“Dünya birjalarında neftin qiymətlərinin aşağı enməsi ABŞ-ın xam neft hasilatının rekord səviyyəyə çıxarmasıyla bağlıdır. Neft bazarında təklifin tələbi üstələməsi bu cür halların yaşanmasına səbəb ola bilər”.
Ovqat.com xəbər verir ki, bunu əməkdaşımızla söhbətində iş adamı Mürvət Həsənli bildirib.
Qeyd edək ki, birjalarda son həftə ərzində neftin qiyməti 9-10 faiz azalıb. Ən ciddi azalma isə dünən müşahidə olunub. Məlumata görə, neft 2 dollar, yəni 3 faizdən artıq ucuzlaşıb. Beləcə, 2016-cı ildən bu yana ən ciddi ucuzlaşma qeydə alınıb.
İxtisasca iqtisadçı olan iş adamı bu ucuzlaşmanı müvəqqəti xarakter daşıyacağına inanır: “Baxmayaraq ki, bəzi mütəxəssislər ilin axırına qədər neft qiymətlərinin 50 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar, açığını desəm, mən bu məsələdə o qədər də pessimist deyiləm. Çünki ucuzlaşma ABŞ-ın yeni quyuları istismara verməsiylə bağlıdır. ABŞ-ın yeni quyuları isə şist neftidir. Şist nefti quyularındakı mənbələr isə tez tükənirlər. Üstəlik, hasilatı baha başa gəldiyindən neftin qiymətlərinin ucuzlaşması şist yataqlarının istismarını rentabelsiz hala gətirir”.
ABŞ-ın bu siyasəti Rusiyada keçirilən seçkilərə mənfi təsir göstərmək üçün həyata keçirdiyinə inanan həmsöhbətimiz seçkidən sonra qiymətlərin yenidən artmasını istisna etmir: “Seçkilərə isə bir aydan da az zaman qalıb”.
Neftin ucuzlaşması daimi xarakter alsa belə, bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcəyini bildirən iş adamı fikirlərini bu cür əsaslandırdı: “2015-2016-cı illərdə yaşanan ucuzlaşmadan sonra Azərbaycan yeni iqtisadi doktrinasını işə saldı. Əslində bu doktrina böhrandan əvvəl də cənab prezident tərəfindən hazırlanmış və həyata keçirilirdi. Böhran sadəcə prosesi daha da sürətləndirdi. Söhbət qeyri-neft sektorunun inkişafı strategiyasından gedir. Hesab edirəm ki, bu strategiya ciddi fundamentlər üzərində oturub. Azərbaycan artıq gözünü neft qiymətlərinə dikən dövlətlərdən deyil. Xüsusilə qida təhlükəsizliyi problemini tamamilə həll edən ölkəmiz, demək olar ki, bütün ehtiyaclarını öz daxili bazarı hesabına ödəyəcək vəziyyətə gəlib. Bundan sonra neft qiymətlərindəki enib-qalxmalar ölkə əhalisinin yaşayış imkanlarına az təsir göstərəcək, ya da ümumiyyətlə heç bir təsir göstərməyəcək”.
Bütün bunları İlham Əliyevin uğurlu siyasəti adlandıran Mürvət Həsənliyə görə, ölkənin sükanı əmin əllərdədir və narahat olmağa dəyməz.
Paylaş: