Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.
Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.
Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.
Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.
Həmçinin bu qərar uşaq bağçalarına da aiddir.
NUHÇIXAN-ın əldə etdiyi digər bir məlumata görə, muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikasına uyğun olaraq dayandırılmayacaq. Tədrsilə yanaşı, müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.
Ovqat.com xəbər verir ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah iki gün öncə koronavirus təhlükəsinə qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədrisi dayandırmaq barədə qərar vermişdi. Üstəlik, bu qərar Baş nazir Əli Əsədovun da ağlının məhsulu deyildi. Koronavirus təhlükəsi ilə qarşı-qarşıya qalan bütün ölkələr bu addımı atmış və Azərbaycan hökuməti də həmin təcrübələrdən faydalanmışdı.
Di gəl ki, koronavirusla beynəlxalq mübarizə də “muxtar əngəl”ə taxılmışdı. Zira ən adi məsələlərdə belə rəsmi Bakı ilə inadlaşan və bu inadkarlığı ilə təbəələri üzərində “böyük söz çəkisinə malik qüdrət” imici yaradan Naxçıvan rəhbərliyi isə özünün “muxtar” hüquqlu olduğunu koronavirusla mübarizə sahəsində də göstərməyə çalışmış və dünən verdiyi qərarla məktəbləri tətilə buraxmayacağını bildirmişdi.
Naxçıvan yenə “muxtar” addım atdı: Məktəblər bağlanmayacaq
Görünür, Naxçıvan MR hökumətinə Bakıdan koronavirusun “muxtar zarafatlardan” xoşlanmadığını izah edən tapılıb. Muxtar Respublikanın “muxtarlığının” ömrü də məhz bu səbəbdən 1 günlük olub.
Paylaş: