Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
İran ABŞ-ı BMT-yə şikayət edib.
Ovqat.com xəbər verir ki, məlumatı İran XİN yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Venesuelaya neft nəqlinin qarşısının ABŞ tərəfindən alınması ilə bağlı BMT-nin Baş katibi Antonio Guterresə məktub yazıb.
"ABŞ-ın qanunazidd təhlükəli və təxribatçı təhdidləri beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən bir növ dəniz quldurluğudur. ABŞ dünyada güc tətbiq etməyi dayandırmalı və beynəlxalq hüququn aliliyinə, xüsusən də açıq dənizlərdə nəqliyyat azadlığına hörmət etməlidir", - yazan Zərif məktubunda İranın ABŞ-ın təhdidlərinə qarşı lazımi tədbirlər görəcəyini bildirib.
Digər tərəfdən, İran xarici işlər nazirinin müavini Abbas Araqçı Vaşinqton administrasiyası ilə Tehran arasında vasitəçilik missiyası yerinə yetirən İsveçrənin Tehrandakı səfirinin nazirliyə çağrıldığını açıqlayıb.
İran və Venesuela arasındakı ticari əlaqələrin qanuni olduğunu bildirən Araqçi ABŞ-ın ölkənin tankerlərinə müdaxiləsi halında İranın reaksiyasının sürətli və “ürküdücü” olacağını vurğulayıb.
İran mediasının yazdığına görə, ABŞ Karib dənizində 4 döyüş gəmisi və bir patrul təyyarəsi ilə İranın Venesuelaya göndərdiyi yanacaq tankerlərinin qarşısını kəsib.
Faktı Venesuelanın XİN də təsdiqləyib.
"Bu, beynəlxalq qanunların və venesuelalıların təməl hüquqlarının pozulmasıdır", - Venesuelanın xarici işlər naziri Xorxe Arreaza mayın 14-də öz Twitter hesabında belə yazıb. O, həmçinin bildirib ki, ABŞ Venesuelaya benzin gətirən gəmilərə təcavüz edib.
Dünyanın ən böyük neft ehtiyatına sahib ölkələrdən olan Venesuela sanksiyalar və iqtisadi böhran səbəbindən öz neft emalı zavodlarını səmərəli işlədə bilmir. İran isə istehsal etdiyi nefti satmaqda çətinlik çəkir. Bildirildiyinə görə, Venesuela prezidenti Nikolas Maduro ölkəsinin yanacaq problemini həll etmək üçün ötən ay İrandan kömək istəyib. İran bu imdad çağırışına onsuz da əlində qalan yanacağı göndərməklə cavab verib. Yardım tankerləri isə Venesuelaya çatar-çatmaz ABŞ əngəliylə qarşılaşıb.
Yeri gəlmişkən xatırladaq ki, Venesuela bir zamanlar dünyanın ən çox neft hasil edən ölkəsi idi və “qara qızıl”ın gətirdiyi böyük sərvətlər onu xeyli arxayınlaşdırdığından başqa iqtisadi sektorların inkişafına əhəmiyyət vermədi. Ölkədə bütün var-dövlət bir qrupun əlində toplandığından boş mədhiyyəçilik üzərində avtoritar rejim quruldu. Dünyaya meydan oxuyan Venesuelanın “sosialist” mədhiyyəçiləri ölkəni tam təcridolunmuş vəziyyətə saldılar. Beləcə, dünyanın ən zəngin neft rezervlərinə malik ölkədə hasilat da günü-gündən aşağı düşdü. İndisə o, elə vəziyyətə gəlib çıxıb ki, öz yanacaq ehtiyaclarını qarşılayacaq qədər neft ayıra bilmir.
Maraqlıdır ki, bir zamanlar SSRİ neftinin cəmi 2%-ni çıxarmasına baxmayaraq, 44%-ni ayıran Azərbaycan da indi benzini xaricdən alır. Biz də Qərb dövlətlərinin xammal bazası çevrilməyimizə baxmayaraq, hətta SSRİ-dən qalma neftayırma sənayesini də qoruyub saxlaya bilməmiş, əksinə, tamamilə sıradan çıxarmışıq. Bu iddianı Azərbaycan hökumətinin ötən ilki idxalatla bağlı hesabatları da təsdiqləyir. Gəlin, ən yaxşısı, qarşı-qarşıya olduğumuz mənzərəni daha aydın görə bilmək üçün rəsmi məlumatlara nəzər salaq:
“Azərbaycan 2019-cu ildə 114 min 314,17 ton AI-92 markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Məlumata görə, 2018-ci ildə isə Azərbaycana $77 milyon 249,31 min dəyərində 72 min 596,05 ton AI-92 markalı avtomobil benzini idxal edilib. Beləliklə, 2019-cu ildə ölkəyə benzin idxalı miqdar ifadəsində 57,5%, dəyər ifadəsində – 31,1% artıb.
Həmçinin, 2019-cu ildə $2 milyon 620,16 min dəyərində 4 min 171,1 ton benzin Türkmənistandan, $74 milyon 629,15 min dəyərində 110 min 143,07 tоn benzin Rusiyadan idxal olunub.
2018-ci ildə AI-92 markalı benzin Rusiya və Böyük Britaniyadan idxal edilib. 2019-cu ildə Azərbaycan RF-dən benzin idxalını miqdar ifadəsində 2,8 dəfə, dəyər ifadəsində 2,3 dəfə artırıb.
Azərbaycan hökuməti ölkəyə benzin idxalını Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqələndirsə də, eyni prosesin digər illərdə də baş verdiyini görə bilərik. Yenə də bəhanə təmir olub.
2016-cı ilin avqust ayında yayılan rəsmi məlumat:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayı ərzində ölkəyə 45 min ton Ai-92 markalı avtomobil benzini idxal edəcək.
Bu barədə "Report"a SOCAR-dakı mənbə bildirib.
Mənbə qeyd edib ki, bu həcmdən 15 min ton Yunanıstan, 10 min ton Rumıniya, 20 min ton isə Rusiyadan idxal olunacaq.
2013-cü il - ƏSL SƏBƏB
ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov bildirmişdi ki, 2013-cü ildə tələbatı çox çətinliklə ödəyə bilirik və Azərbaycanda xüsusən iyun, iyul, avqust aylarında benzinə tələbat çox artır: “Gələn il neft emalının bu illə müqayisədə 5,5 %, yəni təxminən 300 min ton artırılması və 100 min ton əlavə benzin istehsal edilməsi, istehsalın həcminin 1,5 milyon tona çatdırılması nəzərdə tutulub. Bununla belə, idxal təhlükəsi qalmaqdadır”.
Xatırladaq ki, Əliyev adına Bakı Neft Emalı Zavodunda yalnız AI-92 markalı benzin istehsal olunur. Yəni digər markalı benzinləri biz onsuz da lap əvvəldən idxal etmişik.
Uzun sözün qısası, Venesuela olmağımıza sadəcə içərisində olduğumuz böhranın bir az da dərinləşməsi qədər məsafə qalıb.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar