Xəbər lenti
Dünən, 19:25

  

İranın Səhiyyə nazirinin müavini Rza Məlikzadə koronavirusun ABŞ tərəfindən həyata keçirilmiş bioloji müharibə ehtimalı ilə əlaqədar ölkənin ali dini rəhbəri Əli Xameneinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Rza Məlikzadə televiziyada bildirib ki, Səhiyyə Nazirliyinin proqnozları virusun təbii olaraq meydana gəlib inkişaf etdiyini göstərir: “ABŞ-ın özünün koronavirusdan çox böyük zərər görəcəyini nəzərə alsaq, bu ölkənin virus ixrac etməklə bioloji müharibə həyata keçirməsi mümkün deyil. Aparılan araşdırmalar göstərir ki, sözügedən epidemiyanın ölkəni cənginə almasının əsas səbəbinin rəsmilərin Çinlə gediş-gəliş uçuşlarını vaxtında dayandırmamasıdır”.

 

Biz dəfələrlə bu məsələni dövlətin iclaslarında qaldırdıqlarını xatırladan Nazirlik yetkilsi nədənsə uçuşların dayandırılmadığını vurğulayıb: Ticari əlaqələr, eləcə də Çində olan çoxlu sayda iranlılar və tələbələri gətirmək üçün həyata keçirilən uçuşlar virusun ölkədə yayılmasına səbəb oldu. Bundan savayı, epidemiyanın ölkədə yayılmasının rəsmən elan edilməsindən öncə bəzi bölgələrdə, xüsusilə Qumda tənəffüs problemləri simptomları ilə xəstəxanalara üz tutan xəstələr var idi. Lakin biz onları qrip adı ilə müalicə edirdik. Virusun ölkədə yayılmasının gec olaraq bəyan edilməsi səbəbindən həmin xəstələrin koronavirusa yoluxmuş xəstələr kimi müalicə edilməməsinə, bu isə öz növbəsində epidemiyanın sürətlə ölkəni cənginə almasına səbəb olub”.

 

Qeyd edək ki, Əli Xamenei martın 12-də Silahlı Qüvvələr tərəfindən koronavirusla mübarizə üçün qərargah yaradılmasına göstəriş verərək, virusun meydana gəlməsinin "İrana qarşı həyata keçirilmiş bioloji müharibə" olma ehtimalını irəli sürmüşdü. Əli Xamenei Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmmədhüseyn Bağıriyə ünvanladığı məktubda da koronavirusun yayılma səbəbini İrana qarşı həyata keçirilmiş "bioloji hücum" ehtimalı ilə əlaqələndirmişdi. Ali rəhbər bildirmişdi ki, epidemiya "bioloji hücum"un məhsuludur. Əli Xamenei buna dair əllərində "sübutlar"ın olduğunu bildirsə də, maraqlıdır ki, həmin sübutların detalları ilə bağlı heç bir söz deməmiş, "İrana qarşı həyata keçirilmiş bioloji hücum"un niyə İtaliya və Çində bu qədər yayılmasına və çoxlu sayda insan tələfatına səbəb olmasına aydınlıq gətirməmişdi.

 

Məlumatlara görə, koronavirus təhlükəsi ilə əlaqədar İranda yaradılan qərargahın ilk iclası martın 13-də keçirilib. İclasdan sonra jurnalistlərə açıqlama verən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, 10 gün müddətində bütün əhali tibbi müayinədən keçiriləcək və şübhəli şəxslər nəzarət altına alınacaq, bunun üçün 1000 tibbi mərkəz yaradılacaq: “Koronavirus daşıyıcıları və virus şübhəliləri müəyyən edilməlidir. Bundan əlavə, 10 gün ərzində bütün iranlıları tibbi müayinədən keçirəcəyik. Bütün bazarlar, ticarət mərkəzləri, prospektlər və küçələrin Daxili İşlər Nazirliyi və qubernatorluqlarla polis qüvvələri tərəfindən koordinasiya edilərək, boşaldılacaq və bu işlər 24 saat ərzində tamamlanacaq. Əhalini Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırırıq”.

 

Maraqlıdır ki, İranın Səhiyyə nazirinin müavini ilə yanaşı, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da Əli Xameneinin Vaşinqtonu "bioloji hucümda" ittiham etməsinə cavab verib. Mayk Pompeo "Twitter"də yazdığı statusda Ali rəhbəri İran xalqını aldatmağa son verməyə çağırıb. "Xameneinin bildiyi kimi, bioloji müdafiənin ən gözəl yolu İran xalqına Vuhan virusunun Çindən İrana necə yayılması barədə həqiqəti deməkdir. Halbuki o, Mahan Air şirkətinin Çinə gediş-gəliş uçuşların dayandırmadı və əvəzində buna qaşı çıxanları da həbs etdirməklə susdurdu" - deyə Pompeo qeyd edib.

 

Xarici və daxili qüvvələrin tənqidinə məruz qalan İranda koronavirus fəlakəti gerdikcə şiddətini artırır. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ötən gün  mediaya açıqlamasına bildirib ki, Ötən bir sutka ərzində İranda daha 113 nəfər koronavirusdan ölüb. Onun sözlərinə görə, son bir sutka ərzində ölkədə daha 1209 nəfərin koronavirusa (“Covid-19”) yoluxduğu aşkar edilib. Bununla da bu günə qədər virusdan ölənlərin sayı 724 nəfərə, xəstəliyə yoluxanların sayı isə 13 min 938 nəfərə yüksəlib.




Ana səhifəyə qayıt        Baxış: 4 835          Tarix: 16-03-2020, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma