Dünən saytımızın Təbrizdəki Beynəlxalq Əl-Mustafa universitetinin tələbələri adından yayımladığı məktuba bu gün bir tələbə etiraz edib.
Ovqat.com əməkdaşı ilə əlaqə saxlayan tələbənin dediyinə görə, həmin məktubdan xəbərləri olmayıb.
Məktubun kim tərəfindən yazıldığını öyrənməyə çalışan tələbəyə bu barədə məlumat verə bilməyəcəyimiz deyilib və adının gizli tutulmasını istəyən mənbənin bu hüququna hörmət etməyin jurnalistikanın borcu olduğu xatırladılıb. Geniş müzakirələrdən sonra məktubdakı bəzi məqamların biz tərəfindən bilinə bilməsinin mümkünsüzlüyünə inandırdığımız tələbədən bəzi önəmli yeni məlumatlar ala bildik.
Həmsöhbətimizin dediyinə görə, dünən saat 17.30 radələrində Biləsuvar sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olan tələbələri dərhal Cəlilabaddakı bir xəstəxanaya gətiriblər. Xəstəxananın adını bilməyən tələbə həmin tibb ocağının “Qızıl Tac” şadlıq evinin qarşısında yerləşdiyini bildirib.
Təbrizdən Cəlilabada qədər 450 km yolu maşında ayaq üstə duraraq gətirildiklərini, hazırda saxlanıldıqları xəstəxanada isə onlara yalnız bu səhər mannı verdiklərini bildirən tələbənin dediyinə görə, əksəriyyəti onu yeməkdən imtina ediblər. “İndi aclıqdan ayaq üstə dayanmağa belə təqatimiz yoxdur”.
Heç bir xəstəlikləri olmadığı halda xəstəxanada bu şəkildə saxlanıldıqlarını anlaya bilməyən tələbə otaqların çox soyuq olduğundan, yerləşdirildikləri palatada suyun gəlmədiyindən şikayətlənib.
Həkimlər də onlara qarşı xoş davranmırlar. Bizə göndərdiyi, amma mənbəmizin təzyiqlərə məruz qalmaması üçün paylaşmaq istəmədiyimiz video-görüntüdə həkimlər həqiqətən də onların üzərinə bağıra-bağıra danışırlar.
Palatadan çölə buraxılmadıqlarını bildirən tələbə xəstəxananın dörd bir tərəfinin polislər tərəfindən əhatəyə alındığını iddia etdi və onların şəkilini çəkərək bizə göndərdi: “Sanki biz təhlükəli bir cinayətkar dəstənin üzvləriyik və zindana həbs olunmuşuq. Bunun insan psixologiyasında yaratdığı narahatçılığı və xəstəxanın şəraitsizliyini görsəniz, təəccüblənərsiniz. Guya, bunlar bizi koronavirusdan qoruyurlar. İnandırım sizi, bir az da bu
dözülməz şəraitdə qalsaq, sağlam olduğumuz halda xəstələnəcəyik və koronavirusundan əziyyət çəkənlər bizim yanımızda toya getməli olacaqlar”.
Tələbəylə söhbətləşdiyimiz əsnada xəstəxanaya bir avtobus dolusu yeni adamların gətirildiyini öyrəndik. Yeni gətirilənlər Qum tələbələri imişlər. Təsəvvür edirsinizmi, koronavirusun İranda əsasən Qumda yayıldığını, Təbrizdən hələ ki belə bir şikayətin gəlmədiyi halda hər iki şəhərdə oxuyan tələbələr Cəlilabadda eyni xəstəxanada saxlanılacaqlar. Bu isə sağlam adamları belə virusa yoluxdurmaq səhlənkarlığıdır.
Ovqat.com
Paylaş: