Dünən Türkiyənin Naxçıvan MR ilə gömrük keçid məntəqəsində tətbiq etdiyi məhdudiyyətləri ortadan qaldırdığı xəbər verilmişdi.
Xəbər Dövlət Sərhəd Xidmətinə istinadən “Report” tərəfindən yaymışdı.
İddia olunurdu ki, 2 gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə bu məsələ müzakirə edilib və Dilucu gömrük dövlət sərhədində gediş-gəlişlər bərpa olunub.
Ovqat.com-un dünən Türkiyədəki özəl qaynaqlardan əldə etdiyi məlumatlar isə bu iddianı yalanlayırdı.
Biz sadəcə “rəsmi orqanları yalan deməz” məntiqinə əsaslanıb, əldə etdiyimiz məlumatı ictimailəşdirmirdik.
Bu gün isə Türkiyədəki mənbələrdən aldığımız digər rəsmi məlumat qaynağımızın iddialarını təsdiqləyir.
Haqqında bəhs etdiyimiz rəsmi məlumat Türk Hava Yolları tərəfindən yayılıb. Bildirildiyinə görə, Türk Hava Yollarının İdarə Heyətinin sədri İlker Aycı koronavirus səbəbiylə Naxçıvan uçuşlarının dayandırıldığını və Cənubi Koreyada Seul reyslərinin isə azaldığını açıqlayıb.
THY-nın ən yüksək yetkilisinin dilindən səsləndirilən bu informasiya Azərbaycan Gömrük Komitəsinin hansısa səbəbdən ictimaiyyətə yanlış məlumat verildiyini, Türkiyənin nəinki Dilucu gömrük sərhəd-buraxılış məntəqəsində avtonəqliyyat vasitələrinin və vətəndaşların keçidinə qoyulmuş məhdudiyyəti ləğv etmədiyini, əksinə, hava yolları ilə səyahəti də dayandırdığını göstərir. Əks halda, quru yoluyla keçidə heç bir məhdudiyyətin qoyulmadığı halda, hava əlaqəsinin tamamilə dayandırılması qətiyyən məntiqli görünmür.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi dünən yol verdiyi səhvi bu gün Naxçıvan MR Gömrük Komitəsi düzəldib. Muxtar Komitəsinin rəsmi internet saytına istinadən “Nuhçıxan” xəbər verib ki, Türkiyə Respublikası tərəfindən Dilucu gömrük sərhəd-buraxılış məntəqəsində avtonəqliyyat vasitələrinin və vətəndaşların keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlər qismən aradan qaldırılıb: “Fevral ayının 26-dan Naxçıvan Muxtar Respublikasına yük gətirən nəqliyyat vasitələrinin giriş-çıxışı təmin olunur. Lakin xarici dövlətlərə məxsus nəqliyyat vasitələrinin muxtar respublika üzərindən tranzit keçməklə Türkiyə Respublikasına getməsinə icazə verilmir”.
Əldə etdiyimiz məlumatlara görə, qismən giriş-çıxışlar sadəcə nəqliyyat vasitələrinin öz ölkələrinə geri qayıtmasını təmin etmək üçündür. Yəni Naxçıvanın Türkiyədə qalan maşınları Muxtar Respublikaya, Türkiyənin Naxçıvanda qalan nəqliyyat vasitələri isə öz ölkəsinə buraxılır.
İndisə keçək bir ay öncə aldığımız və son zamanlar da təsdiqlənən məlumata.
Bildirildiyinə görə, Türkiyə koronavirus bəhanəsi olmasaydı da Naxçıvanla bütün əlaqələri dayandıracaqdı. Sadəcə, iki dövlət arasında ziddiyyətlərin geniş şəkildə yayılmaması üçün rəsmi Ankara “başqa bir səbəb” axtarırdı. Nəhayət, koronavirus bəhanəsi yarandı və İranda bu virusun yayılması xəbərləri çıxan kimi həmin ölkənin 3 keçid qapısına Dilucunu da əlavə edib Naxçıvana stop qoyuldu.
İddialara görə, Naxçıvanla Türkiyə arasındakı ziddiyyətlərin keçmişi uzun illərə uzanır. Bildirilir ki, Muxtar Respublikadan bu ölkəyə qaçaqmalçılıq yoluyla müxtəlif qadağan olunmuş mallar keçirildiyinə dair Ankaranın əlində ciddi məlumatlar var. Həmin mallara kürd separatçılarına verilmiş dəstək də daxildir. O da iddia olunur ki, bir neçə il əvvəl Sədərək Gömrük Komitəsinin keçmiş sədri, mərhum Məhəmməd Seyidov da məhz bu üzdən Türkiyədə saxlanılıb. Türk əks-kəşfiyyatının onu PKK-ya yardım etdiyinə görə dindirdiyi bildirilir.
Məlumata görə, Türkiyənin İraq və Suriyada keçirdiyi bir çox əməliyyatlarda PKK səngərlərində Naxçıvanda istehsal olunan məhsullar tapılıb. Bu da Türkiyə xüsusi xidmət orqanlarını Muxtar Respublikaya qarşı hərəkətə keçirib.
Üstəlik, İrandan Türkiyəyə idxal olunan narkotik maddələrinin də məhz Muxtar Respublika üzərindən göndərildiyi və bunun Türk əks-kəşfiyyatı tərəfindən ifşa edildiyi xəbər verilir. İddialara görə, Naxçıvanın keçmiş Daxili İşlər naziri Əhməd Əhmədov da bu skandalın ortaya çıxmasından sonra Türkiyənin tələbilə işdən uzaqlaşdırılıb. Bu səbəbdən də Əhməd Əhmədovun Naxçıvandan çıxmasına stop qoyulub. Çünki onun Naxçıvandan ayrılarsa, Türk əks-kəşfiyyatının əlinə keçəcəyindən və bir çox sirrlərin üstünü açacağından ehtiyat edilir.
İddialara görə, Məhəmməd Seyidov da bu sirrin qurbanı olub. O, əvvəl işdən uzaqlaşdırılıb və ötən il intihar etməsində bəzi şübhəli məqamlar var. Türk əks-kəşfiyyatının hər iki rəsminin qurban olduğu qənaətinə gəldiyi bildirilir. İddia olunur ki, Ankara əsl günahkarların azadlıqda gəzdiyinə inanır.
Azərbaycan qarşısında dəfələrlə bu məsələni qaldırması heç bir fayda vermədiyinə görə, Türkiyənin konkret addımlar atmağa qərar verdiyi iddia olunur. Bu addımlardan ilki isə Naxçıvanla bütün ticari və iqtisadi əlaqələri dayandırmaqdır.
Əldə etdiyimiz məlumatlar öz təsdiqini taparsa, Ankaranın daha sərt həmləyə keçəcəyi ehtimal olunur.
Azərbaycanın Qarsdakı Baş konsulunun da bu işlərin içərisində olduğu, zaman-zaman şübhəli rəsmilərlə görüşdüyü, bunun isə Türkiyə tərəfindən ciddi narazılığa yol açdığı xəbər verilir.
Qeyd edək ki, biz Ovqat.com olaraq 2017-ci ildə bu barədə bəzi məlumatları işıqlandırsaq da, heç bir tədbir görülməmişdi. Baş konsulun ürəyini bulandıracaq növbəti xəbər: İğdırdakı Heydər Əliyev parkının arxa üzü sərlövhəli həmin yazımızdan bəzi sətirlər:
“Sən demə, baş konsulumuzun ordakı PKK-nın siyasi qanadı HDP ilə də arası pis deyilmiş. Hər halda 2016-ci ilin axırlarında, konkret olaraq 22.10.2016-cı il tarixində HDP-dən olan millət vəkili Ayhan Bilgenin Nuru Quliyevi ziyarət etməsi də bu yaxınlıqdan xəbər verir...
…həmin görüşdən cəmi 3 ay sonra sözügedən millət vəkili Türkiyə məhkəməsi tərəfindən tutulub həbsə atıldı. Səbəb isə çox ilginc idi:
“Diyarbakır'da savcının itirazı üzerine hakkında tutuklamaya dönük yakalama kararı çıkarılan ve dün yeniden gözaltına alınan Halkların Demokratik Partisi (HDP) Sözcüsü ve Kars Milletvekili Ayhan Bilgen bugün mahkeme tarafından tutuklandı.
Ayhan Bilgen'in avukatı Sebahattin Çoban BBC Türkçe'ye yaptığı açıklamada, Bilgen'in 6-7 Ekim 2014'teki Kobani olayları sırasında HDP tarafından atılan üç Twitter mesajı nedeniyle tutuklandığını söyledi””.
Qaynaq: http://www.bbc.com/turkce/haberler-dunya-38812003
Vəkilin iddiası bu cür olsa da, Ayhan Bilgenin Kobanidəki kürd separatçıları ilə yaxın əlaqələri olduğu bildirilir. Suriyadakı PKK səngərlərindən Naxçıvan istehsalı olan məhsulların çıxması isə Baş konsulla Türkiyə deputatı arasındakı görüşə yeni bir görüntü gətirir. Maraqlıdır ki, Ayhan Bilgen artıq Qarsın Bələdiyyə sədridir. O, bələdiyyə sədri seçildikdən sonra Nuru Quliyev də İstanbuldakı Baş konsulluqdan alınıb Qarsa Baş konsul gətirilib. Bütün bunların isə Naxçıvan MR tərəfindən təşkil edildiyinə dair ciddi şübhələr var.
“Başqa sözlə desək, Ayhan Bilgenin PKK ilə bağlantısı Azərbaycanın Qarsdakı baş konsulu ilə görüşündən 2 il əvvəl bilinirdi və etdiyi əməllər barədə üzərində cinayət işi var idi. Diplomatik nümayəndəliklər bir ölkənin adamlarıyla görüşəndə mütləq bu xüsusu diqqətə almalı və öz fəaliyyətlərinə kölgə sala biləcək addımları atmamalıdırlar. Hörmətli Nuru Quliyev isə nədənsə, bu məqamı diqqətə almamışdı”, -. Baş konsulun ürəyini bulandıracaq növbəti xəbər: İğdırdakı Heydər Əliyev parkının arxa üzü sərlövhəli yazımızda bildirilirdi.
Ötən ay aldığımız məlumata görə isə, Naxçıvanın Türkiyədəki şübhəli əlaqələrinə də məhz Nuru Quliyev nəzarət edirmiş.
Qeyd edək ki, Naxçıvanın bu şübhəli fəaliyyəti zaman-zaman Türk mətbuatında da dərc olunub. 2014-cü ildə İslamazeri.com saytı bu yazılardan birini yayımlayıb. Xəbəri olduğu kimi təqdim edirik:
Türk mətbuatı: Naxçıvan PKK-ya dəstək verir
Türkiyənin "Haberverturkiye" saytı belə bir iddia ilə xəbər paylaşıb. İslamazeri.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Xəbərdə Azərbaycanın muxtar respublikası Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun terror təşkilatı PKK-ya kömək etdiyi iddia olunur. Xəbərə əsasən, Vasif Talıbov Rusiyadan gələn "Kalaşnikov" markalı avtomatları sərhəddən yoxlamadan keçirir. Bundan başqa PKK-nın Qafqaz regionundakı narkotik qaçaqmalçılığına dəhliz təmin etmiş və maddi mənbə ilə təmin olunmasında yardım etmişdir.
Məlumatda həmçinin bu da qeyd edilib ki, Türkiyəyə son zamanlar qaçaqmalçılıqla gətirilən "Cihan" siqareti Vasif Talibova məxsus fabrikdə istehsal edilir. PKK-ya məxsus düşərgələrdə də ən çox istifadə edilən siqaret məhz "Cihan"dır”, - sitatın sonu
Maraqlıdır ki, “Cahan Holding” sahibi Vüqar Abbasov son parlament seçkilərdə “mandatlaşdırılaraq” Naxçıvan Ali Məclisinin “deputatı” vəzifəsinə gətirilib. Ona görə “seçilib” yazmırıq ki, Azərbaycanda, xüsusilə Naxçıvan MR-də deputatlıq bir vəzifədir. Bu vəzifəyə seçilmirlər, təyin olunurlar. Vüqar Abbasovun da deputat təyin olunması da Naxçıvan seçiçilərinin deyil, MR rəhbərliyinin seçimidir və bəlkə də onun toxunulmazlıq gücünü artırmaq ehtiyacından doğub.
Bu iddiaların nə qədər həqiqət olub-olmadığını yaxın günlərdə baş verəcək proseslər müəyyənləşdirəcək.
Ovqat.com
Paylaş: