Xəbər lenti


Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında çıxış edərək Moskvanın nüvə doktrinasına yenidən baxdığını açıqlayıb. O bəyan edib ki, hər hansı qeyri-nüvə dövlətinin başqa bir nüvə dövlətinin dəstəyi ilə Rusiyaya hücumu birgə hücum kimi qiymətləndiriləcək və bu da nüvə silahlarından istifadə hüququ yaradacaq.

Nəzərə alsaq ki, bu fikirlər Ukrayna prezidentinin ABŞ səfəri ərəfəsində səsləndirilib, istər-istəməz bəzi suallar ortaya çıxır: Bu doktrina dəyişikliyi Ukrayna prezidentinin atdığı addıma cavab olaraq planlaşdırılır? Putin ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlardan Rusiyanın dərinliklərinə atəş açmağa icazə verəcəyindənmi narahatdır? Rusiya hazırlanması planlaşdırılan yeni nüvə doktrinasına istinad edərək Ukraynanımı nüvə silahı ilə vurmaq istəyir?


Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bildirib ki, Rusiya liderlərinin nüvə təhdidləri artıq ciddi görünmür:

“Həftə səkkiz, mən doqquz təkrarlanan bu təhdidlər Rusiyanın beynəlxalq nüfuzunu sıfıra endirir və bir çox müşahidəçilərdə təbəssüm doğurur. Artıq heç kim Rusiyanın belə bir addım atacağına inanmır”.

Heydər Oğuzun fikrincə, Putinin və digər rus rəsmilərinin dəfələrlə təkrarlanan bu təhdidlərinə baxmayaraq, NATO qüvvələrinin Ukraynanı istədikləri kimi silahlandırması artıq Qərb dövlətlərinin də Moskvanın təhdidlərinə məhəl qoymadığından xəbər verir:

“Bunun isə ciddi əsasları var. Çünki Rusiyanın bu zamanadək silah arseanlı barədə iddia etdikləri düz çıxmayıb. Bir zamanlar Kinjal raketlərinin radara yaxalanmadığını və zərərsizləşdirilməsinin mümkün olmadığını bildirirdilər. Və yaxud S-300 və S-400-lərinin ən yaxşı hava hücumundan müdafiə sistemləri olduğunu irəli sürürdülər. Eyni sözləri dünyanın ən güclü tankları hesab olunan “Armada”lar haqqında deyirdilər. O iddiaların hamısı ya Qarabağ, ya da Ukrayna savaşlarında puça çıxdı. Rusiyanın nüvə arsenalının da digər silahları kimi kağızdan pələng olmadığına etibar yoxdur”.


Siyasi şərhçi xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda rus silah arsenalını vurdu və həmin silah anbarında Rusiyanın ən güclü nüvə silahı sayılan “Sarmat”ların saxlanıldığı iddia olunurdu:

“Arsenalın partlayışı nəticəsində göy üzündə göbələkvari halənin görünməsi də bu ehtimalı gücləndirirdi. Həmin partlayışın isə ciddi nəticəsi olmadı. Bütün bunlar Rusiyanın nüvə gücünə şübhələri artırır”.

Heydər Oğuzun fikrincə, ABŞ və bir çox Avropa ölkələri özlərinin çoxqatlı hava hücumundan müdafiə sistemləri yaradıblar və bu üstünlük onları Rusiyanın nüvə hücumundan sığortalaya bilər:

“Söhbət ABŞ-ın dünyanın müxtəlif ölkələrində qurduğu 4 qatlı hava hücumundan müdafiə sistemlərindən gedir. Bilirsiniz ki, sözügedən 4 qatlı müdafiə sistemi bu şəkildə qurulub:

1) Uzaqmənzilli HHM sistemləri (məsələn, THAAD);

2) Ortamənzilli HHM sistemləri (məsələn, AEGIS);

3) Qısamənzilli HHM sistemləri (məsələn, Patriot);

4) Yaxın məsafədən müdafiə (digər çoxlüləli silahlar).

3000 km mənzilə malik THAAD-lardan tutmuş 5 km. mənzilli Stingerlərə qədər hava hədəflərini müxtəlif məsafələrdə zərərsizləşdirən bu sistemlər ABŞ-ı maksimum səviyyədə qoruya bilər. Zənnimcə, bu ilin aprel ayında yaşanan İran-İsrail gərginliyi də haqqında danışdığım çoxqatlı müdafiə sistemini sınaqdan çıxarmaq üçün idi. İranın atdığı 300-dən çox raket və silahlı dronların 90 faizi çoxqatlı müdafiə sistemlərini aşa bilmədi. Həmin raketlərdən bir çoxu isə ballistik idi. İsrail torpaqlarına düşən bir neçə raketin belə düzgün hədəfə getmədiyi üçün sistem tərəfindən boş verilmədiyini də bilmirik. Bu durumda ABŞ-ın Rusiyanın hücumlarından çəkinməsi üçün çox ciddi əsasları yox kimidir”.

Heydər Oğuz onu da xatırladıb ki, Rusiyanın itisürətli raket sarıdan İrandan belə geri qaldığı Ukraynada gedən savaşda bir daha öz təsdiqini tapdı:

“Məlum oldu ki, Rusiya hətta İranın hücum silahlarına möhtacdır və ondan səs sürətindən iti raketlər alır. Putin Şimali Koreya kimi dövlətlərin belə ayağına gedəcək qədər zəiflik nümayiş etdirdi. Belə bir hərbi qüdrətdən kim çəkinər? Faktiki olaraq, Qərbin natamam dəstəyini alan Ukrayna belə rus raketlərini rahatlıqla zərərsizləşdirə bilir. Bu mənada mən Rusiyanın nüvə doktrinasında aparacağı dəyişikliyin ABŞ-ı qorxudacağına inanmıram. ABŞ müharibəni uzatmaq və Rusiyanı tükəndirmək üçün Putinin bu blefindən istifadə edə bilər və yəqin ki, edəcək də. Amma bu, Rusiyanın daha pis çöküşünə yol açacaq”.


Rusiyanın Ukraynanı nüvə silahları ilə vuracağına gəlincə, siyasi şərhçinin fikrincə, bu, “bitə hirslənib yorğanı yandırmağa” bənzəyəcək:

“Məsələ burasındadır ki, Ukrayna həm coğrafi, həm də mədəni baxımdan Rusiyaya ən yaxın dövlətlərdəndir. Kiyevdən Moskvaya məsafə heç 1000 km. də deyil. Təbii ki, Ukraynaya atılacaq istənilən nüvə bombası Rusiyanın özünə də təsir edəcək. Üstəlik, Ukraynanın da əli yerindədir. Nüvə silahı olmasa da, Rusiyanın atom elektrik stansiyalarını vuracaq istənilən sayda raketləri var. Onlardan hər hansı birinin partladılması bir neçə nüvə bombası təsirinə bərabərdir. Üstəlik, Rusiya Avropanın içərilərində yerləşən bir ölkəyə nüvə bombası atmasına NATO da laqeyd qalmaz. Rusiyanı elə hala salarlar ki, nüvə düyməsinə sıxmasına peşman olar. Bu yaxınlarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bir fikir irəli sürmüşdü. Demişdi ki, o, Rusiyaya nüvə silahlarından istifadə etməmək barədə xəbərdarlıq edib. Bildirib ki, Rusiya əgər bu xülyalara düşsə, ABŞ onu adi silahlarla elə duruma salar ki, Moskva kaş ki, nüvə bombası ilə vurulmasını arzulayar. Fikrimcə, bu çox ciddi və aşağılayıcı təhdiddir. Moskvanın aşağılanmamaq üçün bu cür boş xəyallara düşəcəyini gözləmirəm”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 666          Tarix: 27-09-2024, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma