Xəbər lenti


Qaqauzlar əsasən Moldovada yaşayan türk boyudur. Bundan əlavə, qaqauzların bir qismi Ukraynada, Bolqarıstanda, Ruminiyada və s. Balkan ölkələrində yaşayırlar. Ümumilikdə Moldovanın “Komrat yeri” adlanan muxtar vilayətində 160 minlik qaqauz əhalisi ilə yanaşı, dünyanın müxtəlif ölkələrində 300-400 min qaqauzun yaşadığı güman olunur.

 

Qaqauzların bu şəkildə dünyanın müxtəlif ölkələrinə yayılması təsadüfi deyil. Tarixi bəlgələrə görə, onlar 1810-cu ilə qədər əsasən indiki Bolqarıstanda məskunlaşmışdılar. Fəqət 1787-1792-ci illərdə baş verən Osmanlı-rus savaşı nəticəsində Balkanlar rusların əlinə keçmiş və bölgənin digər xalqları kimi qaqauz yurdu da demoqrafik dəyişiklərə məruz qalmışdır. Onların böyük qismi indi yaşadıqları Komrat bögəsinə köçürülmüşlər.

 

Stalin dövründə isə Besarabiyanın bir qismi Moldovadan qoparılıb Ukraynalılara verilmiş, beləcə qaqauzların yeni vətənləri də iki dövlət arasında bölüşdürülmüşdü. Hazırda qaqauzların ən çox yaşadıqları ikinci ölkə olan Ukraynada 31 min qaqauz məskunlaşıb.

  

Qaqauzların öz tarixi vətənlərindən sürgün olunaraq müxtəlif ölkələrdə məskunlaşdırılmasının məqsədlərindən biri, təbii ki, onları Osmanlı ərazilərindən uzaqlaşdıraraq türklüklərini unutdurmaq və Balkanların yenidən Türk hegemoniyasına girməsinin qarşısını almaqdı. Digər məqsəd isə Besarabiyanın (Türk qaynaqlarında bu ərazilər Bucaq da adlanır) etnik tərkibini müxtəlifləşdirərək, istənilən an konfliktlərə hazır hala gətirməkdi. 200 ildən artıqdır ki, Rusiya eynilə Cənubi Qafqazda olduğu kimi Besarabiyada da bu kartdan məharətlə istifadə edir. Bu gün belə, Moldovanın ərazi bütövlüyünü təhdid edən faktorlardan biri kimi Dnestyanı ərazisində yaşayan ruslardırsa, digəri Qaqauzların milli özünü qoruma hissindən qaynaqlanan qayğılarıdır. Belə ki, qaqauzlar hazırda öz varlıqlarını qorumaq üçün istər-istəməz onların milli kimliklərinə “hörmət göstərən” Moskvaya daha isti yanaşır və bu siyasəti dəstəkləyirlər.

  

Milli kimlik məsələsi Qaqauzların sürgünə məruz qaldıqları andan etibarən sığındıqları yeganə silahları olmuşdur. Onların rus və ya bölgə dövlətlərinin assimiliyasiyasından qorunmasında 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamış keşiş Mixayıl Çakırın çox mühüm rolu olmuşdur. İlk dəfə qaqauz dilində kitablar nəşr edən və uşaqlara   öz dillərində müxtəlif mahnılar, ilahilər əzbərlədən keşişin bu xidmətləri sayəsində onlar assimiliyasiyadan xilas olmuşlar.


Qaqauzların assimiliiyasiya uğramasının qarşısının alınmasında bir dini liderin xüsusi rol oynaması təsadüfi deyil. Belə ki, qaqauzlar dini əqidə baxımından Xristianlığın Ortodosk məzhəbinə inanırlar. Ortodoksal inancda isə dini olduğu qədər milli dəyərlərə önəm verilir. Ortodoks kilsələri məhz bu səbəbdən milli xüsusiyyətlərinə görə fərqlənirlər: Yunan Ortodosk Patriarxlığı, Rus Pravoslav kilsəsi, Erməni-Qriqoryan kilsəsi və s. Görünür, Ortodoks xristianlığının milli dəyərlərə verdiyi önəm keşiş Mixayıl Çakırın qaqauz milli ənənələrini yaşatması istiqamətində çalışmalarının stimulverici amilinə çevrilmişdir.

 



Qaqauz sözünün etimologiyası barədə müxtəlif fikirlər mövcuddur. Şəxsən mənə elə gəlir ki, bu ad “Qağa” və “uz / yüz” sözlərindən əmələ gəlib. “Qağa” bu gün belə, Azərbaycan dilində “böyük qardaş” sözünün sinonimi kimi işlənir. “Uz / yüz” isə qədim türk dillərində tayfa, qövm və ya boy mənasına gəlirdi. Adətən, qədim dövrlərdə ordu birlikləri yüz nəfərlik qruplar şəklində formalaşır və bu qruplar eyni tayfanın insanlarından təşəkkül tapırdılar. Öz daxili məsələlərində muxtar hüquqlara malik olan “yüzlər” yadelli düşmənlərlə döyüşlərdə və xarici təhlükələrə qarşı vahid bir orduda birləşirdilər. Bir çox türk tayfa və toplumlarının da adı bu ənənələrdən gəlirdi. Məsələn, Oğ-uz – Ox – uz (yəni oxçular), Qırğız – Qırx – uz, Özbək – Uz – bəy (tayfa bəyi, yüzbaşı) və s.

  

 Yeri gəlmişkən, Qazaxıstanda bu ənənə indiyədək davam edir. Məlumata görə, Qazax xalqı 3 jüzə (cüz-üz) bölünür: Ulu jüz, Orta jüz, Kişi (Kiçik) jüz. Hər bir jüzün isə özünəməxsus işləri olur. Ulu jüz mənsubları siyasi idarəetmə, Orta jüz mənsubları din, elm, incəsənət, Kişi jüzün mənsubları isə ordu işləri ilə uğraşırlar. Qağa üzlərin (Qaqauzların) də görünür, Türk gələnəklərində hansısa önəmli rolları vardı ki, onlara “böyük qardaş” anlamına gələn  bu ad verilmişdi.

 

Qısası, bu gün ən azsaylı türk boylarından olan Qaqauzlarım vaxtilə Türk topluluğunda azımsanmayacaq yeri vardı. Lakin türk kimliyinə qənim kəsilən rus imperiyası onları indiki hala gətirib çıxarmışdır. Olduqca keşməkeşli yollardan keçən bu xalqın yaşadığı zülm mahnılarında da öz əksini tapıb. Nəzərə alsaq ki həmin mahnıların bir çoxu milli kimliyin qorunması naminə keşiş Mixayıl Çakırın tövsiyələri ilə bəstələnib, bu ehtimal yabana atıla bilməz.

 

Sizə təqdim etdiyim “Sarı ilan” türküsü də şəxsən mənim fikrimcə, Qaqauz faciəsinin ən gözəl ifadəsidir. Türküdə gülə sarılmış sarı ilandan bəhs olunur. Həmin sarı ilan bir uşağı udmaq üzrədir və mahnının ifaçısı yolçuları o uşağı xilas etməyə çağırır. Rusların sarı olduğunu nəzərə alsaq, burada ilanın kimliyini anlaya bilərik. Yəqin ki, türküdəki sarı ilanın sarıldığı gül vətəni, uşaq isə qaqauz xalqını təmsil edir. Şəxsən mən Mixayıl Çakırın yerinə olsaydım, rus əsarətində yaşadığımdan öz xalqımın zülmünü ancaq bu alleqorik ifadələrlə dilə gətirərdim. Necə ki, hələ məktəbli illərində yazdığım bir şeirdə gətirmişdim də:

  

“Qara gözüm yenə meydan sulayır,

Qapımızda sarı qurdlar ulayır,

İtlərimiz qurda quyruq bulayır,

Hürür bizim üstümüzə, Vətənim!”, - kimi.


Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 207          Tarix: 30-03-2024, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma