İstanbul hava limanında çarəsiz qalan azərbaycanlı tələbələrin üsyanı davam edir.
Ovqat.com-la əlaqə saxlayan tələbələrdən biri neçə gündür hava limanında gecələməklərinə baxmayaraq, AZAL-ın nümayəndəsini tapa bilmədiklərini bildirib.
İzmirdə təhsil alan tələbə yaşadığı yataqxanaya da qayıda bilmir. Çarəsiz AZAL-ın onlar üçün təyyarə göndərəcəyi anı gözləyir.
Adının açıqlanmasını istəməyən tələbənin dediyinə görə, hazırda hava limanında hazırda onun kimi 300 tələbə var. Sabaha qədər isə onların sayının 1000-ə çatacağı gözlənilir. Çünki Azərbaycana qayıtmaq üçün 1000-dən artıq tələbənin İstanbuldakı Baş Konsulluğumuza müraciət etdiyi bildirilir.
Baş Konsulluğun adını bilmədiyi nümayəndəsinin dünən hava limanına gəldiyini deyən tələbə onunla mübahisələrinin videosunu da çəkib. Videoda Azərbaycana göndərilməsini tələb edən bir qız gözlədiyi cavabı ala bilmir və diplomata kəskin etirazını bildirir.
Tələbələrin haqlı irad və etirazlarına duruş gətirə bilməyən diplomatın daha sonra aradan çıxdığı (İstanbuldakı Baş Konsulluğumuzun “Koroğlu igidliyi” prinsiplərini mənimsədiyini ötən yazılarımızda da qeyd etmişdik - Baş konsulun Koroğluluğu: İstanbulda Azərbaycanlı tələbələr üsyana qalxdı - Videolar) xəbər verilir. Etirazçıları ən çox qıcıqlandıran da budur. Onlar İstanbul küçələrində niyə çarəsiz buraxıldıqlarını heç cür başa düşə bilmirlər.
“Axı ölkə başçısı İlham Əliyev AZAL-a xüsusi göstəriş verib ki, bizi təcili olaraq Azərbaycana qaytarsınlar. Bəs AZAL yetkililəri cənab prezidentin sözünü niyə yerinə yetirmirlər? Bəs Baş Konsulluğumuz niyə ölkə rəhbərliyinə bizim çarəsiz vəziyyətdə qaldığımızı çatdırmır?” - tələbələr bu suala cavab tapmaq istəyirlər. Doğrusu, onların bu sualına biz də cavab verməkdə çətinlik çəkdik və saytımız vasitəsilə səslərini müvafiq dövlət qurumlarına çatdıracağımıza söz verdik. Bəlkə tələbələrə siz cavab verəsiniz, Cənablar!
Aralarında xanım tələbələrin də olduğu bu insanlar hara sığınacaqlarına qərar verməkdə çəkinlik çəkirlər.
Tələbənin bizə göndərdiyi digər videolarda Baş Konsulluq işçisinin onları İstanbul hava limanında çarəsiz buraxıb getdikdən sonra başlatdıqları etiraz aksiyası əks olunub. Etirazçılar Türkiyə polisinin və hava limanı təhlükəsizlik xidmətinin onlara müdaxilə etmədiklərini də xüsusilə vurğulayıb bu anlayışlı davranışa görə minnətdarlıqlarını bildirdilər.
Paylaş: