloballaşma prosesini sürətləndirmək, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmişlər arasındakı münasibətləri tənzimləməkdir. Mütəxəssislərin fikrincə, mahiyyət etibarilə, əslində inkişaf etmiş ölkələrin dünya üzərində hegemonluğunu tənzimləyən bu münasibətlər sistemi son zamanlar əks nəticə verməyə başlayıb. Hər il keçirilən bu toplantılarda dünya iqtisadiyyatına hökm edən nəhənglərin qərarları sayəsində Çin, Hindistan, Rusiya, Braziliya və s. kimi dövlətlər inkişaf mərhələsinə qədəm basıb, bəzi məqamlarda hətta G-7 ölkələrini geridə qoyublar. ABŞ-ın yeni prezidenti Donald Tramp isə “öncə Amerika” şüarı ilə qloballaşma siyasətinə qarşı çıxır və rəqiblərinə qarşı ticarət savaşı aparır. Məhz bu səbəbdən də Davos toplantılarının artıq cazibəsini itirdiyi vurğulanır.
Maraqlıdır ki, dünya iqtisadiyyatında mühüm paya sahib olan ABŞ bu zamana qədər Davos Forumlarında böyük məmnuniyyətlə iştirak etdiyi halda, bu dəfəki toplantıya prezident səviyyəsində qatılmayıb. Düzdür, rəsmi sənədlərə görə, ABŞ-da hökumət böhranı yarandığı üçün Donald Tramp Davosa getməyib. Amma hökumət böhranın yaranması da ABŞ-ın daxili siyasəti ilə bağlı olub. Trampın öz etirafına inansaq, Meksika sərhədlərinə divar çəkmək siyasətinə qarşı çıxan demokratların müxalifliyi ucbatından, o, Davos səfərini təxirə salıb.
"Demokratların sərhəd təhlükəsizliyi məsələsindəki barışmazlığı və vətənimizin təhlükəsizliyinin əhəmiyyəti səbəbiylə Dünya İqtisadi Forumu üçün Davos, İsveçrəyə edəcəyəm çox mühüm səfərimi təxirə salıram. Dünya İqtisadi Forumuna ən səmimi hörmətimi və üzrümü çatdırıram”, - Donald Tramp Twitter səhifəsində Davosa getməməsinin səbəbini açıqlayarkən belə yazıb.
Sözsüz ki, Trampın hökumət böhranında müxalif qüvvələri günahlandırması əsassız göründüyü qədər, bu problemin milli təhlükəsizlik məsələsinə səbəb olacağı barədə fikirləri də məsələni xeyli şişirtməyə bənzəyir. Əgər problem həqiqətən də bu qədər ciddidirsə, ya Tramp ölkəsinin milli maraqları naminə Meksika sərhədlərinə divar çəkmək niyyətindən vaz keçər, ya da demokratlar onunla ümumi dil tapardılar. ABŞ tarixi bu cür nümunələrlə doludur. Ölkə rəsmiləri bu ənənələrə yenidən baş vurmayıblarsa, deməli, Davosda iştirak etməklə bağlı ciddi niyyətləri olmayıb.
Davosdan imtina edən təkcə Tramp da olmayıb. Fransa prezidenti Emmanuel Makron da, İngiltərə Baş naziri Tereza Mey də foruma qatılmayanlar arasındadır. Almaniyanın dəmir ledisi Angela Merkel Davos forumuna qatılsa da, mütəxəssislərin fikrincə, bu iştirak simvolik xarakter daşıyır. Çünki Merkelin siyasi ömrünə çox qalmayıb. 2021-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti seçkilərə qatılmayacağını açıqlayan alman dəmir ledisinin siyasətdən çəkilmə qərarının məcburiyyətdən verdiyi məlumdur. Belə ki, partiyası ötən il Bavyerada keçirilən bələdiyyə seçkilərində cəmi 10% səs toplayan Merkel 13 illik hakimiyyətindən üzüsulu getmək yoluna üstünlük verib. Bununla da, Almaniyanın gələcəyində Merkelin heç bir təsir gücü qalmadığı bildirilir. Kanadanın Baş naziri Castin Trüdonun da iştirak etmədiyi Davos toplantılarına bu il G-7 ölkələrindən yalnız Yaponiya və İtaliyanın qatıldığı xəbər verilir. Bütün bunlar inkişaf etmiş ölkələrin Davos forumlarına artıq barmaqarası baxdıqlarını bir daha təsdiqləyir.
Maraqlıdır ki, inkişaf etməkdə olan ölkələr də artıq bu foruma ciddi yanaşmırlar. Bunu keçirilməkdə olan toplantılara Rusiya, Türkiyə, Hindistan kimi dövlətlərin birinci şəxslərinin qatılmaması da təsdiqləyir. 2017-ci ildə forumda ilk dəfə iştirak edən Çin prezidenti Si Cinpin isə bu il Davosa öz köməkçisini göndərib.
Heydər Oğuz
Paylaş: