Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Şimali Koreya diktatoru Kim Çen İnin sağlıq durumu hələ də qeyri-müəyyənliyini qorusa da, ölkədə və yaxın ətrafında baş verən bir çox hadisələr 38 yaşlı gənc liderin ya ölüm döşəyində olduğunu, ya da artıq dünyasını dəyişdiyini göstərir. Bir çoxları neçə gündür diktator barədə heç bir rəsmi informasiyanın verilməməsini əsas gətirib onun ölüm versiyasını istisna etsələr də, zənnimizcə, bu, yetərli dəlil deyil və Şimali Koreya siyasi ənənələrini o qədər də yaxşı bilməməkdən qaynaqlanır.
Məsələ burasındadır ki, Şimali Koreyada diktatorun ölümünü dərhal açıqlamaq kimi bir ənənə yoxdur. İstər Kim xanədanının qurucusu Kim İr Senin, istərsə də onun oğlu Kim Çen İrin ölümü dərhal elan olunmamış, günlərlə yubadıldıqdan sonra xalqa duyurulmuşdu. Çox da uzaq olmayan tarixdə - 2011-ci ilin dekabr ayında dünyasını dəyişən hələlik bir öncəki xanədan lideri Kim Çen İrin ölümündən sonra yaşananlar bunun ən bariz sübutudur. Məlumata görə, 70 yaşında həyatla vidalaşan diktatorun ölümü ən azı 2 gün sonra gizli tutulmuş, rəsmi bəyandan 10 gün sonra isə dəfn mərasimi keçirilmişdi.
Nəzərə alsaq ki, baba və ata Kimlərdən fərqli olaraq nəvə Kim 38 yaşında gənc bir insandır, onun möhtəməl ölümü liderlərinə Allah kimi baxmağa məcbur edilən Şimali Koreya xalqı üçün daha acınacaqlı xəbər olaraq görülməli, dolayısıyla daha gec açıqlanmalı, bu müddət ərzində dəfnə hazırlıq işləri görülməli və o, xanədanlığın adına layiq şəkildə yola salınmalıdır.
Kim Çen İnin ölümü təsdiqlənərsə, onun necə təntənəli surətdə ədəbiyyət yolçuluğuna uğurlanacağını təsəvvür etmək çətin deyil və bunu indidən görə bilmək üçün ata Kimin dəfn mərasiminin video-görüntülərinə baxmaq kifayətdir.
Videolardan da göründüyü kimi, Pxenyan növbəti dəfə bu möhtəşəm yas mərasiminə hazırlanmalı, Şimali Koreya xanımlarının özlərini dəfn sırasında həlak etmələri, kişilərinin hönkür-hönkür ağlamaları üçün enerji toplamasına və bunların uğurlu təşkilinə ehtiyac var. Əbəttə ki, bu ehtiyac istər-istəməz zaman tələb edir.
Bəs, Koreya xalqının son 75 ildə 2 dəfə özünü həlak etməsinə, 3 dəfə isə buna hazırlanmasına səbəb olan Kim xanədanına bu əsrarəngiz sayqı hardan qaynaqlanır?
Zənnimizcə, bu suala cavab vermək üçün müasir dünyanın ən uzunömürlü xanədanlığının tarixinə göz ucu nəzər salmaq kifayətdir.
Bundan əvvəl isə onu vurğulamaq yerinə düşərdi ki, bizdə təqvim 2020-ci ili göstərdiyi halda, Şimali Koreya xalqı cəmi 12 gün əvvəl 108-ci ilə qədəm qoydu. Bunun səbəbi xanədanlığın qurucusu Kim İr Senin 1912-ci ilin 15 aprelində doğulmasıdır. Başqa sözlə desək, Şimali Koreya xalqı üçün bizim era öz müqəddəs liderlərinin anadan olduğu tarixdən başlayır və Yeni il bayrağımı da məhz bu “müqəddəs doğum günü”ndə qeyd edilir. Məsələyə bu aspektdən yanaşanda möhtəməl ölüm elanının bir neçə gün geçikməsinin bir başqa səbəbi də ortaya çıxır: oğul Kimin ölümünün Yeni il bayramı ərəfəsinə düşməsi “böyük eyib” olardı və dövlətin rəsmi bayramına kölgə salmamaq üçün süni şəkildə olsa belə, bir qədər irəli çəkilməliydi. Görünən budur ki, rəsmi Pxenyan da nəvə Kimin 38 illik həyatında yol verdiyi “yeganə və son səhvini” düzəltməyə çalışır.
İndisə keçək dünyada bənzərinə rast gəlinməyən (bizdəki bəzi xanlıqlarda buna uğursuz cəhdlər edilsə belə) Kim xanədanlığının liderlər salnaməsinə.
Şimali Koreya 1945-ci il avqust ayının 10-da, yəni II Dünya müharibəsindən bir qədər sonra Kim İr Sen tərəfindən qurulub və onun hakimiyyət illəri Şimali Koreyanın rəsmi tarixində “qızıl dövr” adlandırılır. Baxmayaraq ki, onun adı Ginnesin “Rekordlar” kitabına dünyanın “ən əzazil diktatoru” kimi düşüb.
Hələ ki 3-cü nəsil Kim sülaləsi tərəfindən idarə olunan bu ölkə bizim üçün Şimali Koryadır. Şimali Koreyalılar üçün isə elə bir dövlət yoxdur. Çünki dünyada yalnız bir Koreya var; o da bizim Şimali Koreya deyib adını təhrif etdiyimiz ölkə. Rəsmi adı isə Koreya Xalq Demokratik Respublikasıdır.
Baba Kim (Kimlərin adları bir-birinə bənzədiyi üçün qarışıq düşməsinlər deyə, onları “baba”, “ata”, “oğul”, kimi təsnifləndirdik – H.O.) tərəfindən qurulan bu ölkə dünyanın ən böyük 4-cü ordusuna sahibdir. Cəmi 24 milyon əhaliyə sahib bir ölkənin bu hərbi gücü qura bilməsi “zarafat iş” olmadığından onun liderləri də çox möhtəşəm ünvanlarla tanınırlar - Koreya Xalq Ordusunun Ali Baş Komandanı, Dahi Yoldaş , Koreya İşçi Partiyasının birinci katibi, marşal, planetimizin ən böyük və müdrik lideri və s.
Şimali Koreyanın ən böyük qeyri-adiliyi isə onun dünyada yeganə nekrokratik dövlət olmasıdır. Yəni bu ölkə rəsmi qanunvericiliyə görə, indiyədək 1994-cü ildə ölmüş baba Kim tərəfindən idarə olunur. Bu baxımdan Şimali Koreyanın rəsmi ideologiyası şiə inancındakı 12-ci İmam Mehdi nəzəriyyəsinə oxşasa da, iki doktrin arasında təməl fərqlər də movcuddur. Şiələr İmam Mehdinin sağ olduğuna və qeybə çəkildiyinə, ateist Şimali Koreyalılar isə Kim İr Senin öldüyünə inanırlar. Yəni tam bir nekrokratdırlar.
Ölü lider tərəfindən idarə idarə olunan Şimali Koreya xalqı da ona misilsiz sayqılarını göstərməli, 15 yaşına çatan hər kəs sinəsində “ulu öndər”in şəkilinin əks olunduğu nişanı daşımalıdırlar. Ali liderə itaətlərini göstərmək üçün şəkilini və ya heykəlini görəndə ikiqat əyilməlidirlər. Çünki o, nəinki Şimali Koreyanın, hətta zamanın atasıdır.
Ölkədə bu dərin itaətə “Juçe” deyirlər. Juçe Şimali Koreyanın ölü liderinin ərsəyə gətirib xalqın boğazına keçirdiyi siyasi ideologiyanın da adıdır. Təməllərini Marksist nəzəriyədən alan bu ideologiya xalqdan öz ölkəsini dünyanın ən inkişaf etmiş, haqq-ədalətin çiçəkləndiyi yeri kimi görməyi tələb edir.
Juçeçilik düşüncəsi ölkənin iqtisadi həyatından tutmuş, ordusuna, məişətinə qədər hər yerə hakimdir. Təməl fəlsəfəsi isə kommunizmdən çox, nekrokratiyaya inanmaqdır. Juçe nəzəriyyəsinin Şimali Koreyaya nə qazandırıb qazandırmadığına qərar vermək bizim işimiz olmadığından bu barədə fikir yürütmək də istəmirik. Sadəcə onu deməklə kifayətlənir ki, 75 ildir ölkənin hakim ideologiyasına çevrilən bu nəzəriyyə Şimali Koreyanın dünyadan tamamilə təcrid edib, qoparıb.
Kim İr Sen qurduğu Şimali Koreyanı 50 il şəxsən idarə etdiyindən cəmiyyəti öz nəzəriyyəsinə tam uyğunlaşdıra bilmişdi. Odur ki, 1994-cü ildə dünyasını dəyişəndə oğlu Kim Çen İrin onun yerini tutması o qədər də çətin olmadı. O da yaşadığı dövrdə və elə indi də ən az atası qədər hörmətə malikdir. Heykəli Pxenyanın mərkəzində ölkənin qurucusu ilə eyni yerdə ucaldılıb. Bütün rəsmi kabinetlərdə də mütləq bu qaydaya əməl olunmalı, ölkənin indiki rəhbəri ilə bərabər baba və ata Kimlərin də protretləri asılmalıdır. Əks halda, bu qaydanı pozan kim olursa olsun, ən ağır cəzaya layiq görülə bilər. O da qəddarlıqda atasından geri qalmır və buna görə dünyanın ən mötəbər qurumları tərəfindən qınanılırdı.
Ata Kimin yeganə müsbət keyfiyyəti incəsənətə düşgünlüyü idi. Onun şəxsi arxivində 20 mindən çox bədii filmin olduğu deyilir. Fəqət ata Kimin kino sevgisində belə qəddarlıq vardı. Özü üçün film çəksin deyə məşhur rejissor Şin Sanq Oku və onun yoldaşı Çoi Eun-hini 8 il nəzarətdə saxladığı bildirilir.
Ata Kim Şimali Koreyanın nüfuzu və qüruru üçün milyonlarla vətəndaşı belə qurban verməyə hazır birisi kimi tanınırdı. 1990-cı illərdə ölkənin ən yaxın müttəfiqi SSRİ dağıldığı ərəfələrdə ərzaq qıtlığı yaşayan ölkəyə başqa dövlətlərin yardım tələblərini qəbul etməyən Kim İr Senin bu inadkarlığı 3 milyona qədər koreyalının ölümü ilə nəticələnmişdi.
Əslində Kim də bu məsələdə özünə görə haqlı idi. Çünki başqa dövlətlər, xüsusilə də BMT bu yardımı Kim İr Senin yolunmuş qaşına görə vermirdi. Onlar Şimali Koreyanı iqtisadi cəhətdən getdikcə tükəndirən nüvə silahları istehsalını və sınağını dayandırmağa çağırırdılar. Bunu ölkəsinin və idarə etdiyi xanədanlığın müdafiə gücünü zəiflədəcəyini düşünən Kim isə bütün yardım tələblərini əlinin arxasıyla geri itələyirdi.
İddialara görə, baba Kimin bu inadkarlığı ölkəni həmin dövrlərdə elə aclıq səviyyəsinə gətirmişdi ki, insanlar bir-birinin ətini yeyirdilər. Nəhayət, BMT-nin Şimali Koreyaya nüvə silahının sınaqlarını dayandırmaq şərti ilə kömək təklifi Kim Çen İr tərəfindən də qəbul edildi. Ancaq bir müddət sonra o, sazişi pozdu və xalqını yenidən aclığa məhkum etdi. Xalq isə “əziz liderinə” ömrünün sonuna qədər sadiq qaldı və öləndən sonra belə, onu son mənzilə misli görünməmiş sayqıyla yola saldı.
Kim İr Senin ən maraqlı cəhəti hədsiz dərəcədə SSRİ tərəfdarı olmasında idi. O, rusları çox sevirdi, bu sevgisinə görə özünə ikinci ad da götürmüşdü – Yuri İrsenoviç Kim. Baxmayaraq ki, hakimiyyətə gələndə artıq SSRİ adlı ölkə çoxdan tarixə qovuşmuşdu.
Kim xanədanlığının son diktatoru oğul Kim barədə uzun-uzadı yazmağa, zənnimizcə, ehtiyac yoxdur. ABŞ-la girdiyi nüvə mübahisələri səbəbindən dünyanın ən məşhur liderlərindən olan Kim Çen İni az-çox hamı tanıyır. Hər kəs yaxşı bilir ki, o, atasının qəfil ölümüylə 2011-ci ildə taxtda oturanda hələ 27 yaşında idi.
Ölkəni idarə etdiyi 9 il ərzində nüvə silahlarının istehsalı sahəsində ciddi uğurlar qazanan, hətta hidrogen bombasını belə sınaqdan çıxaran bu gənc lider qəddarlığı ilə atasına və babasına, sözün həqiqi mənasında, rəhmət oxutmağı bacardı. Kim Çen İnin asilərinə verdiyi cəzalar arasında topun lüləsinə bağlayıb atəş açmaqdan tutmuş, pirat balıqlarına yem etməyə qədər ən müxtəlif tədbirlər vardı. 2011-ci ildən Kim Çin İnin rəhbərliyi altında yaşamağa məhkum edilmiş Şimali Koreya insan hüquqlarının pozulması sahəsində elə qorxunc vəziyyətdədir ki, hətta Çin də onunla siyasi-diplomatik əlaqələrə ehtiyatla yanaşır.
Hətta ən yaxın qan qohumlarını da səhvlərinə görə bağışlamayan gənc diktatorun öz ailəsində sayğı duyduğu yeganə insan bacısı Kim Ye Çjonadır. Çjonaya hörməti isə qardaşına göstərdiyi itaətindən irəli gəlir. Kim Çen İnin öldüyü təsdiqlənərsə, Çjona bu itaətinin meyvələrini dada biləcək. Çünki Kimin qəddarlığı nəticəsində xanədanlığı idarə edəcək kişi xeylağı qalmayıb. Məcburən hakimiyyət xanım Kimə keçməlidir
Hakimiyyətin xanım Kimə ötürülməsi isə 75 illik xanədanlığın da sonunu gətirə bilər. Çünki bütün qəribəliklərinə baxmayaraq, Şimali Koreya da bir Şərq dövlətidir və burada patriarxal ənənələr qüvvədədir. Patriarxal ənənələrdə isə xanımların cehizi belə ərlərin mülkiyyəti hesab olunur.
Çjonanın ərə gedib-getmədiyi bizə bəlli deyil, amma bir neçə il əvvəl Kim Çen İnin özünə boyu 1.75 metr olan yeznə axtardığı barədə məlumatlar mediaya sızmışdır. Əgər Kim Çen İn bu yeznəni tapa bilibsə, özündən sonrakı hakimiyyəti yeznəyə ötürməyə də qərar verib. Bu baxımdan Çjonanın ərinə hədiyyə verəcəyi cehizi bənzərinə nadir rastlanan çox bahalı bir qənimət - dünyanın 4-cü hərbi gücünə malik ölkəsi Koreya Xalq Demokratik Respublikası olacaq.
Kim Çen İnin bizə ən maraqlı gələn xarakteri isə içkiyə düşgünlüyüdür. Onun bir ildə rus araqına 140 min dollar, şərab və şampan üçün 285 min dollar, Çin tarakına 169 min dollar, idxal pendirə 85 min dollar və viskiyə 201 min dollar xərclədiyi deyilir. Kim bilir, bəlkə onun erkən xəstələnməsinə və ölüm döşəyinə düşməsinə də məhz bu əyyaşlığı səbəb olub.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar