Koronavirus epidemiyası İranda tuğyan edəndə Azərbaycan bu ölkəylə quru sərhədlərini bağlayanda belə, AZAL uçuşları dayandırmamış və bu da ciddi etirazlara səbəb olmuşdu. Dəfələrlə bu barədə kəskin yazılarımızdan sonra, görünür, hakimiyyətin yüksək məqamlarında əyləşənlər AZAL rəhbəri Cahangir Əsgərova vəziyyətin vəhamətini başa salmış, o da nəhayət uçuşları dayandırmışdı.
Qəribədir ki, koronavirusunun tuğyan etdiyi məkanlara gediş-gəliş səfərlərindən çəkinməyən AZAL bu gün dünyanın bir çox ölkələrindən vətənə qayıtmaq istəyən tələbələrimizə eyni diqqəti göstərmək istəmir. Xüsusilə Türkiyədə təhsil alan tələbələr günlərlə hava limanında AZAL-ın təyyarələrini gözləyə-gözləyə qalıblar. Cahangir Əsgərovun isə tükü belə tərpənmir.
Dünən azərbaycanlı tələbələrin İstanbul hava limanında bu diqqətsizliyə üsyanı başlayıb. Tələbələr əvvəl oturaq mitinq keçiriblər. Daha sonra isə aksiya yürüş şəkilində davam edib və etirazçılar “Yük deyilik, vətəndaşıq”, “Azərbaycan” şüarları səsləndiriblər.
Şəkildə: Tələbələrin imdad çağırışı
Maraqlıdır ki, bir neçə gün əvvəl vətəndaşlarımızın qarşısına çıxıb onlara təsəlli verməyə çalışan İstanbuldakı Baş konsulumuz Məsim Hacıyev bu səfər gözə dəyməyib. Görünür, cənab Baş konsul Koroğlunun məşhur “igidlik ondur, doqquzu qaçmaq, biri isə ümumiyyətlə gözə görünməmək” nəsihətindən lazımi nəticələr çıxarıb. Keçən dəfə qaçmaq istəyəndə yaxasını ələ verən Məsim müəllim indi igidliyin ən son manevrini - “gözə görünməmək” prinsipini əldə rəhbər tutub.
Azərbaycanlı tələbələrin İstanbul aksiyasından görüntüləri təqdim edirik:
Paylaş: