Öz siyasi mülahizələrilə zaman-zaman ictimai həyatımızda mübahisələr yaratmağı bacaran ADP sədri Sərdar Cəlaloğlu həm də elmi-fəlsəfi yaradıcılıqla məşğuldur. Qələmə aldığı çoxsaylı əsərləriylə bir çox elm sahələrinə aid məsələlərə işıq tutan ADP sədri yeni fəlsəfi düşüncələriylə də elmi ictimaiyyəti silkələyə bilir.
Ünü Biləcəridən o tərəfə keçə bilməyən bir çox alimlərimizin kəskin tənqidinə məruz qalmasına baxmayaraq, elmi-fəlsəfi yaradıcılığı ilə hətta Nobel mükafatına iddiaçılar arasına girməyi bacaran partiya sədri yeni kitab ərsəyə gətirib. “Əl-Hikmət” adlanan kitab Qurani-Kərimin fərqli izahından ibarətdir.
Ərəbcə bilməməsinə, teoloji təhsili olmamasına baxmayaraq, Sərdar Cəlaloğlunun bu təşəbbüsü, sözsüz ki, böyük cəsarət tələb edir. Kitab teoloji fəlsəfi mülahizələrlə yanaşı, Quranın müasir elmi kəşflərin işığında analizini qarşıya məqsəd qoyur.
Kitabın təqdimatına keçməmişdən əvvəl onun adına diqqət çəkmək istərdik. Bilindiyi kimi, “Hikmət” fəlsəfə elminin ilk adı idi. Yunanca hikmət anlamına gələn “Sophia” sözü daha sonra qədim yunan filosofu Fales tərəfindən dəyişdirildi. Qədim Yunanıstanın 7 müdrikindən biri hesab olunan Fales bunu hikmətin yalnız Allah tərəfindən bilinməsiylə izah edirdi. Onun fikrincə, bəşər övladı Allahın elmi olan hikməti yalnız sevə bilər. Odur ki, bu elm də hikmət sevgisi – filosophia, bizim terminlərlə desək, fələsəfə adlandırılmalıdır.
Sərdar Cəlaloğlunun “əl-Hikmət” əsəri də, ümidvarıq ki, Allah elminə ən güclü işıq tutan kitablardan olacaq.
Kitabı hissələrlə Ovqat.com oxucularına təqdim edirik:
Əvvəli: Sərdar Cəlaloğludan Quranın elmi izahı– “əl-Hikmət”
Qurani-Kərimin “ Bəqərə” surəsinin 118-ci ayəsində bəyan edilir: “Nadanlar dedilər: “Allah bizimlə nə üçün danışmır və ya bizə bir möcüz gətirmir”. Onlardan qabaqdakılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri bir -birinə bənzəyir. Şübhəsiz, Biz aydın dəlilləri inam əhli üçün bəyan etmişik.
Buradan aydın olur ki, inanmaq biliyin elə parlaq aydınlığına əsaslanır ki, subyektin düşüncədə həmin aydınlığı əlavə olaraq aydınlaşdırmaq imkanı olmur. Ayədəki “qəlbələri bir-birinə bənzəyir” ifadəsi “Allah bizimlə nə üçün danışmır və ya bizə möcüzə gətirtmir” və “Biz aydın dəlilləri inam əhli üçün bəyan etmişik” mühakimələrinin əksliyi ilə izah edilir. Beləliklə, aydın olur ki, əslində “aydın dəlillər” - bizim bu dünyada gördüyümüz hər bir şey Xalıq olan Allah Təala tərəfindən yoxdan yaradıldığından, özündə bir möcüzəni təqdim edir. İnsanlar gördüklərinə diqqət etmədikdə və ya onlar haqqında düşünmədikdə Allahı dərk etməmələri onların əlavə möcüzələr istəməsinə səbəb olur ki, bu da hər an möcüzə görən insanın inanmaq üçün əlavə möcüzə istəməsinin absurd odugunu sübut edir.
İnanmayanlar həqiqətin doğruluğunu təsdiq etmək üçün ya əlavə dəlillər tələb edirlər, ya da özləri özlərindən əlavə dəlillər gətirirlər. Hər iki halda inamsızlıq meydana çıxır. Bu ayədən görünür ki, yəhudilər Allahın varlığına inanmaq üçün iki müxtəlif dəlil-Allahın varlığının bilavasitə sübutu kimi Onun danışmasını və ya dəlil kimi Onun zatının əlaməti kimi “möcüzə” gətirməsini tələb etmişlər. Allahın insanlarla danışmağı mümkünsüz olduğundan (insanların ilahi sözü işıq sürətindən böyük sürətlə yayıldığından, eşitmək qüdrəti və gücü yoxdur) və möcüzələrin insanları daha da çaşdırdığından (möcüzələr sehr və cadu ilə oxşarlıq təşkil etdiyindən, insanlar möcüzələri xarici bərabərliyin uyğunluğuna görə cadu və ya sehr kimi qəbul edirlər) və əvvəlki təcrübələrdə möcüzələrin inanmaq üçün əsas olmadığı məlum olduğundan (inanmaq üçün şərt tələb etmək inamsızlığın başlanğıcını təşkil edir), bu iki şərti irəli sürmək yəhudilər üçün Allahı inkar etmək baxımından (buna oxşar istənilən şərtləri irəli sürən bütün insanlar üçün) dəlil rolu oynamışdır. Bundan fərqli olaraq, inananlar üçün inandıqları həqiqətə heç bir şübhə yaranmadığından, əlavə sübut və dəlil tələb etmirlər. Əksinə, inananlar bu dünyaya və özlərinə sual verməklə Allahın varlığının bu dünyadakı dəlillərini taparaq imanlarını möhkəmləndirirlər.
Haqli olaraq belə bir sual meydana çıxır: bu qədər çox tədqiq olunmuş bir kitab haqqında təzə söz, yeni fikir demək mümkündürmü və Qurani-Kərimin yenidən elmi izahına nə kimi ehtiyac vardır?
Bu suala cavab olaraq demək olar ki, Quran haqqında çox deyilmiş və eyni zamanda heç bir söz deyilməmişdir. Bu, nə deməkdir?
Quran haqqında hər bir tarixi dövrdə o dövrün insanlarına lazım olan və onların anlaya biləçəyi hər şey deyilmişdir, amma yeni dövrdə bu dövrün insanlarının anlayacağı və onlara lazım olan heç bir şey deyilməmişdir. Buna görə də hər bir tarixi dövrdə Quran haqqında heç bir fikir söylənməmiş kimi yenidən, amma daha ali səviyədə təkrar-təkrar izah tələb olunur.
Məşhur alim E.Fromm “Ümidlərin inqilabı” adlı kitabında insanlığın müasir mənəvi böhrandan çıxış yolllarından birini “dinə ali dərəcədə yenidən qayıtma” kimi təyin etmişdir. Burada “ali dərəcə” yeni dövrün intellektuallıq səviyyəsinə işarə edir. Buna uyğun olaraq, hər bir şəxs Qurana iman gətirməyə cəhd etdiyi anda Quran ona ilk dəfə nazil olan bir kitab kimi gəlir. Qurani-Kərimdə bu, “vaxta münasib nazil edilmə” kimi təyin olunmuşdur.
Qurani-Kərimin “Gafur” surəsinin 35,56-ci ayələrində bəyan edilir: “Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə dücardırlar. Allah zoraki təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə möhür basir... Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində çatmayaçaqları təkəbbürdən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur eşidən və bilən!”
Bu ayələrdən görünür ki, Qurani-Kərimin ayələri ilə onların anlamasına xidmət edən dəlillər eyni vaxtda insanlara aşkar olmur. Quran nazil olduqdan sonra tarixi inkişaf prosesində onu anlamağa imkan verən elmi dəlillər kəşf olunur (kəşflər Allah tərəfindən ayrı-ayrı adamlara verilən elm nəticəsində meydana çıxır) və yalnız bundan sonra Quranın konkret ayəsi haqqında fikir demək mümkün olur.
Müasir dövrdə əqli elmlər o qədər yeni elmi faktlara, kəşflərə və biliklərə malikdir ki, həmin faktlar, kəşflər və biliklər bir dəlil kimi Qurani-Kərimin tamamilə yenidən izahını tələb edir.
Quranın elmi izahı dedikdə Quranın elmi izah etməsi kimi başa düşülməlidir. Buradan aydın olur ki, Quran elm haqqında elmdir, yəni Quran bütün əqli elmləri ən ümumi şəkildə izah edən mütləq elm haqqında bir səmavi kitabdır.
Qurani-Kərimin “Ənkəbut” surəsinin 43-cü ayəsində bəyan edilir: “Və belə məsəlləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır”.
Bu ayədən görünür ki, Qurani-Kərimdə elə bilgilər vardır ki, onu yalnız alimlər anlayır. Məsəllər zahiri ilə batini fərqli olan mühakimələrdir. Bu dünyanı təşkil edən hər bir şey də forma və mahiyyətinə görə özündə bir məsəldir, hansı ki, alimlər onların formalarından mahiyyətlərini idrak edirlər. Məsəllərlərlə idrak obyektləri uyğunluq təşkil etdiyindən, məntiqlə aydın olur ki, Qurandakı məsəlləri anlayan insanlar alim kimi həmin məsəlləri onu anlamayanlara izah etməlidir. Qurana elmi-fəlsəfi izah yazmaq məhz bu ayəninin tələbinə əsaslanır.
Ayətullah Mürtəza Mütəhhəri “Quranla tanışlıq”kitabında yazır: “Hər bir inanclı müsəlmanın Quranla tanış olması ona görə vacib və zəruridir ki, bu kitab hər bir müsəlmanın dininin, inancının və düşüncəsinin əsas mənbəyidir. Quran bütün mənbələr üçün meyardir.” Bizcə, nəinki hər bir müsəlman, hətta hər bir insan Quranla tanış olmalıdır, cünki bu kitab insani mövcudluq üsulu haqqında dəqiq və düzgün bilgilərin mənbəyidir və Allah tərəfindən bütün insanlığa nazil edilmişdir. Quranın son səmavi kitab olmasının da səbəbi onun Tövrat və İncildən fərqli olaraq, bütün insanlığa nazil olmasıdir. Müsəlmanlar isə Quranı bütün ömürləri boyu hər gün az və ya çox dərəcədə ya oxumalı və ya ona qulaq asmalıdır.
Mütəhhərinin fikirlərindən aydın olur ki, Quran həm bütün əqli elmlər üçün vahid unuversal mənbədir, həm də bütün əqli elmlərin meyarı, onların yəqinlik və düzgünlük ölçüsüdür. Beləliklə, aydın olur ki, o müşahidələr, elmi biliklər, fikirlər, nəzəriyyələr, fəlsəfi təlimlər ki Qurana ziddir, onlar səhvdir və onların düzəldilməsinə ehtiyac vardır. Bununla yanaşı, əsası təcrübədə olmayan biliklərin də öyrənilməsində yeganə mənbə Qurandır. Beləliklə, Quran bir tərəfdən bu dünyanın təcrübi biliklərinin düzlüyünün yoxlama vasitəsi, digər tərəfdən aprior biliklərin təcrübə sahəsidir.
Haşiyə çıxim ki, son illər əqli elmlərin əldə etdiyi nəaliyyətlər əsasında Quranın doğruluğunu sübut etmə cəhdləri meydana çıxıb ki, bu da ilahi mahiyyətə zidd və yanlış bir yol kimi bir çox hallarda əqli elmlərdə hər hansı bir ayənin mənasının dəlil və sübutu olmadıqda Quranın inkar edilməsinə yol açır.
Quranın özünün xüsusi təcrübə kimi çıxış etməsi insan idrakının sərhədlərini fiziki aləmdən azad edir və onu metafizik aləmə doğru genişləndirir. Bununla da insanları bu dünyanın sərhədlərindən çıxmalarına və özü nəticə olmayan mütləq səbəblər və səbəb kimi çıxış etməyən mütləq nəticələr-yəni determinasiyadan kənar biliklərin əldə etməsinə yardımçı olur. Bu da Quranın insanlığa bir rəhmət olaraq nazil edilməsininin sübutlarından biridir.
Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai “Əl- Mizan” adlı təfsirində yazır: “Qurani-Kərim ən dəyərli və ağır ilahi əmanət kimi peygəmbərlərin sonuncusu olan həzrət peygəmbər (s) vasitəsi ilə bəşərə nazil edildi. Bu əmanət bəşəriyyət üçün bir möcüzədir. Quran ayələrinin hər biri zahiri və batini məna yükünə malikdir”. Möcüzə çoxluğun tabe olduğu qanunlara tabe olmayan tək- tək kənaraçıxma hallarından (transendetal hadisələr) ibarət olduğundan, aydın olur ki, Quran tək bir kitab kimi sonsuz sayda bəşəri kitabların tabe olduğu oxuma, öyrənmə və anlama qanunlarına tabe olmur. Deməli, Quranı dərk etmək yalnız ona məxsus orijinal üsul və metodlarlarla mümkün ola bilər ki, bu da yalnız Quranın özündə müəyyən oluna bilər. Biz bu üsulu aşağıdakı kimi təyin edə bilərik:
Quran hansı üsul və metodla nazil olubsa , onu yalnız həmin üsul və metoda uyğun qavramaq olar.
Qurani-Kərimdə bu üsul secilmiş insana-peygəmbərə “təriçən nazil edilmə” və “elm əsasinda ətrafli izah” kimi təyin olunub.Buradan aydın olur ki, Qurani anlamaq üçün ilk şərt insanın özü-özünü başqalarından yaxşı əməllərə görə “secməsidir”.
Başqalarından əməllərinə görə secilməyən kimsə Qurana iman gətirə bilməz. Məhz bundan sonra insan Qurana iman gətirmək imkanı əldə edə bilər. Quran insanlıq tarixinin və hər bir insanın öz üzərində intellektual işin gedişində tədricən anlaşılan və əqli elmlərin ən son nəaliyyətləri ilə izah tələb edən bir kitabdır. Buradan aydın olur ki, Qurana iman gətirmək üçün əqli elmlərin inkişafını ən ümumi şəkildə izləmək tələb olunur.
Quranın izahında ən ümumi şəkildə aşağıdakı şərtlər nəzərə alınmalıdır:
- Müxtəlif mövzuların izahında eyni ayələrdən istinad etmək:
Məlumdur ki, Qurani-Kərimdə bəzi ayələin zahiri olduğu kimi təkrarlanır, amma həmin ayələrin batini təkrarlanmır. Bu da eyni bir ayə ilə müxtəlif mövzuları izah etməyə imkan verir.
- Eyni bir mövzunun izahında müxtəlif ayələrə istinad etmək:
Qurani-Kərimin mətnində zahirən dəyişkən ayələr batinən bir və eyni məna verdiyindən, Quranla bağlı izah yazarkən, eyni bir mövzu dəyşkən ayələrə istinad etməklə şərh tələb edir.
- Ayələrin qeyri-ardıcıllığına istinad etmək:
Quran mətinindən görünür ki, hər hansı bir hədis ən müxtəlif surələrdə müxtəlif həcmlərdə və müxtəlif kontekslərdə bəyan edilmişdir. Konkret hədisin mənasını aydınlaşdırmaq müxtəlif surələrdəki müxtəlif ayələri bir araya gətirməyi tələb edir. Bu üsula uyğun izah edilən mövzunun izahında da müxtəlif surələrdən müxtəlif ayələrə istinad tələb edir ki, bu da Quranın izahının Quranın nazil olma üsuluna uyğun həyata keçirilməsi kimi meydana çıxır. Yazıya alınmış Quranda ayələrin ardıcıllığı nazil olma ardıcıllığına uyğun olmadığından, Quran ayələrinin yazılı ardıcıllığına uyğun izah da Quranı anlamağa imkan vermir.
- Quranı ilahi məntiqə-bənzətmə məntiqinə uyğun izah etmək:
Qurani-Kərim bir səmavi kitab kimi ilahi məntiqə uyğun şərh edilmiş ayələr şəklində nazil edilmişdir. Buradan aydın olur ki, Quranın izahı da məhz həmin məntiqə əsaslanmalıdır. Bu məntiqi formal məntiqdən fərqli “bənzətmə” məntiqi kimi təyin etmək olar.
Bu dörd şərt Quran ayələrinin nazil olması və həmin ayələrlə İlahi elmin hər tərəfli izah üsuluna uyğundur. Biz də bu kitabda məhz bu üsullardan istifadə etməyə cəhd etmişik.
(ardı var)
Paylaş: