Xəbər lenti

  

İran qondarma “Dağlıq Qarabağ Respublikası” komandasının Tehranda keçirilən ermənilərin idman olimpiadasındakı iştirakını təkzib edib.

Qeyd edək ki, bu barədə məlumatı Ovqat.com paylaşmış və daha sonra bir sıra saytlar da bizi təkrarlamışdılar. Bizim bu qənaətə gəlməyimizin səbəbi isə 2016-ci ildə keçirilən 48. Erməni olimpiadasında Dağlıq Qarabağ komandasının “Artsax” adıyla olimpiadalara qoşulması olmuşdu.

 

İddialarla bağlı İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Trend-in məlumatına görə, bu barədə məlumat İranın Azərbaycandakı səfirliyinin bəyanatında əks olunub.

 

Bəyanatda bildirilir ki, İranın Bakıdakı səfirliyi İslam Respublikasının rəsmi idman qurumlarından əldə etdiyi məlumata görə, qondarma respublikanın komandasının olimpiadada iştirak etməsinə heç bir icazə verilməyib.

 

İran səfirliyi qeyd edir ki, bu olimpiadanın heç bir siyasi aspekti yoxdur və ondan siyasi motivlər üçün istifadə etməyə icazə verilməyəcək.

 

İran səfirliyinin bəyanatında qeyd olunur ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk günlərdən və çətin durumlarda həmişə qardaş Azərbaycan xalqı və dövlətinin yanında olub.

 

Bəyanata əsasən, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır və bu siyasətində heç bir dəyişiklik etməyəcəyini qeyd edir: "İran və Azərbaycanın dostluğu əbədidir və qeyri-real xəbərlər, şayiələr iki dost və qardaş dövlətin əlaqələrinə xələl yetirə bilməz".




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 18-09-2019, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma