Heydər Oğuz: “Alkoqolizmlə sinonimləşmiş rus xristianları ilə müsəlmanları bir araya gətirib eyni cəbhədə döyüşməyə təşviq etmək də asan məsələ deyil”
Rusiya Prezidenti Vladimir Putinin Çeçenistana səfəri zamanı Qurani-Kərim kitabını öpməsi dünya mediasında rezonans doğurub. Putinin Qurana ehtiramla yanaşması görüntülərindən sonra ortaya bir neçə sual çıxıb: Onun bu addımı nədən xəbər verir? Maraqlıdır, Rusiya rəhbəri Qurani-Kərimin mahiyyətinə vaqifdirmi? Ümumiyyətlə, bu addım bir dövlət başçısının PR-dır, yoxsa adam səmimi şəkildə bunu edib?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz deyib ki, bütün böyük dövlətlərin rəhbəri kimi, Putin də dini ehkamlardan faydalanmağa çalışır.
H.Oğuzun fikrincə, əslində dini ehkamlardan faydalanmaq təkcə Putinin siyasət tərzi deyil:
“Əksər dövlət adamları eyni xətti tutub. Xüsusilə, ortodoksal rus liderləri. Bunun da tarixi bir səbəbi var. Ortodoks xristianlığında dinlə dövlət arasında simfoniya deyilən yaxın əlaqə var idi. Bu anlayışa görə, dinlə dövlət bir-birinin işinə qarışmasalar da, bir-birini dəstəkləməlidirlər. Din dövlət hakimiyyətinin təbliğində yer almalı, dövlətsə bunun qarşılığında dinin cəmiyyət arasında güclənməsinə və ətrafa yayılmasına kömək etməlidir. Bizansdan gələn bu ortodoksal din anlayışı 10-cu əsrdən etibarən xristianlaşan rus siyasi həyatına keçmiş və 15-ci əsrdə İstanbulun fəthi ilə yeni kimlik qazanmışdı. Əslində, Rusiyanın bir imperiya kimi böyüməsində və qüvvətlənməsində Bizansın yıxılması ilə ortodoksluğa liderliyin rus hakimiyyətinin əlinə keçməsinin də böyük rolu olub. Özünü ortodoksların yeganə lideri sayan Rusiya bu məzhəbin mənəvi paytaxtı hesab olunan İstanbulu almaq həvəsinə qapılaraq böyük imperiyalar qurmaq xəttini seçib. Beləcə, Osmanlıların tabeçiliyində olan Fənər patriarxlığı ilə Moskva kilsəsi arasında böyük rəqabət başlamışdı”.
Ukrayna savaşının başlanması ilə Moskva Patriarxlığının da böyük nüfuz itkisinə məruz qaldığının xatırladan Heydər Oğuz bildirib ki, artıq ortodoks kilsələri açıq şəkildə rus pravoslav kilsəsindən ayrılırlar:
“2022-ci ildə Avropanın müxtəlif ölkələrində ortodoks kilsələri Moskva kilsəsindən ayrıldıqlarını bəyan etdilər. Bir neçə gün əvvəl Baltikyanı ölkələr və Ukrayna bu barədə qəti qərar verdi. Nəticədə Rusiyanın yüz illər boyu əlində rəhbər tutduğu kilsə-dövlət simfoniyası da dağılmağa başladı. Bu isə Moskvanın yumşaq gücünün tamamilə itirməsi anlamına gəlir. Görünür, Kreml bu itkisini Rusiya müsəlmanları ilə xristianlarının sintezini qurmaqla kompensasiya etməyə çalışır”.
Fərqli dinlərin sintezini yaratmaqla imperiyalarını davam etdirməyin yeni bir şey olmadığını deyən Heydər Oğuz vaxtilə Baburşahların Hindistanda indiuzmlə islam, Osmanlıda xristianlarla müsəlmanlar arasında bənzər bağlar yaratmağa çalışdığını və heç birinin müsbət nəticə vermədiyini qeyd edib:
“Xüsusilə Rusiyanın indi bu sintezə çox böyük ehtiyacı var. BMT-nin hesabatlarına görə, Rusiyada müsəlmanların sayı getdikcə artacaq və 2050-ci ildə müsəlmanlar xristianlarla ya eyni sayda olacaq, ya da onları keçəcək. Bu da Rusiya kimi nüvə dövlətinin müsəlmanların əlinə keçməsi təhlükəsini yaradacaq. Bəlkə də Putin Çeçenistanda Qurana hörmət nümayiş etdirməklə həm də Qərb dövlətlərinin bu qorxu damarlarına basıb, rus cəmiyyətinin müxtəlif dinli vahid millət kimi formalaşdırmaq siyasətinə başlaya biləcəyi mesajını verir. Amma bütün bu ismarışlar bihudədir. Rusiyada dərin dini parçalanma var və növbəti bölünmə xristianlarla müsəlmanlar arasında baş verəcək”.
Heydər Oğuz istisna etmir ki, Putinin Çeçenistandakı bu müsəlmanpərəstlik şousu yaxın məqsədlərini reallaşdırmaq cəhdi də ola bilər:
“Görünür, Rusiyada liderlər səviyyəsində müsəlmanlara sayğı duyulduğunu göstərməklə Putin Qafqaz xalqlarını ortaq vətən uğrunda mübarizəyə həvəsləndirmək istəyir. Amma dərd burasındadır ki, alkoqolizmlə sinonimləşmiş rus xristianları ilə müsəlmanları bir araya gətirmək və eyni cəbhədə döyüşməyə təşviq etmək də asan məsələ deyil. Rus mədəniyyətini nəinki Rusiyaya, həmçinin yaxın qonşu ölkələrə yaymaq və xarici dövlətlərdə belə rusdilli məktəblər yaratmaq strategiyasını özünün humanitar siyasətinin başlıca hədəfinə çevirən Putin bu siyasətindən əl çəkmədikcə, müsəlman-ortodoksal xristian sintezini yarada bilməyəcək”.
Zaira Akifqızı
Paylaş: