Xəbər lenti


Naxçıvan səhiyyə sistemində ərizə qalmaqalı bitmək bilmir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Respublika xəstəxanasının işçilərinə müddətli əmək müqaviləsi yazdırmağa çalışan TMİB (Naxçıvanın TƏBİB-i) bu tələbə etiraz edən tibb işçilərinin şikayəti media orqanları tərəfindən işıqlandırılandan sonra geri çəkilmişdi. Respublika xəstəxanasının işçilərinə müddətsiz əmək müqaviləsi imzalatmaqla (tibb işçiləri arasında 40 ildir eyni xəstəxanada işləyənlər də var və onlara yenidən işə qəbul ərizəsinin yazdırılması hansı zərurətdən doğub anlamaq mümkün deyil) canlarını qurtaran TMİB başbilənləri indi həmin tibb ocağının laboratoriyasının əməkdaşlarına “ilişiblər”. 

 

Ovqat.com-un məlumatına görə, Respublika xəstəxanasının attestasiya imtahanından 11 bal toplayan (gorun çatlamasın, Mirzə Cəlil) Baş həkimi Ramazan “yoldaş” (Naxçıvanda hələ də sovet müraciət forması dəyişməyib) laboratoriya işçilərini bir araya toplayıb, onların artıq xəstəxanaya aid olmadıqlarını, bir türk şirkətinə satıldıqlarını bildirib. Və israrla tələb edib ki, indi yeni ağalarının adına ərizə yazıb köhnə işlərinə yenidən qayıda bilərlər. 

 

Laboratoriya ilə birlikdə özlərinin də qul kimi satıldıqlarını eşidib xeyli təəccüblənən laborantlar tələb ediblər ki, onlara müvafiq “alqı-satqı müqavilələri” göstərilsin. Tibb xadimlərini narahat edən əsas məsələ isə sabah Türk şirkətini Naxçıvandan qovsalar (ki, Naxçıvan üçün bu olduqca xarakterik məsələdir), laborantların taleyinin necə olacağıdır. Nə illah ediblərsə, işçilərə bu barədə hər hansı məlumat və rəsmi sənəd göstərilməyib. Beləcə, ara qarışıb, dəftər itib. Nəticədə Naxçıvan xəstəxanalarının yeni rəhbəri TMİB sədri Vüsal Məmmədov “yoldaş” (Naxçıvan həkimləri ona belə müraciət edirlər) laborantların harayına özünü yetirib. O da bu zavallılara çoxdan “satıldıqlarını” etiraf edib, amma yenə də bunu təsdiq edən heç bir sənəd göstərməyib.

 

İki arada, bir dərədə qalan laborantlar sonunda xəstəxananın Həmkarlar İttifaqının sədri Qəzənfər Abdullayev “yoldaş”a məktub yazıb bu qul hərracına aydınlıq gətirməsini istəyiblər.

 

Bazar ertəsi günü ünvanına yetişəcək məktubu Qəzənfər müəllimdən əvvəl siz dəyərli Oxucularımızın nəzərinə çatdırırıq. 




“Yadların bizə yazığı gəlir, bizimkilər isə...”

 

Laborantların iddiasına görə, Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasını “Exon Naxçıvan MMC” adlı bir şirkətə veriblər. 

 

Laborantların etiraz iclasına gələn şirkətin türkiyəli direktoru onların şikayətini dinləyib və arqumentləri ilə razılaşıb. Hətta deyib ki, bizə çox bel bağlamayın, bu gün burdayıq, sabah Naxçıvandan çıxıb gedə bilərik. Sizi dövlət işçiliyindən azad edirlərsə, biz gedəndən sonra taleyiniz necə olacaq? Hətta onu da əlavə edib ki, Türkiyədə dövlət işində çalışan məmuru heç kim işdən çıxara bilməz. Sizi hansı əsasla işdən çıxarırlar, şəxsən mən anlamış deyiləm.

 

Laborantlar türk şirkətinin direktorunun bu sözlərini belə şərh edirlər: “Türkün bizə yazığı gəlir, bizimkilər bizə qənim kəsiliblər”.

 

Naxçıvan səhiyyəsi – “xalaoğlular” imperiyası

 

Laborantlar “laboratoriyanın boz kardinalı” adlandırdıqları şəxsin foto şəkilini də bizə göndərdi. İddialarına görə, əlində plaket tutan bu cavan oğlan Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasının direktor müavindir, amma özünü “boz kardinal” kimi aparır. Yanına bir tibb bacısını da alıb laboratoriyanın işçilərini dinləməklə məşğuldur. Kimin həddi nədir, laboratoriyada başlarına gətirilən müsibətlər barədə artıq əskik danışa. Dərhal tibb bacısı dövriyyəyə girir, kimin nə danışdığını “boz kardinal”a, boz kardinal isə TMİB sədri Vüsal Məmmədova ötürür. Ardınca da “ağzının danışığını bilməyən” laborantın qara günləri başlayır. Laborantların dediyinə görə, yenə “boz kardinal”ın Gestapoçuluğuna dözmək olar. Necə olsa, səlahiyyət sahibidir. Onların şikayətləndiyi əsas şəxs isə müəyyən səbəblərdən hələ ki, adını çəkməyi məsləhət görmədiyimiz tibb bacısıdır. “Boz kardinal”ın lobbiçiliyi sayəsində tibb bacısı özünü Naxçıvan səhiyyəsinin baş komandanı kimi aparır. 

 

Bəs, el arasında Naxçıvan səhiyyəsinin “boz kardinalı” adını qazanmağa nail olan bu şəxs kimdir? 

 

Laborantların dediyinə görə, onun adı isə Nihatdır. Laboratoriya “Exon Naxçıvan” şirkətinə veriləndə bu vəzifəyə təyin olunub. Gücünün sirri isə çox sadədir; o, Naxçıvan xəstəxanalarının yeni patronu TBİM sədri Vüsal Məmmədovun xalası oğludur.  

 

Nihatın atası isə Respublika xəstəxanasının 6-cı mərtəbəsində yerləşən yeməkxanasını işlədir.

 

Naxçıvan laborantlarının dinlədikcə istər-istəməz beyinlərdə bu nida “cücərir”: Bərəkallah, Vüsal müəllimə, adam rəsmən Naxçıvan səhiyyəsinin işıq gələn hər deşiyinə bir barmağını soxub.

 




Ana səhifəyə qayıt        Baxış: 5 843          Tarix: 6-10-2024, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma