Xəbər lenti
 

Bu gün sosial şəbəkələrdə Şimali İraq türkmənlərinə məxsus Türkməneli telekanalının bir xəbəri paylaşılıb. 
Ovqat.com xəbər verir ki, video-materialda Təbriz ostanlığının Culfa imam-cüməsi Höcəttülislam Salar Səncərinin ölkədə Azərbaycan dilində təhsil məsələsinə baxışları öz əksini tapıb.
Dini liderin Culfa şəhəri üzrə rəsmi nümayəndəsi də olan Salar Səncəri ölkə rəsmilərinə səslənərək, xatırladıb ki, Ayətullah Xamanei də əslində orta məktəblərdə yerli dillərdə təhsili dəstəkləyir və siz kimsiniz ki, buna qarşı çıxırsınız. Onun sözlərinə görə, İran türk gənclərinin qanıyla yoğrularaq İran olub və bu ölkəni vətənləşdirən həmin oğullar qeyrəti, döyüş əzmini, vətənpərvərliyi öz analarının dilindən öyrəniblər. Türk dilində aldıqları tərbiyə yetişiblər. İndi bu insanların dilinə barmaqarası baxmaq hansı əxlaqa, dövlətçilik prinsiplərinə sığar?
İmam cümə həmçinin onu da qeyd edib ki, İranın orta məktəblərində necə olur ki, bu ölkəyə dəxli olmayan millətlərin dili öyrədilir, amma tarixən həmin ərazilərdə yaşayanlara öz dilində oxuyub yazmaq hüququ verilmir?



Xatırladaq ki, İran məktəblərində fars diliylə yanaşı ərəb və ingiliscə də öyrədilir. İmam cümə, görünür, “İrana yad dil” deyəndə ingiliscəni nəzərdə tutur. Çünki ölkənin cənub-qərbində az da olsa ərəbdilli əhali yaşayır və onlar da İranın yerli etnikləri hesab olunurlar.
Açığı, Ayətullah Xamaneinin türk dilində təhsili dəstəkləyib-dəstəkləmədiyi barədə hər hansı məlumata sahib deyilik. Amma İran Konstitusiyası milli azlıqlara və etnik qruplara öz dilində təhsil hüququ verir və indiki rejimin qurulduğu ilk illərdə türkdilli məktəblərin yaradılması istiqamətində müəyyən addımlar atılmağa başlanmış, ən azı bu yöndə vədlər verilmişdi. Daha sonra İraq-İran müharibəsinin başlaması yeni qurulan rejimin bütün islahatları dayandırması üçün bəhanəyə çevrildi və milli məktəblər məsələsi də unuduldu. Görünür, Salar Səncəri “bu ölkə türk gənclərinin qanıyla yoğrulub” deyərkən məhz bu hadisəyə eyham vurur.
 

 
Doğrusu, Salar Səncərinin bu gün yayılan xütbəsi bizə tanış gəldiyindən youtubedə onun axtarışına başladıq və axtardığımızı tapdıq. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, həmin çıxış yeni deyil və imam cümə sözügedən fikirlərini hardasa 2 il əvvəl - 2018-ci ilin İyul ayının 14-də səsləndirib. Bu o zaman idi ki, İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə başqa dillərdə dərs keçməyin qadağan olduğunu vurğulayaraq farsca tədris məsələsini “sistemin qırmızı xətti” adlandırmışdı.



O, İsfahanda keçirdiyi iclasda çıxış edərkən demişdi:
Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də mütləq məktəblərdə öyrənməlidilər”.
Bir sözlə, Məhəmməd Bəthayi həzrətlərinin məntiqindən belə çıxmışdı ki, ABŞ və ya İngiltərə vətəndaşları da ingiliscəni öz evlərində öyrəndikləri üçün məktəblərdə təhsili Afrika cəngəlliklərində məskunlaşan yarımçılpaq ibtidai insanların dilində öyrənsələr yaxşıdır. Bəs bu mütərəqqi addımın Tehrandakı farsdilli ailələrdə yetişən uşaqlara niyə şamil olunmadığına isə Təhsil naziri, nə yazıq ki, aydınlıq gətirməmişdi.

 
 
Culfa imam cüməsinin bu üsyanı da Təhsil nazirin qeyri-adi məntiqinə etirazdan doğmuşdu. 
Yeri gəlmişkən, Ərdəbil imam cüməsi Ayətullah Həsən Amilini də bu yerdə zikr etmədən keçmək böyük haqsızlıq olardı. Dini liderin Ərdəbil üzrə nümayəndəsi Amili həzrətləri də İranın Təhsil nazirinin payını vermişdi. O, həmin həftənin cümə xütbəsini Məhəmməd Bəthayinin məntiqsiz iddialarını çürütməyə həsr edərək demişdi:



Allah öz nişanələrini sıralayanda dilləri də ilahi nişanələr kimi təqdim edib. Hər kəs dillərin necə formalaşmasına diqqət yetiribsə, o adam nəhayət Allaha çatıb. Allahın müdaxiləsi olmasaydı dillərin formalaşması, həmçinin onların çeşitliliyi mümkün olmazdı. Allahın nişanələrinə hörmət edib, onları qoruyub saxlamaq bizim hamımızın borcudur. Yerli dillər və bütün ana dilləri insanın məqsədini anlatmaq və duyğularını çatdırmaqdan əlavə həm də ilahi nişanə olduqları üçün xüsusi əhəmiyyət kəsb edirlər. Ona görə də onlara qarşı çıxanlar, əslində Allaha qarşı çıxmış olurlar”.
Etiraf edək ki, Ayətullah Amili həzrətlərinin bu fikirləri yazı müəllifinin də mövqeyi ilə tam üst-üstə düşür. Aşağıda təqdim etdiyimiz misralar Ayətullah Amilinin xütbədə dilə gətirdiyi fikirlərin sanki nəzmə çəkilmiş formasıdır. Baxmayaraq ki, həmin xütbədən illərlə öncə qələmə alınmışdır:
“Tanrı əlvan yaradıb aləmi, öz təqdiridir.
Hər yemin öz dadı, hər bir quşun öz nəğməsi var.
Türkçəmin varlığı suçdursa, kimin təqsiridir?
Bəli, əlbəttə, bu məntiqdə günah nöqtəsi var.
 
Haqqa meydan oxuyan məntiqə sığmaz sözə  bax!
Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!”


Ana səhifəyə qayıt        Baxış: 3 713          Tarix: 13-04-2020, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma