“İğdırdakı parkla bağlı bəzi KİV-lərdə gedən yazılar həqiqəti əks etdirmir. Materialda yerləşdirilən şəkillər də gerçək deyil. Birmənalı olaraq, bu yazı məqsədli şəkildə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanmış uydurmadır”.
Ovqat.com xəbər verir ki, bu sözləri Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev parkı haqqında bizim saytımızda da dərc olunan bir xəbəri şərh edərkən bildirib.
Cənab baş konsul parkdakı acınacaqlı durum barədə yayılan informasiyanı inkar etməklə qalmayıb, üstəlik, onun dərc edilməsinin “müəmmalı səbəb”lərinə də aydınlıq gətirib:
““Bu cür informasiyaların konkret sifarişçisi məlumdurmu?” sualına isə Nuru Quliyev belə cavab verib: “Bu cür yazıları sifariş edənin də, belə məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayanların da bircə məqsədi var: ürək bulandırmaq””.
Qaynaq: https://azertag.az/xeber/1090468
Xatırladaq ki, bu barədə məlumatı Yenicag.az saytı yaymış, biz də mühüm bildiyimiz bəzi əlavələrlə onu dərc etmişdik. Bizə məxsus əlavələrdə hörmətli baş konsulumuzun mərhum atasının vaxtilə YAP Naxçıvan şəhər təşkilatının sədri və muxtar respublikanın Təhsil naziri olduğunu xatırladılmış və Nuru müəllimin Heydər Əliyevin çörəyiylə böyüdüyü, belə bir insanın sözügedən parka bu cür biganə yanaşmaması gərəkdiyi bildirilmişdi. Görünür, baş konsulun da ürəyini bulandıran bu fikirlər olmuşdur.
Şəkildə: Baş konsul iməclikdə. Qars. 2016
Etiraf edək ki, parkın o günə salınması barədə xəbərə bu cür reaksiya verməyimizin səbəbi hansısa siyasi liderə hörmətli Nuru müəllimdən daha sədaqətli və canıyanan olduğumuzun izharından irəli gəlmirdi. Biz, əlbəttə, Heydər Əliyevin çörəyiylə böyümədiyimizə görə, ona məhəbətdə baş konsulla yarışa bilmərik və belə bir iddiamız da yoxdur. Fəqət istəsək də, istəməsək də, Heydər Əliyev Türkiyədə Azərbaycan adıyla özdəşləşmiş simadır və onun adı ətrafında cərəyan edən hər bir şey Azərbaycana münasibəti əxz etdirir. Hazırda PKK-nın siyasi qanadı kimi tanınan HDP-nin hakim olduğu İğdır bələdiyyəsinin Heydər Əliyev parkına ögey münasibəti də bizi bu səbəbdən qıcıqlandırırdı.
Üstəlik, Qarsdan yenicə qayıtmış bir dostumuzun bizə anlatdıqları da həmin xəbərlə üst-üstə düşürdü. Qarsdakı baş konsulumuzun mövqeyini öyrənmədən yazını dərc etməyimiz də bundan qaynaqlanırdı.
Dostumuzun bildirdiyinə görə, İğdırdakı Heydər Əliyev parkı həqiqətən də xoşagəlməz vəziyyətdədir. Ətrafı bazara çevrilən park kirin-çirkabın içində itib batırmış. Ən acınaqlısı isə budur ki, həmin park Azərbaycandan İğdıra gedən “ayağısürüşkən” qadınların öz müştərisini gözləmək məkanına çevrilib. Bir sözlə, İğdırın “quş bazarı” həmin parkda yerləşirmiş.
Doğrusu, bu sözləri eşidəndə Heydər Əliyev adına parkın HDP-çi İğdır bələdiyyəsi tərəfindən qəsdən o hala gətirildiyi, “bir millət, iki dövlət” cizgisində birləşən Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq niyyəti güdüldüyü barədə fikirlərə qapıldıq. Nədən ki, PKK ünsürlərinin əsl istəyi də məhz bu ola bilərdi.
Dostumuzun digər bir məlumatı isə Heydər Əliyev parkının İğdır bələdiyyəsinin əlində Azərbaycana qarşı şantaj alətinə çevrildiyindən xəbər verirdi. Bildirilirdi ki, İğdır bələdiyyəsi parkın təmiri üçün Azərbaycandan xeyli vəsait tələb edirmiş. Məlumatda vəsaitin miqdarı açıqlanmasa da, onunla nəinki bir parkı, hətta bütün İğdırın yenidən təmir edilə biləcəyi vurğulanırdı. İqtisadi böhran keçirən Azərbaycan isə bu məbləği ödəmək istəmədiyindən parkın qəsdən bu hala salındığı bildirilirdi.
Sözsüz ki, bu məlumatların nə dərəcədə doğru olub-olmadığını bilmək bizim imkanlarımız xaricindədir. Məlumatı dərc etməyimiz başlıca məqsədi də dövlət adamlarımızın diqqətini bu məqama çəkmək və məsələnin araşdırılmasına nail olmaq idi.
Azərbaycanın Qarsdakı baş konsulu hörmətli Nuru Quliyev isə məlumatı təkzib edib və parkdan çəkib göndərdiyi şəkillərlə fikrini əyani şəkildə əsaslandırıb. Baş konsulun xəbərə bu qədər cəld reaksiya verməsi təqdirəlayiqdir və bizim tərəfimizdən də yüksək qiymətləndirilir. Amma təkzib açıqlamasındakı bəzi məqamlar bizdəki informasiyaları da təsdiqləyici mahiyyətdədir. Bəlkə də diplomatın gözündən qaçan cümlələrdən birində eynilə belə deyilir:
“İğdırdakı Heydər Əliyev Parkının ərazisindəki ticarət obyektlərinin icarə müddəti başa çatdıqdan sonra orada da yenidənqurma işləri aparılacaq”.
Göründüyü kimi, cənab diplomat özü də bilmədən İğdırdakı Heydər Əliyev parkının yenidənqurmaya ehtiyacı olduğunu etiraf edib.
Bəs, o zaman cənab diplomat nəyi təkzib etmək istəyir? Ümumiyyətlə, bir diplomat bu cür hadisələrdə eybin üzərini örtməyəmi, yoxsa məsələ qaldırıb problemi həll etməyəmi çalışmalıdır?
Baş konsulun niyə bu cür mövqe tutduğunu araşdırmaq üçün internet üzərində apardığımız kiçik bir “tədqiqat” bəzi şübhəli məqamları ortaya çıxartdı. Sən demə, baş konsulumuzun ordakı PKK-nın siyasi qanadı HDP ilə də arası pis deyilmiş. Hər halda 2016-ci ilin axırlarında, konkret olaraq 22.10.2016-cı il tarixində HDP-dən olan millət vəkili Ayhan Bilgenin Nuru Quliyevi ziyarət etməsi də bu yaxınlıqdan xəbər verir. Həmin görüş barədə A. Bilgenin mətbuat orqanlarına verdiyi açıqlama da xeyli diqqətçəkicidir: ' Sayın Başkonsolusumuza Azerbaycan Milli Günü dolayısıyla iyi dileklerimizin iletilmesi noktasında bir nezaket ziyareti gerçekleştirdik. Sayın GULUYEV de bize nezaket içerisinde bir evsahipliği yapmıştır. Bizler HDP olarak farklılıkların birarada yaşacağına inanan ve bunu savunan bir partiyiz. Ziyarette de kendisi de Azeri olan Eşbaşkanımız Sayın Önder FİDANBOY'unda olması farklılıkların bir arada oluşunun nişanesi şeklinde olmuştur. Biz birilerinin bizi göstermeye çalıştığı imajı red ederek birlikte yaşam ve barışı savunmaya devam edeceğiz.'
Yəqin, bu yerdə hörmətli oxucumuz dodağını büzəcək ki, burda nə var? Milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, A. Bilgen Türkiyə Böyük Millət Məclisinin deputatıdır və hər bir deputat bölgədəki istənilən ölkənin diplomatik nümayəndəsilə görüşə bilər. Biz də bu arqumentlə razılaşırıq. Amma...
Amma həmin görüşdən cəmi 3 ay sonra həmin millət vəkili Türkiyə məhkəməsi tərəfindən tutulub həbsə atıldı. Səbəb isə çox ilginc idi:
“Diyarbakır'da savcının itirazı üzerine hakkında tutuklamaya dönük yakalama kararı çıkarılan ve dün yeniden gözaltına alınan Halkların Demokratik Partisi (HDP) Sözcüsü ve Kars Milletvekili Ayhan Bilgen bugün mahkeme tarafından tutuklandı.
Ayhan Bilgen'in avukatı Sebahattin Çoban BBC Türkçe'ye yaptığı açıklamada, Bilgen'in 6-7 Ekim 2014'teki Kobani olayları sırasında HDP tarafından atılan üç Twitter mesajı nedeniyle tutuklandığını söyledi”.
Qaynaq: http://www.bbc.com/turkce/haberler-dunya-38812003
Başqa sözlə desək, deputat Ayhan Bilgenin PKK ilə bağlantısı Azərbaycanın Qarsdakı baş konsulu ilə görüşündən 2 il əvvəl bilinirdi və etdiyi əməllər barədə üzərində cinayət işi var idi. Diplomatik nümayəndəliklər bir ölkənin adamlarıyla görüşəndə mütləq bu xüsusu diqqətə almalı və öz fəaliyyətlərinə kölgə sala biləcək addımları atmamalıdırlar. Hörmətli Nuru Quliyev isə nədənsə, bu məqamı diqqətə almamışdı.
Nəzərə alsaq ki, Ayhan Bilgen Türkiyənin ən həssas məsələsi-ərazi bütövlüyünə qarşı fəaliyyətdə günahlandırılır, bu cür görüşlərin özü Türkiyə-Azərbaycan əlaqələrinə ciddi zərbə vura bilər. Öz fəaliyyətində belə həssas məqamları gözləməyən baş konsulun hansısa saytları iki dövlət arasında ixtilaf yaratmağa cəhddə günahlandırması qətiyyən xoş təəssürat yaratmır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: