Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.
Bunu Oxu.Az-a Vurğun Əyyubun müalicə həkimi Adil Qeybulla deyib.
Adil Qeybulla mərhumun yaxın dəqiqələrdə vəfat etdiyini qeyd edib.
Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.
Xatırladaq ki, Vurğun Əyyub uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.
1977-1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985-1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib.
15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.
Keçmiş Sovet İttifaqının ərazisində Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək yalnız Azərbaycanda keçirilməsi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir.
Allah rəhmət eləsin!
Paylaş: