Xəbər lenti

 

Dünya bazarında neft günə ucuzlaşma ilə başlayıb.

Ovqat.com xəbər verir ki, Brent markalı neftin qiymətləri bu gün 1.50%-dən çox ucuzlaşaraq 63.89 $/bar-ə qədər enib.

Bəs, bu ucuzlaşma nə ilə bağlıdır və daha da dərinləşə bilərmi?

Əməkdaşımıza verdiyi açıqlamada qara qızılın ucuzlaşmasının səbəblərini şərh edən iş adamı Mürvət Həsənlinin  sözlərinə görə, bu düşüşün əslində heç bir real iqtisadi səbəbi yoxdur:

“Bilirsiniz ki, dünya neftinin əhəmiyyətli hissəsinin yerləşdiyi Fars körfəzində gərginlik durmadan artır və hər an arzulanmayan hadisələr baş verir. Digər tərəfdən isə, ABŞ-ın neft ehtiyatları da artıq 3 həftədir aşağı düşür. ABŞ-ın Mərkəzi Bankı – FED isə son 11 ildə ilk dəfə faizləri azalıb. Sadaladığım  bu üç hal əslində neftin ucuzlaşmasının deyil, bahalaşmasının səbəbidir”.

Amma FED sədrinin qərar toplantısından sonra keçirilən mətbuat konfransında bədbin danışmasının qlobal ticarət sahəsində gələcəyə dair xəyal qırıqlığı yaratdığını bildirən həmsöhbətimiz ucuzlaşmanın əsas səbəbinin də məhz bu çıxış olduğunu düşünür:

“Həmin çıxışında Cerome Povell faizlərdə düşüşə getmələrini iki səbəblə əlaqələndirdi: qlobal iqtisadi böyümənin zəifliyi və qlobal istehsalın ABŞ üçün risklər meydana gətirməsi. Povelin bu açıqlamaları yaxın gələcəkdə qlobal iqtisadi böhranın yaşana biləcəyinə işarə idi. Bu risklər istər-istəməz neft istehlakçılarını da qorxudur və qiymətlərə mənfi təsir göstərir”.  

Bununla belə, ucuzlaşmanın müvəqqəti xarakter daşıdığına inanan Mürvət Həsənli fikrini belə əsaslandırdı:

“Psixoloji təsirlər iqtisadiyyatda bəzən əks-nəticələr verə bilər, amma bu, uzun müddət davam etməz. Qısa müddətdən sonra iqtisadi reallıqlar psixoloji təsirlərə qələbə çalar və hər şey öz axarına düşər. Zənnimcə, son ucuzlaşma da bu müvəqqəti dalğalanmanın ilk titrəyişidir. FED-in 11 illik faiz artırma siyasətindən geri çəkilməsi qlobal neft bazarında xəyal qırıqlığını yaratdığından, bu cür dalğalanmaların baş verməsi gözlənilməz deyildi”.

İş adamının fikrincə, FED-in son qərarı təkcə neft bazarında deyil, bütün qlobal ticarət sahəsində bənzər dalğalanmalara yol açıb:

“Artıq qızılın qiymətində də ikinci gündür ki ucuzlaşma baş verir. Halbuki, son aylarda qızıl bahalaşırdı. FED-ın dünən faiz dərəcələrini 2.00 – 2.25% aralığına çəkməsindən sonra istər qızıl, istərsə də neft ticarətində yaşanan bu ucuzlaşma şok effekti ilə izah edilə bilər. Şok effektlərinin ömrü isə uzun olmur”.

Bəs, doğrudan da FED sədrinin işarə etdiyi kimi, yaxın gələcəkdə növbəti qlobal iqtisadi böhran riski varmı?

Mürvət Həsənli bu ehtimalı istisna etməsə də, gözlənilən böhranın əsasən sənaye dövlətlərində yaşanacağını, Azərbaycan kimi neft istehsalçılarına isə ciddi təsirinin olmayacağını düşünür.




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 1-08-2019, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma