İrəvan dövlət universitetinin tələbələri bu gün aksiya keçirir.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, tələbələr “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsinə etiraz edirlər.
Yüzlərlə tələbənin iştirak etdiyi aksiyada “Azad tələbə”, “Qoşulun” şüarları səsləndirilir. Tələbələr hər kəsi Müdafiə Nazirliyinin təşəbbüsü ilə parlamentin müzakirəsinə çıxarılan qanun layihəsinə etiraz etməyə çağırır.
Qeyd edək ki, Müdafiə Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsində aspiranturaya daxil olmaq istəyən tələbələrin orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi təklif olunur.
Müdafiə naziri Viqen Sarkisyan parlamentdə qanun layihəsini təqdim edərkən bildirib ki, təkliflər “ədalətin bərpası”na və “xidmət hamı üçün məcburidir” prinsipinə hesablanıb.
Müxalifət isə hesab edir ki, orduda çağırışçı problemi yaranıb və Ermənistan hakimiyyəti ordudakı böhranı gizlədir. Bu təklif də çağırışçı problemini az da olsa həll etməyə hesablanıb. Lakin hər il cəmi 140 tələbənin aspiranturaya görə möhlət hüququ alması nazirliyin təklifinin absurd olduğunu göstərir.
Aksiya keçirən tələbələr təhsil naziri Levon Mxrtçyan və müdafiə naziri Viqen Sarkisyanla görüş tələb edirlər.
Paylaş: