Hər kəs nəfəsini tutub ABŞ-İran savaşına odaqlanarkən, ABŞ prezidenti Donald Tramp “U” gedişi edib. Ötən gün Ağ evdə keçirdiyi mətbuat konfransında Tramp İranla dialoqa yaşıl işıq yandırıb.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti jurnalistlərin sualına cavab verərək İranda rejim dəyişikliyi həvəsində olmadıqlarını bəyan edib.
Onun fikrincə, İran 2,5 il əvvəlki ölkə deyil və ABŞ ilə anlaşmağı çox arzulayır.
Elədirsə, bu ayın sonunda Nyu-yorkda keçiriləcək BMT Baş Assambleyasının iclası zamanı ABŞ prezidenti iranlı həmkarı Həsən Ruhani ilə görüşə bilərmi?
Trampın bu suala cavabı xeyli konstruktiv olub: "Bilmirəm. Hər şey mümkün. Onlar öz problemlərini həll etmək istəyirlər. Maliyyə baxımından pis vəziyyətdədirlər. Biz bu problemləri 24 saata həll edə bilərik”.
O da maraqlıdır ki, ABŞ prezidenti İran ilə əlaqələrin bərpasında hər hansı ölkənin vasitəçiliyini də istəmir və birbaşa təmas tərəfdarıdır. Fransalı həmkarı Emmanuel Makronun vasitəçilik təşəbbüsünü şərh edən Tramp deyib: “Prezident Makronun təşəbbüsünü təqdir edirəm. Amma biz Makron vasitəsilə deyil, əlaqədar şəxslərlə birbaşa danışmaq istəyirik. İranla anlaşmaq üçün heç kəsə ehtiyacımız yoxdur. Özümüz birbaşa danışa bilərik”.
Paylaş: