Xəbər lenti

"Qənaətçilik paradoksu deyilən indeksə görə, əhalinin 80 faizi aksiz dərəcəsinin artımı fonunda alkoqol və siqaret məhsulu üzrə müəyyən dərəcədə qənaətcil olmağa vadar olur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov baş nazir Əli Əsədovun qərarı ilə tütün, tütün məhsulları, siqaret və alkoqollu içkilərə qoyulan aksiz dərəcəsinin artmasına münasibət bildirərkən deyib:  

"Belə vəziyyətdə insanlar istehlak səbətinə daxil olan məhsulların ən azından 30-40 faizindən imtina edir. Məsələn, vətəndaş əvvəllər ayda 3-4 dəfə ailəsilə birlikdə qeyri-ənənəvi mətbəxlərdən, ketçab, soya və digər ədviyyatlardan istifadə edirdisə, indi gəlirlərini tənzimləmək üçün bir çoxları bunlara qənaət etməli olub. 

Bu, həmçinin alkoqollu içki və siqaretə də şamil edilə bilər. Belə ki, sipirtli içkilər sinfindən araq istisna olmaqla, pivənin, şərabın satış həcmində azalmalar var”.  

Ekspert bildirir ki, siqaret və alkoqollu içkilərə qoyulan aksiz vergisinin artırılması ilk növbədə qiymət artımına gətirib çıxaracaq:

"Bu fonda qiymət artımı istər-istəməz həmin zərərli məhsullardan istifadə edənlərin sayının müəyyən qədər azalmasına səbəb olur. Yəni həmin məhsullar üzrə aksiz dərəcəsinin artması insanlarımızın bu zərərli vərdişlərdən uzaqlaşmasına müəyyən dərəcədə yol açır. 

İqtisadi nöqteyi-nəzərdən isə bu məhsulların qiymətinin bahalaşması büdcəyə daxilolmaların artmasına rəvac verəcək. Amma bu artan daxilolmaların nə qədər ola biləcəyini indidən söyləmək çətindir”. 

Həmsöhbətimizə görə, aksiz dərəcəsinin artması digər tərəfdən, siqaret və içkilərin dövriyyəsini də azalda bilər: 

"Nəticə etibarı ilə gəlir əldə etmək baxımından prosesin mənfi məcraya yönəlməsi ehtimalı da istisna deyil. Ancaq bazar araşdırmaları, hesablamalar onu göstərir ki, istifadəçilər kütləvi şəkildə olduğundan aksiz vergisinin bahalaşması ilə daxilolmalar da artacaq. Bu mənada, dövriyyə üzrə onu deyə bilərik ki, aksiz dərəcəsi neçə faiz artırsa, bir o qədər də gəlir baxımından artımın baş verməsi mümkündür”. 

Qeyd edək ki, Azərbaycana gətirilən alkoqollu içki və siqaretin aksiz dərəcəsi növbəti dəfə artırılıb. Baş nazur Əli Əsədovun imzaladığı qərarla üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər üçün 1 litrə görə 11,2 manatdan 12 manata qaldırılıb. 

Tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədəd üçün aksiz dərəcəsi isə 43,0 manatdan 46,5 manata qaldırılıb.

Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata yüksəldilib. Dəyişikliklərə əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib. Birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi isə 0,25 manat müəyyən olunub.



Ana səhifəyə qayıt        Baxış: 3 997          Tarix: 15-03-2022, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma