Xəbər lenti

Moderator.az-a Bakı Slavyan Universitetinin bir neçə tələbəsi tərəfindən şikayət dolu məktub ünvanlanıb. Məktubu yazan tələbələr universitet rəhbərliyi tərəfindən onlara qarşı haqsızlıq edildiyini iddia edirlər.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Salam! Biz Bakı Slavyan Universitetinin tələbəsiyik. Bu universitetdə yeni yaradılmış sistemdən, yəni indiki rəhbərlikdən olduqca narazıyıq. Bu tək bir tələbənin deyil, bütün universitet tələbələrinin adından yazılmış məktubdur. Tələbə Universitetə savadlı kadr kimi yetişmək üçün qəbul olur. Təhsil sisteminə nifrət etmək üçün deyil. Amma çox təəssüf ki, Universitet rəhbərliyi bunu başa düşmür. Müəllimlərə xüsusi tapşırıq olunur ki, yüksək bal yazılmasın. Yazılarsa, ya müəllimə töhmət yazılacağı ilə təhdid olunur, ya da yenidən imtahan təşkil olunur. Bəs tələbə necə mübarizə aparıb əlaçı, yaxud zərbəçi olsun? Yaxud qırmızı diplom ala bilsin? Bundan sonra hansısa müəllimin tələbəyə haqlı qiymət verəcəyini düşünmək mümkündürmü? Əlbəttə ki yox! Necəki, biz haqsızlıq yaşayırıq. İmtahandan sonra tələbə narazı olarsa, "operativ qərargah" deyilən münaqişə ocağı fəaliyyət göstərir ki, burada da imtahanı yoxlayan, o fənnə cavabdeh olan müəllim deyil, bütün fənnlərdən universal biliyə malik rektor şəxsən özü "ədalətli" baxış keçirir. Hətta "Yazılan bala qane ol, burada kəsilənlər gəlib ağlayırlar"- deyib tələbəni ədalətli qərargahından qovur. İndi siz qərar verin, hansı tələbə haqqları qorunur?! Və ya bu olanlardan sonra sabah hansı abituriyent bu Universiteti seçəcək? Ola bilər ki, şikayətimizi işıqlandırmayasınız. Rəhbərliyimizdən çəkinəcəksiniz. Amma tələbələrin sizə olan etimadlarını da məhz həmin an itirmiş olacaqsınız. İndi siz qərar verin... Onsuz da biz bu haqsızlığa dözməyəcəyik. Yarıdan çox hissəsi qızlardan ibarət olan BSU-dan bəhs olunur..." 
Sözügedən universitetin tələbələri Moderator.az-a ünvanladıqları məktuba bir müddət öncə BSU-da epilepsiya xəstəsi olan 4-cü kurs tələbəsinin instagramdakı “baki_slavyan_universiteti” səhifəsinə yazdığı şikayət məktubunu da əlavə ediblər: 
““Yenidən imtahanlar ola bilər. Amma ödənişlə olacaq fənnin kreditini ödə keç” deyirlər. Belə şey olarmı? Şəxsən mən bu il imtahanda çox əziyyət çəkmişəm. Mən anayam, mənim övladım var və məni tanıyanlar da bilir ki, mənim epilepsiyam var. Və mən bundan əziyyət çəkirəm. Dilarə deyilən bir “xanım” var. Məni o qədər stresə saldı ki, epilepsiyam tutdu və çox amansızca məni dartışdırırdı ki, heç nəyin yoxdur, yalandan edirsən. Hamı bir-birini çox yaxşı tanıyır. Müəllimlər təkid etsələr də, o öz biliyini edirdi. Belə şey olarmı?! Sistemimiz çox pisləşib, çox…” 
Tələbələr sonda onu da iddia edirlər ki, Universitet rəhbərliyi yüksək bal toplayan tələbələri yenidən imtahan verməyə məcbur edir və bundan sonra kütləvi kəsrlər həyata keçirilir.
Moderator.az olaraq ənənəmizə sadiq qalıb məktubu birtərəfli yayımlamadıq, qarşı tərəfin də mövqeyini öyrəndik. Tələbələrin şikayətini BSU-nun Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin nəzərinə çatdıraraq iddialara münasibət bildirməsini xahiş etdik. 
İbrahim Quliyev məktubda iddia edilən faktlarla razılaşmadı:  “Mən özüm də operativ imtahan qərargahının üzvüyəm. Əksinə, tələbələrin narazı qaldığı hallarda biz özümüz xahiş edirik ki, ərizə yazıb versinlər və ərizələri əsasında şikayətlərinə baxılsın. Tələbə imtahandan çıxandan sonra qiymətindən narazı olduğu halda həmin operativ qərərgaha ərizə ilə müraciət edir. Qərargahın da bir neçə üzvü var və mən də orada üzvəm. Valideynlərdən, hətta tələbələrin özündən də qərargahın üzvləri var. Həmin qərərgahda rektorun iştirakı ilə narazı olan tələbənin ərizəsinə baxılır. Eyni zamanda, imtahanı aparan müəllim və fənni tədris edən müəllimin iştirakı ilə tələbənin yazılı şəkildə verdiyi cavablar yoxlanılır. Yəni, bir nəfərin iştirakı ilə qiymət düzəldilmir, kollegial şəkildə yoxlanıldıqdan sonra qiymət düzəldilir. Elə bir hal da olmur ki, operativ qərargaha müraciət edən tələbənin qiyməti düzəldilməsin. Əksər halda tələbələrin qiymətləri qaldırılır”.
İ.Quliyev onu da vurğulayıb ki, problemi olan istənilən tələbə çəkinmədən ona müraciət edə bilər: “Mən həm operativ qərargahın üzvü, həm də mətbuat xidmətinin rəhbəri kimi həmin tələbəyə kömək etməyə hazıram”. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 413          Tarix: 8-06-2017, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma