Xəbər lenti


 
Azərbaycanda bəzi “milli-demokratik” qüvvələr “dünya bizə “barbar xalq”, “ekstremist toplum” kimi baxar” arqumentinə söykənərək, xaricdə yaşayan vətəndaşlarımızın erməni işğalçılığına qarşı keçirdikləri etiraz aksiyalarını qınadıqları bir zamanda İtaliyanın “Giornale Diplomatico” nəşri tamamilə başqa mövqe nümayiş etdirib. Nəşrin hadisələrlə bağlı verdiyi xəbərin adı belə, “milli-demokratlarımızın” iddialarına ən yaxşı cavabdır: “Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ekstremist hücumu”.


 
Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən hazırlanan xəbərin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.
 
Azərbaycanın İtaliyadakı səfirliyi bəyan edib ki, son günlər erməni diasporunun əyinlərində ekstremist “Daşnaksutyun” partiyasına, beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınmış ASALA-ya aid geyimlər, əllərində bu təşkilatın bayraqları olan radikal qrupları Azərbaycanın Belçika, ABŞ, Fransa, Birləşmiş Krallıq, İsveç, Polşa, Avstraliya, Niderland və s. ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar edir”.


 
Məlumatda deyilir ki, onlar Azərbaycanın diplomatik təyinatlı tikililərinə və nümayəndələrə, o cümlədən Azərbaycan icmalarının üzvlərinə qarşı vandalizm aktı həyata keçirirlər. Hücumları təşkil edən qruplar onun görüntülərini sosial şəbəkələrdə paylaşır.
 
Kaliforniyadakı erməni icmasının Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında etiraz aksiyası keçirən 3 minədək ekstremist üzvü polisin göstərişinə də məhəl qoymadan, oraya toplaşmış 40-dək azərbaycanlıya hücum edib. Nəticədə biri qadın olmaqla, Azərbaycan icmasının 7 üzvü yaralanıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.


 
Səfirliyin açıqlamasında deyilir: “Azərbaycanın Belçika Krallığındakı səfirliyi önündə də etiraz aksiyası keçirən ekstremist qrup səfirliyin binasına, əməkdaşlarına, o cümlədən azərbaycanlı icma üzvlərinə daş və digər küt, hətta partlayıcı alətlərlə hücum edib. Nəticədə səfirliyin işçiləri və Azərbaycan icmasının üzvləri daxil olmaqla, 6 nəfər ağır yaralanıb. Yaralananlardan biri Azərbaycanda fəaliyyət göstərən “Real TV”nin Avropadakı əməkdaşı Xatirə Sərdarqızıdır. Hücum nəticəsində səfirlik binasına ciddi ziyan dəyib, binanın fasadındakı ornamentlər dağılıb, bir azərbaycanlıya məxsus avtomobil yandırılıb. Bundan başqa, diplomatik nümayəndəlikdə çalışan şəxslərin ailə üzvlərinin yaşadıqları əraziyə də hücum cəhdi olub”.
 
Səfirliyin məlumatına görə, daha bir vandalizm aktı Azərbaycanın Parisdəki səfirliyinə qarşı törədilib. Burada da radikal qrup səfirlik binasını daşlayıb, səfirliyin pəncərələri sındırılıb. Oxşar hallara digər ölkələrdə də rast gəlinir.


 
Bundan başqa, səfirlik bildirir ki, ABŞ-da yaşayan ermənilərin azərbaycanlılara qarşı növbəti təxribata hazırlaşdıqlarına dair məlumatlar var. Məsələn, erməni əsilli olduğu aydın görünən bir şəxs “Instagram” sosial şəbəkəsində hesab yaradaraq, Kaliforniyada yaşayan azərbaycanlıların və türkiyəlilərin yaşadığı ərazilər haqda məlumat toplamağa çalışır. Səhifənin idarəçiləri bu haqda məlumat verəcək şəxslərə anonimliyin qorunması şərtilə 500 dollar pul mükafatı belə, vəd edir.
 
Azərbaycanın İtaliyadakı səfirliyinin məlumatında daha sonra bunlar deyilir: “Erməni ekstremist qruplarının vandalizmi nə Azərbaycanı, nə də erməni terrorunun şahidi olmuş digər ölkələri təəccübləndirir. ASALA və digər erməni terror təşkilatlarının 1970-1980-ci illərdə 22 ölkədə 235-dən çox terror aktı törətdiyi, nəticədə 24 türk diplomatı daxil olmaqla, 70-dən artıq şəxsin qətlə yetirildiyi hər kəsə bəllidir”.


 
“1980-ci illərin sonlarından – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü vaxtdan terrorçuluq bu ölkənin dövlət siyasətinə çevrilib. Azərbaycan ərazilərinin işğalı zamanı da ermənilər terrordan geniş istifadə edib”, - deyə açıqlamada bildirilir: “Azərbaycan hökuməti vətədaşlarına xaricdəki erməni ekstremist qruplar tərəfindən real təhlükənin olduğunu nəzərə alaraq, onları maksimum diqqətli olmağa, erməni ekstremistlərinin təxribatına uymamağa, səbr və dözüm nümayiş etdirməyə çağırır. Beynəlxalq ictimaiyyət isə öz növbəsində, erməni ekstremist qruplarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, orada çalışanlara, həmçinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara qarşı törətdikləri cinayətləri qətiyyətlə pisləməlidir”.
 


Ana səhifəyə qayıt        Baxış: 3 871          Tarix: 29-07-2020, 07:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma