Xəbər lenti

 
Xatırlayırsınızsa, Azərbaycan Milli Məclisi 9 aprel toplantısında faşizm üzərində qələbənin 75 illiyi münasibətilə yubiley medalı təsis etmiş və onu “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” adlandırmışdı.
Sözsüz ki, bu savaşda yüzminlərlə övladını itirmiş Azərbaycan xalqı üçün də 9 may günü mühüm tarixi hadisədir və parlamentin bu qərarı da başadüşüləndir. Fəqət yubiley medalının adı seçimi xeyli mübahisə doğururdu. Faşizmə qarşı bütün dünyanın apardığı mübarizənin “Böyük Vətən Müharibəsi” adlandırılması müstəqil bir dövlətin əsas hakimiyyət qollarından birinin hələ də sovet nostalgiyası ilə yaşadığını, Azərbaycanı rus imperiyasının bir subyekti kimi görməkdən xilas olmadığını göstərirdi. Guya növbədənkənar seçkiylə yenilənən parlament bu hərəkətilə bir daha sübut edirdi ki, onun tərkibində nə qədər Siyavuş Novruzov kimi sinəsində Rusiyanın “Vətənə sədaqət”, “Vətənə xidmət” ordenini daşıyan deputatlar var, biz mənən imperiya təbəəsi olaraq qalacağıq.
 
Bu mənada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  az öncə özünün Telegram səhifəsində paylaşdığı 9 may təbriki deputatlarımıza əsl nümunə sayıla bilər.
 
Ovqat.com-un məlumatına görə, Mehriban xanım  təbrik mesajında sözləri xüsusi etina ilə seçərək, onu “Böyük Vətən Müharibəsi”nin qələbəsi kimi təqdim etməyib, sadəcə “faşizm üzərində Böyük Qələbə” adlandırıb.
 
Birinci vitse-prezidentin təbrik mesajını təqdim edirik:


 
 
Əziz veteranlar!
 
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
 
Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.
 
Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!


Ana səhifəyə qayıt        Baxış: 3 074          Tarix: 9-05-2020, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma