Xəbər lenti

 
Son bir həftə ərzində xaricdə ABŞ-da, Belçikada, Niderlandda və bir çox başqa ölkələrdə dinc mitinqlərə çıxmış azərbaycanlılar erməni millətçilərinin hücumuna məruz qalıb. 
 
Ovqat.com xəbər verir ki, "Moskva-Bakı" nəşrinin müxbiri baş vermiş hadisələr barədə məşhur azərbaycanlıların münasibətini öyrənib. 
 
 

Azərbaycanın xalq artisti, Azərbaycan milli konservatoriyasının rektoru Səyavuş Kərimi:
 
– Belçika, ABŞ və Niderlandda baş verənləri ekstremistlər tərəfindən vandalizm aktı hesab edirəm. Dinc mitinqə çıxmış azərbaycanlıların hisslərini anlayıram və bölüşürəm; onlar Azərbaycanın Tovuz rayonu ərazisində dövlət sərhədində Ermənistan ordusunun təxribatına münasibətlərini bildiriblər. Biz ədalət və humanizm tərəfdarıyıq, lakin nə vaxta qədər bu hücumlara səbrli yanaşacağıq? Onilliklər ərzində dünya ictimaiyyəti Azərbaycan torpaqlarının qanunsuz işğalına göz yumur. Xaricdə yaşayan azərbaycanlılar öz gücünü, yaxud təcavüzkarlıqlarını göstərmək üçün mitinqə çıxmayıblar. Onlar yalnız sərhəddə təxribat barədə həqiqəti insanlara çatdırmaq istəyirdilər. Erməni gənclər dinc nümayişlərə qarşı "Asala"nın maykaları üzərində yazı ilə çıxıblar. Bu, terror siyasətini dəstəkləyən erməni radikal təşkilatıdır. Son günlər xaricdə baş vermiş hadisələr baş verənlərin təşəbbüskarı olan Ermənistan hakimiyyətinin əsl simasını bir daha göstərdi. Dünya millətçilərin nə qədər uzağa getdiklərini öz gözləri ilə görməli idi. Mən bütün dünya azərbaycanlılarını təxribatçılara qarşı birgə səyləri birləşdirməyə çağırıram. Təxribatlara uymaq lazım deyil, təmkini saxlamaq və soyuq ağılla hərəkət etmək lazımdır. İnformasiya müharibəsini davam etdirmək, Azərbaycanın mənafelərini lobbiçilik etmək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən bütün dünyaya çatdırmaq lazımdır.
 
 
 
Azərbaycanın xalq rəssamı Sakit Məmmədov:
 
- Azərbaycanın Belçika və ABŞ-dakı diplomatik iqamətgahında radikal erməni qüvvələrinin törətdiyi təxribatlardan son dərəcə hiddətlənirəm. Otuz ildir ki, Azərbaycan dünya ictimaiyyətinə çatmağa və münaqişənin əsl tarixini göstərməyə çalışır. Təəssüf ki, bütün bu dövr ərzində ictimaiyyət yalnız Ermənistanın radikallarının ədalətsizliyinə göz yumdu. Onlar Azərbaycan Qarabağını işğal etdilər, indi isə Tovuz rayonunda dövlət sərhədində təxribat törətməklə daha bir Azərbaycan ərazisini ələ keçirmək xəyalı ilə yaşamağa qərar veriblər. Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı dinc mitinqlər xaricdə yaşayan azərbaycanlıların təbii reaksiyasıdır. İnsanlar küçəyə Azərbaycan ordusunu da dəstəkləməyə çıxıblar. Onlar özlərini aqressiv aparmırdılar, mağazaları, avtomobilləri dağıtmırdılar. Hər şey ekstremistlər ortaya çıxana qədər dinc şəratdə gedirdi. Mən hesab edirəm ki, təxribata uymaq lazım deyil, möhkəm, güclü və təmkinli olmaq lazımdır. Həqiqət Azərbaycanın tərəfindədir. Mən Azərbaycanın yaradıcı ziyalılarını erməni diasporunun radikal hissəsinin nümayəndələri ilə qarşı-qarşıya gələn soydaşlarımızı dəstəkləməyə çağırıram. Susmayın, ABŞ və Belçikada baş vermiş hadisələr barədə fikirlərinizi deyin, dünyaya Qarabağ həqiqətlərini çatdırın.
 
 
 
Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai:
 
- Tariximizdə ilk dəfə olaraq bütün dünya üzrə Azərbaycan diasporu belə həmrəylik və ardıcıllıq göstərmişdir. ABŞ - da və bütün Avropada-Almaniyada, Avstriyada, Fransada və digər ölkələrdə aksiyalar dinc xarakter daşıyırdı. Bu, həmrəyliyin təzahürü idi. Hər şey öz axarında gedərkən, erməni diasporundan olan ekstremistlər xaricdə yaşayan soydaşlarımızı təhrik etməyə başladılar. Bu, onların əsl niyyətlərini göstərdi. Əgər onların səmimi niyyətləri olsaydı, onlar öz aksiyalarını keçirərdilər və diasporumuzun nümayəndələri ilə rastlaşmazdılar. Bunun əvəzinə qarşıdurma üçün imkanlar axtarmağa başladılar. Və qarşıdurma onlara çox sadə bir səbəbdən lazımdır-onlar prosesin mahiyyətindən diqqəti yayındırmaq istəyirlər. Mahiyyət birdir və o dəyişməyib - Ermənistan işğalçıdır! Etiraf etmək lazımdır ki, bizim diaspor həmişə fəaliyyət göstərmir. Bizim diasporumuzun xüsusən Rusiyada bəzən kordinasiya fəaliyyəti çatışmır. Amma bu gün hər şey başqa cürdür. Bu gün insanlar vahid amal - Qarabağın qaytarılması ideyası ilə birləşiblər. Bu, bizim diasporun da birləşməsinə şans verir. Mən hesab edirəm ki, məhz bu gün xaricdə yaşayan soydaşlarımız həqiqətən güclü diaspor yarada bilərlər və onların artıq səbəbləri də vardır. Bunun üçün təmkinli olmaq, əks tərəfin hərəkətlərini planlaşdırmağı və proqnozlaşdırmağı bacarmaq və həmişə milli maraqlardan çıxış etmək lazımdır.
 
 
 
Azərbaycan Rəssamlar İttifaqının üzvü Mir Teymur Məmmədov:
 
- Radikal elementlər tərəfindən bu cür hücumlar həmişə olub və olacaq. Artıq 200 ilə yaxındır ki, təxribatlar davam edir və biz azərbaycanlılar artıq onlara öyrəşmişik. Amma bu heç də o demək deyil ki, bu faktlar haqqında susmaq və necə deyərlər, əyləci aşağı sıxmaq lazımdır. Beynəlxalq hüquq səviyyəsində istənilən təxribata dəqiq və adekvat cavab verə biləcək bütün dünyada hüquqşünasların güclü "qanadını" təşkil etmək lazımdır. Xaricdə yaşayan gənclərimizin cavab addımları ciddi nəticələrə gətirib çıxara bilər. Başa düşmək lazımdır ki, bizim gənclərın qanı qaynayır və onlar erməni ekstremistlərinin hücumlarına cavab verməmək üçün özlərini güclə saxlayır. Məsələn, xaricdə yaşayan azərbaycanlıların təşkil etdikləri mitinqlərdə erməni radikalların təxribat törədəcəklərini əvvəlcədən təxmin etmək olardı. Aydın idi ki, təxribatçılar növbəti təxribatı törətmək üçün hər şeyə gedəcəklər, sonra isə bütün dünyaya bağıracaqlar ki, onlar əzabkeşdirlər, yenə də azərbaycanlılar onları incidirlər. Mitinqçilərimiz mümkün təxribatlar barədə yerli polisə əvvəlcədən məlumat verməli, erməni təcavüzünə qarşı sadəcə etirazlarını bildirməyə gəlmiş gəncləri vaxtında təcrid etməli idilər. Mənim fikrimcə, alkoqol və narkotik maddələrin təsiri altında olan ermənilərin böyük qəzəblənmiş izdihamı azərbaycanlıların üstünə hücum etdi.
 
 

Əməkdar idmançı, Azərbaycanın əməkdar məşqçisi, kikboksinq üzrə 25 qat dünya çempionu Eduard Məmmədov:
 
- İlk növbədə bütün Azərbaycan xalqına, Vətənim uğrunda vuruşmuş və qəhrəmancasına həlak olmuş şəhidlərimizin doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm. Ordu generalını və gənc əsgərləri itirmək çox acı və çətindir. Biz hamımız bu itkinin acısını bölüşürük. Bakıda Azərbaycan ordusuna dəstək və şəhidlərlə xatirə aksiyası keçirilmişdir. Dünyanın bir çox ölkələrində də soydaşlarımız öz ordusuna və xalqına dəstək olaraq bu cür aksiyalar keçiriblər. Baş verən son hadisələr bütün dünyanı lərzəyə gətirdi. Bu ölkələrdə yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla sərhəddə təxribatına etiraz etmək üçün dinc mitinqə çıxıblar. Onlara qarşı ekstremistlər təxribat xarakterli şüarlarla çıxış etdilər. Onların sayı azərbaycanlılardan xeyli çox idi. Təcavüzkar, erməni radikalları soydaşlarımıza hücum ediblər. 7 soydaşımız ciddi xəsarət alıb, onların arasında qız da var. Erməni diasporunun radikal hissəsinin xaricdəki azərbaycanlıların dinc mitinqlərində özünü bu cür aparması verilən icazənin çərçivəsindən kənara çıxır. Mən hesab edirəm ki, onların etdikləri əxlaqsızlıq idi. Onlar insanlıq çərçivələrini aşdılar.
 
 
 
"Eurovision-2011" müsabiqəsinin qalibi Eldar Qasımov:
 
- Bir neçə gündür ki, Belçika və ABŞ-da baş verənləri həyəcanla izləyirəm. Azərbaycanlılar həqiqətin bizim tərəfimizdə olduğunu dünya birliyinə sübut etmək üçün o mitinqləri keçirirlər. Azərbaycan diasporunun yaxşı və düzgün düşünülmüş gedişi Azərbaycanın müsbət imicinin təşviqində öz rolunu oynaya bilər. Əfsuslar olsun ki, başqa ölkələr erməni təcavüzünə, Azərbaycan ərazisinin qanunsuz işğalına çox uzun müddət ərzində göz yumublar. Artıq bizi eşitmələrinin vaxtı gəlib. Və biz tələb edirik ki, ədalət, sülh yolu ilə problem öz həllini tapsın. Ermənistan tərəfinin və onun diasporunun reaksiyası məni hiddətləndirir. Bunun XXI əsrdə baş verməsi insan ağlına sığmır... Bütün həmvətənlərimdən xahiş edirəm ki, təxribata getməsinlər... Xaricdə yaşayan soydaşlarımız radikalların hüquqi üsullarla cəzalandırılmasına nail olmalıdırlar. Belçika polisi artıq azərbaycanlıların hücumunda və döyülməsində iştirak edən 17 erməni ekstremistini həbs edib. Onlar öz cəzalarını almalıdırlar. İstənilən belə insidentlə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır: radikallar öz hərəkətləri ilə hazırda yaşadıqları ölkələrin qanunlarını pozurlar. Hər bir qanun pozanlar cəzalandırılmalıdırlar.



Ana səhifəyə qayıt        Baxış: 3 518          Tarix: 27-07-2020, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma