İranın demoqrafik artım statistikasına görə, hər il bu ölkədə təxminən 276 min nəfər adam ölür. Həmin illik rəqəmi günə bölsək, (276000 / 366 = ) gündəlik ölüm sayı ortalama 754 nəfərə bərabər olar.
Ötən gün İranda koronavirusdan ölənlərin sayı isə rəsmi açıqlamalara əsasən, 50 nəfərə yaxınlaşıb. Bu da ümumi ölüm sayının 1 / 16 hissəsi deməkdir. Üstəlik, bu, hələ rəsmi statistikadır. Qeyri-rəsmi statistika isə daha qorxuncdur.
Hər gün İranda koronavirusdan nə qədər adamın dünyayla vidalaşdığı tam bilinmədiyindən biz də hansısa qeyri-rəsmi iddialara əsaslanıb könül bulandırmaq istəmirik. Zatən buna ehtiyac da yoxdur. Rəsmi statistikaya inansaq belə, İranda son zamanlar Əzrailin 1/16 ortağı ortaya çıxıb. Bu ortağın adı koronavirusdur.
***
İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 49 nəfər ölüb.
Ovqat.com xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur mətbuata açıqlamasında bildirib.
Cahanpurun sözlərinə görə, İranda koronavirus peyda olandan indiyədək 194 nəfər dünyasını dəyişib. Nəzərə alsaq ki, bu virusun yayılması xəbəri İranda keçirilən parlament seçkiləri ilə eyni gündə - fevralın 21-də rəsmən açıqlandı, o vaxtdan indiyədək hardasa 15 gün keçib. Son 14 gün ərzində 145, bir gündə isə 49 nəfərin həyatını itirməsi ölkədə getdikcə koronavirusun öz şiddətini artırmasına dəlalət edir.
Son sutka ərzində koronavirusa yoluxma hallarında da ciddi artım var. Dünən 743 nəfərin bu virusa yoluxduğunun təsbit edildiyi və ümumilikdə isə yoluxanların sayının 6 566 nəfərə çatdığı xəbər verilir.
İrandan sevindirici xəbərlər də gəlməkdədir. Bildirildiyinə görə, korona-Əzrailin caynağından yaxa qurtaranların sayı 2 134 nәfәrə yüksəlib.
Bunlar, təbii ki, rəsmi rəqəmlərdir. Qeyri-rəsmi dairələr isə yoluxma və ölüm hallarının qat-qat yüksək olduğunu iddia edir. İddialara görə, koronavirus testlərinin cavabları tədricən müəyyənləşdiyindən reallıqda bu bəlaya yoluxanların sayının rəsmi açıqlamalardan daha artıqdır və bu, get-gedə ortaya çıxır. Dünən digər günlərdən qat-qat artıq insanda ölüm və yoluxma hallarının təsbit olunması da bunu göstərir. O da iddia olunur ki, İran rəsmiləri böhran idarəetməsi qaydalarına əsasən itkiləri tədricən artıraraq açıqlayırlar.
Maraqlıdır ki, rəsmilərin real faktları azaltdıqlarına dair iddiaları təsdiqləyənlərdən biri də İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil nazirinin xüsusi nümayəndəsi Məhəmmədhüseyn Qurbanidir. Onun bildirdiyinə görə, təkcə Gilan əyalətində koronavirusdan ölənlərin sayının 200-dən çoxdur. Parlamentə Gilandan seçilmiş deputat Cəfərzadə Əminabadi isə KİV-ə bildirib ki, əyalətdə vəziyyət böhran vəziyyətindədir: “Tibb personallarının 50 faizdən çoxu koronavirusuna yoluxub, tibbi maska və digər ləvazimatlar çatışmır”.
Videoda: Rəşt şəhəri, Rəsul Əkbər Xəstəxanısının önü
Gilanın Azərbaycan sərhəddində yerləşməsi, vilayətə bağlı Astara şəhərinin də karantinə alınması Əzrailin ortağının bizim də qapımızı döydüyünü göstərir.
Videoda: Ölənləri gecə dəfn edirlər
Paylaş: