Xəbər lenti


Könül ovuna

 Arabir çıxıram könül ovuna,

Parkda, xiyabanda, ya bir kafedə.

Deyirəm sevinə, könül ovuna.

Əliboş dönürəm bax, hər dəfə də.

Baxışlar qüssəli, gözlər pərişan,

Elə bil harasa tələsir hamı.

Ya ağrı, ya kədər əzir adamı.

Vaxt əldən sürüşüb çıxır, görmürsən,

Zaman ürəyini sıxır, görmürsən.

Qayğılar edibdir əsir adamı,

Bazardan qayıdıb dönür birisi,

Zənbili xərclənən puldan yüngüldü.

Keçi buynuzunu itiləyincə,

Canavarın yemi Şəngül, Məngüldü.

Birisinin qəddi əyilib gedir,

Birisi içindən döyülüb gedir.

Nə deyim, nə görsəm, yalanı yoxdu,

Baxıram, kefi kök olanı yoxdu.

Bir az da dolaşım, deyirəm bəlkə,

Canım rahatlana, könül ovuna.

Parkda, xiyabanda, ya bir kafedə

Mən hərdən çıxıram könül ovuna.

 

Dostluq qaldı

 Bu nə umu-küsü, nə umacaqdı? -

Qürur dizə gəldi, durub əl çaldın.

İçimdə bir dünya qurmayacaqdın,

Bəs niyə dünyanı gözümdən saldın.

Əl tutduq, əlimiz bir az isindi,

Göz gözə gələndə gözə göz dəydi.

Ağlıma gəlir ki, bax, elə indi,

Top-tüfəng, güllə yox, mənə söz dəydi.

Nə yaxşı bilirsən vaxtın qədrini,

Ötən hər saniyə sənə əzizdi.

Xəbərin olmadı zaman birini

Qoyub ayağının altına əzdi.

Babalar söykənib biri-birinə,

Ocaqda alovu, qoru bölüblər.

Onlar pul yerinə, para yerinə,

Sonuncu ümidi yarı bölüblər.

Zamanı unutduq, vaxtı anladıq,

Çox vurduq, çox böldük, çox qalıq qaldı.

Görüşdük, əl-ələ tutduq, ayrıldıq,

Arada üşüyən bir dostluq qaldı.

 

Oradan çəkir

 Yaradan rəngləyir payızı, qışı,

Yazın da rəngini yaradan çəkir.

Olur gül-çiçəkdən yerin naxışı,

Mənim naxışımı qaradan çəkir.

 

Daşı boş fırlanır dənə gələndə,

Dönür arxasını sinə gələndə,

Doğrusu, bilmirəm mənə gələndə

Rəngi hardan tapır, haradan çəkir.

 

Bölərik dünyanı, gözümüz olsa,

Eh, bəsdi, ocaqda közümüz olsa,

Nə vaxt sözə gəlsək, sözümüz olsa,

Bu daşı, divarı aradan çəkir.

 

Ağlından uçurdur, qovur quşları,

Çəkir məclisinə gavur başları,

Sındırır əlində bütün daşları,

Bir bütöv daş tapmır, paradan çəkir.

 

Dilimə rəng qatır güldən, çiçəkdən,

Sözümü keçirir neçə ələkdən,

Fırçası adamdan, rəngi mələkdən,

Könlümü qaradan, quradan çəkir.

 

Çağır, yalvar-yaxar, mələ o anda,

İnanma, çağırsan, gələ o anda,

Yaradan çəkmir ki elə o anda,

Yəqin sən deyəni sonradan çəkir.

 

At izi, it izi qarışıb, düzü,

Keçmir yer üzündə Allahın sözü,

Yerdə çəkdiyinə inanmır özü,

Qalxıb göy üzünə, oradan çəkir.

 

Bir şəkil çəkdirim

 Bilmirəm neçədir könlümün yaşı,

Hansı daş altında gizlənib sirrim.

Durub yerlə qoşa, göylə yanaşı,

Deyirəm bəlkə bir şəkil çəkdirim.

 

O nədir durmadan fırladır yeri,

Bəlkə çəkim yeri özümə tərəf.

Bir az yaxşı görsün deyə hər yeri,

Qoy, tutum günəşi gözümə tərəf.

 

Dönür dodağımda ay təbəssümə,

Ulduzu bağrımdan qopan qığılcım.

Bürünsün kainat qoy, təbəssümə,

Sıyrılsın şər üstə nifrıt qılıncım.

 

Düzülüb yan-yana qalaktikalar,

Görürəm hərəsi bir ayrı rəngdə.

Oxu, hər birinin min bir sirri var,

Axşamı, səhəri eyni ahəngdə.

 

Eyni cərgədədi uçuran, tikən,

Durum yuva qurum, bir ev tikdirim.

Hələ yer var ikən, bu göy var ikən,

Deyirəm bəlkə bir şəkil çəkdirim.

 

Sənsiz bu şam

 Bu şamla çox oynama,

Bir gün aşar üstünə.

Ürəyini yandırar,

Kimsə yetməz tüstünə.

 

Yağı əriyib axar,

Qarışar göz yaşına.

Göz yaşın gül göyərdər,

Gül iş açar başına

 

Sən bu şama pərvanə,

Sənsiz bu şam əriyir.

İçi şamdı, içi şam,

Üstü adam, əriyir.

 

Uzaq ol, şeytan işi,

Bu şamı görməz hamı.

Sənsiz bu şam yaşamaz

Çox oynatma bu şamı.

 

Bir sən idin, bir də mən

 Payız idi,

Göydə bulud, yerdə çən,

Quru budaq, sarı xəzəl, bir də mən,

Kirkirənin daş gözündə bircə dən,

Fırlanırdı bu dünyanın başına.

 

Qayğılıydı qurusu da, yaşı da,

Səslənirdi dolusu da, boşu da,

Dən axtaran, çöp daşıyan quşu da

Dolanırdı bu dünyanın başına.

 

Ya əlinin, ya vəlinin tərkində,

Əli, vəli pirvəlinin tərkində,

Yüz ağıllı bir dəlinin tərkində,

Dolanırdı bu dünyanın başına.

 

Asılmışdı torpağından, daşından,

Çiçəyindən, adamından, quşundan,

Unutmuşdu, yer çıxmışdı huşundan,

Dolanırdı bu dünyanın başına.

 

Mələyinin canından can aldırıb,

Fələyi də əzrayılı qandırıb,

Yer özü də qollarını qaldırıb

Dolanırdı bu dünyanın başına.

 

Mən var idim bir bədəndən ötəri,

Yol gəlmişdim bircə dəndən ötəri,

Ayı, günü elə məndən ötəri

Dolanırdı bu dünyanın başına.

 

Payız idi,

Göy buludlu, yer də çən,

Qurdu yerdə yem gəzirdi, quş da dən,

Ağac altda bir mən idim, bir də sən,

Dolanırdıq bu dünyanın başına.

 

Yenə o

 Saçlarıma sığal çəkib ovutma,

Nə var belə, heç dil töküb ovutma,

Ürəyimi dediyin söz yandırır.

 

Elə yanır, heç su töküb soyutma,

Ürəyimi sözə büküb soyutma,

Əllərimə verdiyin köz yandırır.

 

Sənə yazdım, oxumadın, çox acı,

Nə yazmışdım, heç baxmadın gözucu,

Gözündəki o soyuq buz yandırır.

 

Ürəyimdə sönən odu, işığı,

İllər sonra yenə o qız yandırır.

 

Mən sevən qızların...

 Mən sevən qızların saçı ağarıb,

Məni sevənlərin çoxu nənədi.

Çoxu gəncliyini yaddan çıxarıb,

Bilmir aydı, ildi, neçə sənədi.

Kimisi unutmaq istər keçmişi,

Bu unutqanlıq da bir bəhanədi.

 

Dünən tələsdiyi görüş yerinə,

İndi nəvələrlə gəzməyə çıxır.

Açıb-ağartmasın deyə o anı,

Yüz dəfə dilini dişinə sıxır.

Ürəyi atlanır adı gələndə,

Bu adam dəlidi, ya divanədi.

 

Könüldən keçəni, dilə gələni,

Oğuldan, uşaqdan gizləsin gərək.

Saxlamaq çətindir ələ gələni,

Ələ gələni də gizləsin gərək.

Rastına çıxanda öz yaşıdları,

Sanasan enibdir göydən bir mələk.

Yerişi, duruşu çox şahanədi.

 

Həmişə tələsdim, tələsdim,ancaq

Həmişə yubandım gələn görüşə.

Dünəni unutdum, ya unuduldum,

Kimi unudula, kim yada düşə.

Bilirəm, bilirəm, eh, bu dəfə də

Nə sən gələcəksən, nə mən görüşə.

Yəqin yaşlılıq da bir bəhanədi.

Mən sevən qızların saçı ağarıb,

Məni sevən qızlar indi nənədi.

 

Belə xatırla

 Üzümdə solğun təbəssüm,

Gözümdə şölə, xatırla.

Bir az qəmli, bir az məsum,

Sən məni belə xatırla.

İsitməsə odum, közüm,

Nə gördün, elə xatırla.

 

Bir ağa bük, qoy torpağa,

Bir az da yaşıl yarpağa.

Bir də bir başdaşı qoy,

Bir az da göz yaşı qoy.

O göz yaşı o daş üstə

Göyərsin, elə xatırla.

 

Düşəndə günün şəfəqi,

Evə, həyətə, küçəyə.

Bənzət bir bəyaz çiçəyə,

Oxşat bir gülə, xatırla.

Bir az qəmli, bir az məsum,

Sən məni belə xatırla.

 

Tablo

 Payız buludları sıxdı gözünü,

İslandı o təzə ayaq izləri.

Bir istək könlümdən atdı özünü,

Sıyrılıb qanadı yenə dizləri.

 

Döndü etinasız bir soyuq baxış,

Elə soyuq güldü göz qaşın altda.

...Qız çıxıb getmişdi,

Yağırdı yağış,

Yazıq, islanırdı yağışın altda.

 

Qoca və payız

 Bu da arzusunda olduğu payız,

Bu da arzulara şərik bir ürək.

Dərəsi səssizdi, zirvəsi yalqız,

Çəni qırılqandı, dumanı kövrək.

 

Keçilməz olubdu ömür yolları,

Ağarmış saçları səmtinə yatmır.

Yalqız cığırlara dönüb qolları,

Bu sənəm dağların belinə yatmır.

 

Gedir, gedəcəyi yeri unudur,

Arzular yol ölçür ahıl yaşında.

Nəfəsi büdrəyir, qayadan tutur,

İnadı təngiyir dağ yoxuşunda.

 

Eh, daha suları bir yerə axmır,

Dərdə şərik olmur nə məscid, nə pir.

Bu kəhər ayaqlar sözünə baxmır,

Soyuq baxışları cilov gəmirir.

 

Gözündə təəssüf, dilində qəhər,

Bir qoca dayanıb yol üstə yalqız.

Dalıyca yüyürüb getdiyi illər,

Bir də arzusunda olduğu payız.

 

Peyzaj

 Qışın soyuğunda bu nə həvəsdi,

Yarpaqlar üstündə bir qızıl qönçə.

Gülüşü incə.

Bir baxdı, üstümdən yaz yeli əsdi.

Arzusu nə idi,

Nə idi qəsdi,

Vallah, bir baxmaqla səbrimi kəsdi.

Əlimi uzatdım budağa sarı,

Qorxudan titrədi qız dodaqları.

Gülün rəngi qaçdı,

Üz avazıdı,

Gördüm dərilməkdən çox narazıdı.

Baxdım bir özümə, bir gülə baxdım,

Gördüm yaşım keçib,

Tələsib baxdım.




Ana səhifəyə qayıt        Baxış: 3 917          Tarix: 16-06-2023, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma