Xəbər lenti


Naxçıvan MR Təhsil işçilərindən Azərbaycan 24-ə etiraz müraciətləri daxil olmaqdadır.

Müraciətlərdə bildirilir ki, Azərbaycan ərazisində koronavirus pandemiyası ilə mübarizənin davam etdiyi bir müddətdə Naxçıvan MR-da bir-birinin ardınca insanların sağlamlığı və həyatını təhlükəyə atan addımlar atılır. Tədris prosesi dayandırılmadığı üçün məktəblərdə müəllimlər kütləvi şəkildə COVID-ə yoluxur, hətta dekabrda vəziyyət o həddə çatıb ki, bir sıra məktəblərin az qala tam pedoqoji heyəti virus xəstəsi kimi evlərdə, əsasən gizlin müalicələr almağa məcbur olub. Bununla bağlı Naxçıvan Təhsil Naziri Rəhman Məmmədova müraciətlər edilsə də, o, virusa yoluxma hallarının gizlədilməsi haqda tapşırıq verib. Vəziyyət o həddə çatıb ki, MR-də dekabrın 25-də təcili qeyri-rəsmi tətil qərarı verilib( 5 gün + 5 gün bayram tətili), lakin bu iş də yarımçıq görülüb. Belə ki, qərar məktəblərin vəzifəli şəxslərinə şamil edilməyib. Yanvarın 5-də bərpa edilməli olan tədris prosesi, qorxulu vəziyyət səbəbilə yenidən qeyri-rəsmi yanvarın 11-dək təxirə salınıb.

Bu arada, insanların həyatı üçün qorxduğu bir vəziyyətdə Naxçıvan Təhsil Nazirinin könlünə yeni bir arzu düşüb. Nazirliyin təhsil şöbələri və məktəblərə göndərdiyi siyahılarla müəllimlər yanvarın 10-dan sonra 30 nəfərlik qruplarla sertifikasiya imtahanlarına çağırılır. Ən dəhşətlisi isə, hətta risk qrupu olan və bir neçə il sonra təqaüdə çıxacaq müəllimlərə belə güzəşt edilmir, onların həyatı təhlükəyə atılır.

Adının çəkilməsini istəməyən Naxçıvan MR-dan olan bir müəllim əməkdaşımızla söhbətində bildirdi ki, onun 62 yaşı var və 3 il sonra təqaüdə gedəcək. Üstəlik səhhətində problemlər var və virusa yoluxmaqdan qorxur. Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da tədris prosesinin dayandırılmasını arzu etsə də, bu, baş verməyib. İndi isə onu imtahana çağırırlar, halbuki, 3 il sonra pensiyaya çıxacaq.  Müəllim imtahan zamanı virusa yoluxacağından ehtiyatlandığını bildirir və üstəlik, pedaqoji fəaliyyətinin başa çatmasına çox az qalmış şəxslərin imtahan edilməsini də ədalətsiz hesab edir:

Naxçıvan müəllimləri sonda müraciətlərində bildirirlər ki, ümidləri yalnız Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban xanımadır. Əmindirlər ki, ölkə rəhbərliyi Naxçıvan Təhsil Nazirinin özbaşınalıqlarına reaksiya verərək, lazımı ölçülər götürəcək..



Ana səhifəyə qayıt        Baxış: 4 848          Tarix: 5-01-2021, 14:45      


Paylaş: