“Fransa ilə nə qədər yaxşı və isti münasibəti olsa da, Ermənistan sabah təcavüz məruz qalacağı təqdirdə Paris onun köməyinə öz qoşunlarını göndərməyəcək”.
Ovqat.com-un məlumatına görə, “Fransa erməni təşkilatlarının Koordinasiya Şurası”nın (CCAF) həmsədri Murad Papazyan jurnalistlərlə söhbətində belə deyib.
Erməni icmasının nümayəndəsi hesab edir ki, Paris ən yaxşı halda İrəvana dəstəyini bir az artıracaq, amma bundan artıq heç nə etməyəcək. Papazyanın fikrincə, İrəvan bu perspektivlə üz-üzə qalmamaq üçün Rusiya ilə münasibətləri bərpa etməli, müttəfiqi düşmənə çevirməməlidir.
“Hakimiyyət istefaya getməli, elə bir yeni təhlükəsizlik mexanizmləri yaradılmalıdır ki, Türkiyə və Azərbaycan tandem Ermənistana hücum edə bilməsin. Bu, Qərb dövlətləri ilə də ola bilər, amma strateji prioritet Rusiya ilə münasibətləri bərpa etməkdir. Rusiyanı sadəcə olaraq ölkədən çıxarmaq mümkün deyil... Biz yaxın olduğumuz tərəfdaşı az qala düşmənə çevirmişik”, - Papazyan bildirib.
O qeyd edib ki, xəritəyə qısa nəzər salmaq Rusiyanın Ermənistan üçün nə qədər vacib himayədar olduğunu anlamaq üçün kifayətdir.
Qərbin ermənilərin təhlükəsizliyi baxımından alternativ ola bilib-bilməyəcəyi ilə bağlı suala gəlincə, Papazian qeyd edib ki, təkcə Qərb ölkələri ilə deyil, Hindistan və Çinlə də yaxşı münasibətlərə malik olmaq lazımdır.
“Amma biz eşidəndə ki, Avropa İttifaqı Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyəti Türkiyəyə vermək istəyir; Türkiyə neytral tərəfdaş və neytral dövlət deyil, bu o deməkdir ki, narahatlığa əsas var”, - deyə o vurğulayıb.
Siyasətçi əlavə edib ki, erməni xalqının təhlükəsizliyi bütün münasibətlərin əsasını təşkil etməlidir.
Xatırladaq ki, Paşinyanın 2021-ci il iyunun 1-də Fransaya səfəri zamanı Papazyan onun kortejinə yaratdığı əngəldən sonra İrəvan tərəfindən “persona non-qrata” elan edilmişdi. 1,5 ildən sonra məhkəmə Papazyanın Ermənistana girişinə qoyulan qadağanı ləğv edib. Sonra Emmanuel Makron iki erməni arasındakı gərginliyi yumşaltmağa çalışmışdı. İndi isə görünən budur ki, Papazyan Makronu Putinə “satmaq”la məşğuldur.
Paylaş: