Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (WB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Dünya Bankının Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, həmçinin qurumun Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığının yeni perspektiv istiqamətləri müzakirə olunub.
M.Tembon Dünya Bankının Azərbaycanla əməkdaşlığının qurulduğu 25 il ərzində həyata keçirilmiş layihələr zamanı əldə edilmiş nəticələr, qazanılmış təcrübə, göstərilən xidmətlərin önəmini xüsusi olaraq vurğulayıb. Ölkədə dayanıqlı inkişafa nail olunmasında Azərbaycan hökumətinin apardığı strateji iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edən xanım Tembon bu məqsədlə görülən tədbirləri Dünya Bankının dəstəklədiyini qeyd edib. O həmçinin Dünya Bankının Azərbaycanda fəaliyyətinin uğurla davam etdirilməsinə göstərdiyi dəstəyə görə AMB-nin sədrinə təşəkkür edib.
Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkənin DB-nin institutsional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.
Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş: