Fikrimcə, Məsud Pezeşkianın İranda hakimiyyətə gəlməsi Azərbaycanla münasibətlərin inkişafına xeyli müsbət təsir göstərəcək. Cənab İlham Əliyevin Pezeşkiana zəngi və verilən mesajlar, eyni zamanda qarşılıqlı səfər dəvəti bunu deməyə əsas verir.
Bu sözləri Axar.az-a açıqlamasında professor Qabil Hüseynli deyib.
Alim səfərlərin gerçəklməsindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyacağını bildirib:
“İlk olaraq İlham Əliyevin Məsud Pezeşkianın soydaşlarımızın ona olan etimadını və mövqelərini gücləndirmək məqsədilə İrana səfər edəcəyini və ölkəmizin yeni səfirliyinin açılış mərasimində hər iki dövlət başçısının olacağını düşünürəm. Sonra isə uyğun vaxtda Pezeşkianın ölkəmizə səfəri həyata keçiriləcək. Müəyyən məsələlərin, problemlərin həlli üçün isə zaman lazımdır. Dünya çətin dövrdən keçir və quru pafosla problemlər həll edilmir. Əsas olan isə həyati məsələlərdə ortaq baxış bucağının formalaşdırılmasıdır. Yaxın gələcəkdə biz bu istiqamətdə addımların atıldığını görəcəyik. Zaman keçdikcə Pezeşkian Azərbaycanla münasibətlərin kəskinləşdirən qrupları da neytrallaşdırmağa nail olacaq”.
Professor Tehranın İrəvanla münasibətlərində Bakıya daha çox ağırlıq verəcəyini vurğulayıb:
“Ermənistanla münasibətlərə gəldikdə isə bunun tamamilə yeni formada qurulacağını və proses zamanı Azərbaycan ilə Türkiyənin milli təhlükəsizlik maraqlarının daha çox nəzərə alınacağını proqnozlaşdırmaq olar. Paşinyan və Pezeşkian arasında gedən telefon danışığından sezilən ab-hava da bizə bunu demək imkanı verir”.
Qabil Hüseynli Qərblə münasibətlərdən də bəhs edib:
“ABŞ-dan fərqli olaraq Avropada Pezeşkianla əməkdaşlıqla bağlı müsbət siqnallar artıq özünü göstərir. Tədricən İran Qərblə münasibətlərin də yeni çərçivəsini tapacaq, sanksiyaların yumşaldılmasına nail olacaq. Ümumiyyətlə isə adətən bütün prezidentliyə iddialı olan şəxslər əvvəlcədən hakimiyyətə gələcəkləri təqdirdə ölkəni necə və hansı istiqamətdə idarə edəcəklərinin modelini müəyyənləşdirirlər. Pezeşkianda da hamımız üçün faydalı olan bu model var”.
Paylaş: