Xəbər lenti

 

İranın qayaya dırmanma üzrə milli komandasının baş məşqçisi Mehdi Çandehkar Azərbaycanın işğal altındakı Şuşa şəhəri ətrafındakı qayalarda iki dırmanma cığırı salıb. Bu barədə Moderator.az saytı xəbər yayıb.

Separatçı nəşrlərin yaydığı məlumata görə, iranlı idmançı açdığı qırmızı rəngli cığırı ““Artsax”ın sərhədi”, yaşıl rənglini isə “qələbə” adlandırıb. O, erməni gənclərə qayaya dırmanma üzrə dərs keçib, onlara dırmanmanın texnikalarını anladıb, qayaoyma işinin incəliklərini başa salıb. 23 illik təcrübəyə malik M.Çandehkar qayaya dırmanma üzrə İran və dünya çempionudur. 

Bundan əvvəl İran şirkətinin Şuşa məscidini bərpa etdiyi barədə xəbər yayılmışdı. Lakin İran hökuməti Azərbaycandakı etirazları nəzərə alıb hansısa açıqlama ilə çıxış etmədi. Bu da ermənipərəst İran vətəndaşlarına stimul verir.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran vətəndaşı Mehdi Çandehkarın Şuşaya qanunsuz səfəri, orada Ermənistanın işğalçı siyasətinə uyğun hərəkətlər etməsi ilə bağlı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəyə müraciət göndərib.

Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycanla İran arasındakı dost və qardaş münasibətlərə xələl gətirə biləcək hadisə ilə bağlı sizə müraciət edirik. Mətbuatda gedən məlumatlara görə, İranın qayaya dırmanma üzrə milli komandasının baş məşqçisi Mehdi Çandehkar Azərbaycanın işğal altındakı Şuşa şəhərinə qanunsuz səfər edib, Şuşa yaxınlığındakı qayalara dırmaşaraq ermənilər üçün “Artsax həddi” və “Qələbə” deyilən turist cığırları açıb, ermənilərə məşğələ keçib və s. Sizdən bu məlumata aydınlıq gətirilməsini xahiş edirik. Əgər bu hadisə baş veribsə, həmin şəxs ermənilərin sifarişini yerinə yetirib, İranla Azərbaycan arasında rəsmi münasibətlərə zidd addım atıb. Ona görə də erməni siyasətinə xidmət edən bu şəxs dərhal cəzalandırılmalıdır. Müraciətimizə diqqətlə yanaşacağınıza inanırıq və əvvəlcədən təşəkkür edirik”.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamaq istəsək də, bu, mümkün olmadı.




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 5-09-2019, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma