Xəbər lenti
 
 
Rusiyalı müxalif Aleksey Navalninin yeni "Noviçok" tipi ilə zəhərləndiyi təsdiqlənir.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın “Die Zeit” nəşri mötəbər tibbi mənbələrə istinadən bu məlumatı yayıb.
 
 Nəşrin məlumatına görə, Bundesverin Farmakologiya və Toksikologiya İnstitutunun mütəxəssisləri nümunələri araşdırdıqdan sonra bu qənaətə gəliblər.
 
Mütəxəssislərin rəyinə görə, Navalninin zəhərlənməsinə yol açan maddə "dünyanın bu hücumdan əvvəl bilmədiyi" bir zəhər növüdür. “Bu tip qrupun bütün növlərindən daha ölümcüldür”,-alman nəşri bildirir.
 
Qəzetin yazdığına görə, maddənin izləri Navalninin əllərində və su içdiyi butulkanın boğazında tapılıb. Alman tərəfinin qənaətinə görə, "bu zəhər növü “Noviçok”un indiyə qədər məlum olan tiplərindən daha yavaş hərəkət etmək qabiliyyətilə" seçilir.
 
Məqalədə bildirilir ki, Navalninin xilası "xoş təsadüflər silsiləsi" ilə əlaqədardır: “Əgər Navalninin uçduğu təyyarənin pilotu tez bir zamanda enişə keçməsəydi və Omsk həkimləri dərhal ona atropin tətbiq etməsəydilər, Navalninin yaşamaq imkanı da qalmayacaqdı”,-məqalədə belə deyilir.
 
Xatırladaq ki, Aleksey Navalninin avqustun 20-də səhər Tomskdan Moskvaya uçuş zamanı səhhəti anidən pisləşmiş və təyyarə təcili olaraq Omsk şəhərinə enmişdi. Avqustun 22-də o, ailəsinin tələbləriylə Berlindəki "Şarit" klinikasına aparılmışdı. Omskda rus həkimləri Navalninin qanında heç bir zəhərlənmə halı aşkarlamasalar da alman klinikasının diaqnozu fərqli olmuşdu. “Şarit” klinikasının həkimləri Navalninin "Noviçok" qrupuna aid maddə ilə zəhərlənməsini iddia etmişdilər. Navalni alman həkimlərinin köməyi ilə 7 sentyabrda komadan çıxarılmışdı.
 
Qeyd edək ki, Almaniyanın bir sıra siyasiləri indiyədək Navalninin müayinə olunduğu Berlindəki klinikanın zəhərlənmə iddiası ilə bağlı verdiyi ilkin diaqnoza şübhə ilə yanaşır və bu diaqnozun ABŞ-ın LNG qaz şirkətlərinin sifarişi ilə verilə biləcəyini istisna etmirdilər. Bu səbəbdən də alman tibb mütəxəssislərinin son rəyini gözləyir, iddialar doğru çıxarsa, Rusiyaya qarşı sanksiyaları gücləndirilməsini tələb edəcəklərini açıqlamışdılar. Alman nəşrinin iddiaları doğrudursa, Bundesverin Farmakologiya və Toksikologiya İnstitutunun həqiqətən də bu rəyi verdiyi təsdiqlənərsə, rəsmi Berlinin Rusiyaya qarşı təzyiqlərinin artacağı güman olunur.


Ana səhifəyə qayıt        Baxış: 3 193          Tarix: 10-09-2020, 05:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma