Xəbər lenti


 

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1991-1993) – (3-cü hissə)

 

Naxçıvanda AXC-yə məxsus silahlı dəstələr var idi. Avqust ayında keçirilən sessiyada silahlı dəstələrin ləğvi haqqında qərar qəbul edilsə də bu müvəqqəti olaraq icra edilmədi. Bundan isə AXC rəhbərliyi məharətlə istifadə etdi. İran səfəri ərəfəsində Azərbaycan hökumətinin Heydər Əliyevlə münasibəti tamamilə korlanmışdı. Daxili işlər naziri İsgəndər Həmidov Naxçıvanda çevriliş həyata keçirmək üçün Elçibəydən icazə istəsə də sonuncu buna razılıq vermədi. Həmidov Elçibəyin fikrini qətiləşdirmək üçün açıq-aşkar zorakılıqdan çəkinmirdi: “Naxçıvanda lazımi qayda-qanun yaradacağam, lazım gələrsə, Əliyevin beynini partdadaram”. (Furman və Abbasov, 2001:229). Avqustun 20-i Naxçıvana səfərə gedən Həmidov Ali Məclis üzvləri ilə görüşündə Məmməd Məmmədovun Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilməsi, onun yerinə isə layiqli bir şəxsin təyin edilməsi haqqında danışıqlar apardı. Həmidovun bu təklifi Naxçıvan MR rəhbərliyi tərəfindən qəbul edildi. Razılaşma əsasında Məmməd Məmmədovun Bakıda başqa vəzifəyə təyin edilməsi, onun müavini Əsgər Ələkbərovun müvəqqəti olaraq muxtar respublikanın daxili işlər naziri vəzifəsini icra etməsi, son qərarın isə 10 gün sonrakı Ali Məclis sessiyasınında müzakirə edilməsi qərara alındı.[1]

Lakin 1992-ci ilin avqustun 25-də Heydər Əliyev İranda səfərdə olarkən Naxçıvan MR Daxili İşlər Nazirliyinə regionun bədən tərbiyəsi və idman komitəsi sədri Siyavuş Mustafayevin muxtar respublikanın daxili işlər naziri vəzifəsinə təyin olunması haqqında əmr daxil oldu. İsgəndər Həmidovun Siyavuş Mustafayevi nazir vəzifəsinə təyin etdiyi 1718 nömrəli əmr hələ onun Naxçıvana gəlməsindən 2 gün əvvəl, avqustun 18-də imzalanmışdı (“Səs” qəzeti, 29.10.1992:1). Ali Məclisin sədri Heydər Əliyev İran səfərindən geri qayıtdıqdan sonra avqustun 26-da İsgəndər Həmidovla əlaqə saxlamağa çalışsa da buna nail ola bilmədi. Prezident Əbülfəz Elçibəy və Dövlət katibi Pənah Hüseynovla danışıqlar da heç bir nəticə vermədi. Azərbaycan Sosial Demokrat partiyasının lideri Zərdüşt Əlizadə tərəflər arasındakı qarşıdurmanı 1991-ci ildəki AXC-Ayaz Mütəllibov mübarizəsinə bənzədirdi: “ AXC siyasi iflasa uğramış Mütəllibovu o vaxt yıxdı ki, piket, mitinq və hücumlarla hökuməti laxlatdı, müdafiə və güc strukturlarına nəzarəti ələ keçirdi. Demokratik inqilabçı niqabını taxmış cəbhəçilərə qarşı güc istifadə etməyən Mütəllibova əhalinin olan qalan etimadının qırılması onun devrilməsi ilə nəticələndi. İndi də təxminən eyni vəziyyət Naxçıvandadır. Müdafiə qüvvələrini faktiki olaraq öz əlinə alan AXC Naxçıvan DİN-inə də nəzarəti ələ keçirib əhalinin Əliyevə qarşı etimadını qırsa o zaman bu planını həyata keçirə bilər.” (“İstiqlal” qəzeti, 4.09.1992:3).

Bu dövrdə mətbuatda Heydər Əliyev əleyhinə kampaniya başlandı. AXC Naxçıvan şöbəsinin təmsilçisi Bünyamin Qəmbərov sentyabrın 13-də “Ayna” qəzetinə verdiyi müsahibədə Naxçıvanın ayrıca respublikaya çevrilməsindən şikayətlənirdi: “Naxçıvan MR dövlət statusuna uyğun olmayan bir neçə xüsusiyyətə – dövlət müdafiə komitəsinə, gömrük komitəsinə, milli banka və s. malikdir. İndiyə kimi Naxçıvanın icra hakimiyyət orqanlarına prezidentin təmsilçiləri yox, yerli sovetlərin icraiyyə komitələrinin sədrləri başçılıq edir. Respublikada İran və Rusiya kəşfiyyatının üzvləri mövcuddur. Naxçıvanda ciddi siyasi qarşıdurma yetişməkdədir. Əgər respublika rəhbərliyi vəziyyəti normallaşdırmaq üçün addımlar atmazsa Naxçıvan Xalq Cəbhəsi qəti hərəkətlərə keçəcəkdir.” (“Ayna” qəzeti, 15.09.1992:1-2). Sentyabrın 15-də “Azadlıq” qəzetində yayımlanan yazıda da təxminən eyni ifadələr işlədilmişdi: “Naxçıvan tədricən müstəqil dövlətə çevrilir və Azərbaycan hökumətini tanımır. Naxçıvan hazırda İran kəşfiyyatının poliqonuna dönüb və vəziyyət belə davam edərsə, buranın respublikadan ayrılma təhlükəsi var.” (“Azadlıq” qəzeti, 15.09.1992:4).

İsgəndər Həmidov məsələni öz üzərinə götürərək Azərbaycan daxili işlər nazir müavini Rəhim Quliyevi Naxçıvana göndərdi və Siyavuş Mustafayevi yeni nazir kimi kollektivə təqdim etməsini istədi. Naxçıvan MR rəhbərliyi bu qərarı qəbul etmədi və məsələnin sadəcə Naxçıvan MR Konstitusiyasına əsasən Ali Məclisin təsdiqi ilə verilə biləcəyini bildirdi. 1992-ci ilin sentyabrın 16-da keçirilən Ali Məclisin növbəti sessiyasında Mustafayevin nazir kimi təyin edilməsi ilə bağlı müzakirə başlandı. Müzakirəyə Azərbaycan daxili işlər naziri müavini Rəhim Quliyev dəvət olunsa da O, bundan imtina etdi və təyinatın qeyd-şərtsiz qəbul edilməsini istədi. Sentyabrın 17-də keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında Siyavuş Mustafayevin yeni daxili işlər naziri kimi təklifini sadəcə 3 deputat dəstəklədi, 83 deputat isə əleyhinə çıxdı. Həmin sessiyada Naxçıvan MR daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Əsgər Ələkbərov yeni daxili işlər naziri seçildi. (İştirak edən 86 deputatın 69-u qərarın lehinə səs verdi) (“İki sahil” qəzeti,24.10.1992:4). Bu qərardan dərhal sonra İsgəndər Həmidov Naxçıvanın bütün polislərinin əmək haqqısını kəsəcəyi ilə hədələdi (“Ayna” qəzeti, 22.09.1992:1).

Lakin bu təhdidin faydası olmadı və daxili işlər naziri daha sərt addım atdı. İsgəndər Həmidov 601 nömrəli əmrlə yenicə təyin olunmuş Naxçıvan MR daxili işlər naziri Əsgər Ələkbərovu, eləcə də daxili işlər nazinin müavini Namiq Həsənovu , istintaq bölməsinin rəisi Mais Həsənovu , qərargah rəisi Oruc Zalovu, ictimai təhlükəsizlik bölmə rəisi əvəzi Bəylər Eyyubovu, kadr və şəxsi heyətlə iş idarəsinin rəisi Afət Qurbanovu daxili işlər orqanlarından çıxardı.[2] (“Naxçıvan” qəzeti, 20.10.1992:3) Muxtar respublikanın daxili işlər nazirliyinin şöbə rəisi Tahir Allahyarovu Bakıya çağıran İsgəndər Həmidov onu Naxçıvan MR daxili işlər nazirinin müavini təyin etdi. Digər qərarla isə Ordubad polis şöbəsinin rəisi Faiq Əhmədov vəzifəsindən çıxarıldı, onun yerinə isə Ordubadda müəllim işləmiş İlqar Məmmədov yeni polis rəisi kimi təsdiq edildi (“Ayna” qəzeti, 01.10.1992:1-2) Bu qərarlar Naxçıvan MR rəhbərliyində ciddi narazılıq yaratdı. Daxili işlər nazirliyinin orqanları yeni təyinatları qəbul etmədi və vəzifəsindən azad edilən polis işçilərinin dərhal öz tutduqları vəzifələrə geri qaytarılmasını tələb etdilər. İsgəndər Həmidov isə geri çəkilmək istəmirdi və Naxçıvan MR hökumətinə ultimatum verərək 601 nömrəli əmrin yerinə yetirilməyəcəyi təqdirdə Naxçıvana gələcəyini və bunu güc yolu ilə tətbiq edəcəyi bildirdi. Naxçıvan MR rəhbərliyi bu ultimatumu rədd etdi və yeni təyinatları olduğu kimi saxladı. Bu hadisələr Azərbaycan mətbuatında geniş formada işıqlandırıldı. “Ayna” qəzetində oktyabrın 1-də yayımlanan “Naxçıvan DİN-i hələ də rəhbərsiz qalmışdır” adlı məqalə daxili işlər naziri İsgəndər Həmidovun xoşuna gəlmədi və O, növbəti gün qəzetin redaksiyasına basqın edərək jurnalist Cahangir Hüseynova xəsarət yetirdi. Qəzetin redaksiya heyəti etiraz əlaməti olaraq yayımı müvəqqəti olaraq dayandırdılar (“Ayna” qəzeti, 02.10.1992:1) Bu hadisə ölkədə geniş rezonans doğurdu. Ölkənin aparıcı xəbər agentlikləri və qəzetləri – “Azadlıq”, “Azərbaycan”, “Azərbaycan dünyası”, “Azərinform”, “Açıq Söz”, “Ayna”, “Biznes”, “Bakinskiy raboçiy”, “Birja”, “Vətən”, “Vışka”, “İstiqlal”, “İki Sahil”, “Müxalifət”, “Millət”, “Naxçıvan”, “Odlar Yurdu”, “Ordu”, “Səs”, “Savalan”, “Turan”, “Femida”, “Xalq”, “Xəbər-servis”, “Real” və “Xəbərlər”in rəhbərlikləri Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək İsgəndər Həmidovun cəzalandırılmasını tələb etdilər (“Vışka” qəzeti, 03.10.1992:1).

İsgəndər Həmidov isə bu dövrdə Naxçıvan MR rəhbərliyini cəzalandırmaq üçün tədbirlər hazırlayırdı. Oktyabrın 24-də isə hadisələr kuliminasiya nöqtəsinə çatdı. Həmin gün saat 16:10 radələrində AXC Naxçıvan vilayət şöbəsinin 200 nəfərə yaxın[3] silahlı dəstəsi Naxçıvan MR DİN və Naxçıvan televiziyası binasına hücum edərək buranı ələ keçirdilər. Təşkilatçılıq işlərinə və çevrilişçi dəstələrə AXC Naxçıvan şöbəsinin sədri Asəf Quliyev, Naxçıvan MR deputatı, AXC-nin Ordubad bölməsinin sədri Fərəc Quliyev və Həmidovun daxili işlər naziri təyin etdiyi Siyavuş Mustafayev rəhbərlik edirdi. Hücumun uğurlu alınmasında həmin günün qeyri-iş günü olmasının böyük rolu var idi və növbətçi polislər faktiki olaraq müqavimət göstərə bilmədilər. Yalnız televiziya binasını ələ keçirərkən müqavimətlə üzləşən üsyançılar polis serjantı Eldar Məmmədovu başından, polis serjantı Vaqif Məmmədovu isə ayağından yaraladılar. Binanın ələ keçirilməsində televiziyanın işçisi, AXC üzvü Fəridə Abdullayeva iştirak etmişdi (“Naxçıvan” qəzeti, 27.10.1992:2). Bundan sonra AXC üzvlərinin bir qismi Ali Məclisin qarşısındakı polis postlarını əzərək parlament binasına daxil oldular. Onların bir qismi məclis binasında Heydər Əliyevi axtarmağa başladı. Lakin Ali Məclis sədri gözlənilən hücumla bağlı əvvəlcədən xəbərdar edilmişdi və təhlükəsiz yerə sığınmışdı (Çernyavskiy, 2002:108). Çevrilişi həyata keçirən şəxsləri müəyyən etdikdən sonra Heydər Əliyev öz tərəfdarlarını küçələrə çağırdı. Televiziya üsyançıların əlində olduğu üçün əhaliyə polis maşınlarındakı meqafonlar vasitəsilə məlumat verildi (“Bakinskiy Raboçiy” qəzeti, 28.10.1992:3). Qısa müddət ərzində ətraf rayonlardan gələn minlərlə əhali AXC-nin ələ keçirdiyi əraziləri mühasirəyə aldı və silahlı dəstə üzvləri faktiki olaraq binalarda sıxışıb qaldılar. Onlar Bakıdan çevrilişin uğurlu alınması üçün kömək gözləyirdilər. Heydər Əliyev həmin günü belə xatırlayırdı: “Hadisənin baş vermə xəbərini alan kimi dərhal İsgəndər Həmidova zəng etdim. Onun köməkçisi Mərdan məni ona birləşdirəcəyini bildirsə də bir müddət sonra nazirin telefonla danışan zaman otaqdan çıxdığını bildirdi. Mən daha sonra Elçibəyə zəng etdim və vəziyyəti danışdım. O, mənə nə etməli olduğumu söylədi. Prezidentə dərhal silahlı şəxslərin DİN binasını boşaltmasına əmr verməsini istədim. Ancaq bu danışıq nəticə vermədi. Hər 15 dəqiqədən bir Elçibəyə zəng vururdum. Axşam saat 8-də əhalinin səbri tükənmişdi. Azərbaycan Xalq Cəbhəsinə yenə müraciət etdim. Bu dəfə silahlı dəstənin 1 saat ərzində binadan çıxmayacağı təqdirdə töküləcək qandan AXC-nin məsul olacağını bildirdim.” (Həsənov,2008:470-471).

Bakıdan kömək gəlmədiyini gördükdən sonra axşam saat 10-da AXC silahlıları əraziyə gətirilən zirehli texnika vasitəsilə tutduqları binaları tərk etdilər. Çevrilişin uğursuz alınmasını görən İsgəndər Həmidov dərhal mətbuat konfransı təşkil etdi və hadisələrlə bağlı Naxçıvan MR parlamentini günahlandırdı: “Daxili işlər nazirliyi fəaliyyəti milli maraqlara zidd olan hər kəslə məşğul olacaq. Əgər Naxçıvan parlamenti mənim fikrimə və iradəmə qarşı çıxmağa davam edərsə 15 dəqiqə ərzində onu dağıdacam”. Növbəti gün Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası keçirildi və okyabrın 24-də baş verən hadisələr “Naxçıvan MR-də dövlət çevrilişinə cəhd” adlandırıldı (“Naxçıvan” qəzeti, 21-27.10.1992:1). Həmin gün çevrilişdə iştirak edən şəxslər həbs edildi. Naxçıvan Ali Məclisi AXC silahlı dəstələrinin 3 gün ərzində tərkisilah edilməsi haqqında qərar qəbul etdi (Hacıyev, 2015:352). Oktyabrın 25-də Babək rayonunda polislər AXC-nin region bölməsinin üzvlərini həbs etdi, onlardan 8 nəfəri evlərində tutularaq bölməyə aparıldı (“Vışka” qəzeti, 29.10.1992:1). İsgəndər Həmidov oktyabrın 27-də Naxçıvanda hakimiyyəti devirmək üçün növbəti cəhdə əl atdı. Bakı hava limanında İsgəndər Həmidovun əmri ilə Naxçıvana uçmalı olan iki təyyarə hazırlanmışdı. Azərbaycanın daxili işlər naziri dövlət çevrilişinə dəstək vermək və Heydər Əliyevi həbs etmək üçün 300 nəfər əməkdaşını ora göndərmək niyyətində idi. Lakin Naxçıvan hava limanının uçuş-enmə zolağı yanacaq tankerləri tərəfindən bağlanması buna imkan vermədi (Çernyavskiy, 2002:108). İsgəndər Həmidov Bakıdan dəstə göndərilməsi haqqında məlumatı Naxçıvan MR rəhbərliyinə bu respublikanın Azərbaycandakı nümayəndəsi Həsən Zeynalovun xəbər verdiyini düşünürdü və buna görə onu cəzalandırmaq üçün yanına silahlı insanlar göndərdi. Zeynalov həmin günü xatırlayır: “ Oktyabrın 27-də saat 2 radələrində bir mülki, bir hərbi paltarda iki nəfər şəxs iş otağıma girərək mənim həbs edildiyimi bildirdilər və həbsim haqqımda heç nə bildirməyərək özləri ilə getməyimi tələb etdilər. Onlarla gəlmiş əli avtomatlı 4 şəxs qapıda dayanmışdı. Yaranmış münaqişə ilə bağlı binanın foyesinə xeyli adam toplaşdığından, mən onların gözü qarşısında avtomobilə əyləşdirildim və Həmidovun qəbuluna gətirildim. Nazir özünəməxsus kobud tərzdə dedi ki, sən kimsən ki, Heydər Əliyevlə danışıb, bizim Naxçıvana getməyimizə mane olursan, biz istədiyimiz vaxt oraya gedib qaydan-qanun yaradacağıq. Dünən də sən aeroportu bağlatdırıb, təyyarələrin uçmağına mane olmusan. Bütün baş tutmayan reyslərin pulu səndən alınacaq. Cavabında mən bildirdim ki, bunların hamısı böhtandır. Belə olduqda, O, bildirdi ki, mən səni indi “podval”a basacağam, bir kişi varsa gəlib səni ordan çıxarsın. Sonra bir işçisini çağırdı və məni müstəntiqin yanına aparandan sonra işarə ilə zirzəmiyə basılmağımı əmr etdi. Orda 6 saat yarım qaldıqdan sonra buraxıldım.” (“Naxçıvan” qəzeti, 03.10.1992:2).

Naxçıvandakı hadisələr elmi, ictimai xadimlər tərəfindən narazılıqla qarşılandı. Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Zahid Qaralov, Əli Nağıyev, Murtuz Ələsgərov, Fikrət İsmayılov, Araz Əlizadə, Hacıbala Abutalıbov, Lalə Hacıyeva və digər şəxslər Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək hadisədə əli olanların cəzalandırılmasını tələb etdilər (“Səs” qəzeti, 29.10.1992:1). Prezident Əbülfəz Elçibəy “Naxçıvan” qəzetinə verdiyi müsahibədə isə bu qarşıdurmanı “məhəllə davası” adlandırmışdı (“Naxçıvan” qəzeti, 03.11.1992:1). AXC rəhbərliyi də Heydər Əliyevi Naxçıvandakı mitinqlərdə İran mollasının çıxışına izn verməkdə və parlamentin Rusiya Prezidenti Boris Yeltsinə kömək üçün müraciət etməsində günahlandırdı (“Bakinskiy Raboçiy” qəzeti, 28.10.1992:3). AXC-nin bu iddiasını Ali Məclisin sədri Heydər Əliyev rədd etdi. (“Naxçıvan” qəzeti, 03.11.1992:1). Bu kimi ittihamlar cəmiyyət tərəfindən də qəbul edilmədi. Çevriliş cəhdi AXC-nin nüfuzuna çox mənfi təsir göstərdi. Türkiyə və İran rəsmi olaraq Heydər Əliyevə dəstək verdiyini bildirdi. Naxçıvandakı dövlət çevrilişinə cəhddə Heydər Əliyevin tərəfində olduğunu bildirən dövlətlərdən biri də Ermənistan idi. Ermənistan prezidentinin mətbuat katibi Ruben Şuqaryan “İnterfaks” agentliyinə verdiyi müsahibədə qeyd edirdi: “Hadisədən belə nəticəyə gəlmək olar ki, Ermənistanın Naxçıvanla normal və sabit münasibətləri rəsmi Bakıya xoş gəlmir. Bakı Naxçıvan MR-də siyasi vəziyyətin qeyri-sabit olmasında maraqlıdır. Bunda da məqsəd Ermənistan üçün daima təhlükə doğurmasıdır. Erməni rəhbərliyinin Heydər Əliyevlə dialoqu bəzi anlaşılmaz və arzu olunmaz anlara baxmayaraq davam edir. Biz qarşılıqlı münasibətlərimizin normal məcrada inkişafı üçün əlimizdən gələni edəcəyik. Bunun üçün Ermənistan nümayəndə heyətinin Naxçıvana səfəri də istisna edilmir.” (“Ayna” qəzeti, 28.10.1992:1).

Cəmiyyət tərəfindən təzyiqə məruz qalan Əbülfəz Elçibəy vəziyyətin araşdırılması üçün xüsusi komissiya yaratdı və Naxçıvana nümayəndə heyəti göndərdi. Bu ərəfədə isə İsgəndər Həmidov Heydər Əliyevi hədələməkdə davam edirdi: “Heydər Əliyev Levon Ter-Petrosyanla gündə 5 dəfə telefonla danışsa da ölkə başçısına ümumiyyətlə zəng etmir. Əgər Əliyev respublikada xaos yaratmağı və ya Naxçıvanı Azərbaycandan ayırmağı planlaşdırsa alnına bir yox, iki güllə vuracam”. Həmidovun provakasiyalarına baxmayaraq, Naxçıvana göndərilən heyət ilə Heydər Əliyev arasındakı danışıqlar 1993-cü ilin əvvəlində uğurla başa çatdı. Tərəflər mövcud vəziyyətlə bağlı kompromis varianta gəldilər. İsgəndər Həmidovun bundan əvvəl daxili işlər orqanlarından çıxartdığı şəxslər yenidən öz vəzifələrinə qaytarıldı. Heydər Əliyev isə Siyavuş Mustafayevin daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilməsinə etiraz etmədi.

Naxçıvanın muxtariyyətinin ləğvinə cəhd

Payızda Naxçıvan MR ilə qarşıdurmadan sonra Elçibəy öz iqtidarını möhkəmləndirməyə çalışan yeni bir plan üzərində işləməyə başladı. 1990-cı ilin sentyabr ayında keçirilən parlament seçkilərindən sonra Azərbaycan Ali Sovetinin böyük əksəriyyəti Azərbaycan KP üzvlərindən ibarət idi. Elçibəy özünə qarşı parlamentdən təhlükə gözlədiyi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif etdi. Seçkilər 1993-cü ilin payızında keçirilməli idi. Digər tərəfdən, Naxçıvan istiqamətindən gələ biləcək təhdid üçün isə daha təhlükəli plan irəli sürüldü. Bu, Naxçıvanın muxtariyyətinin ləğv edilməsi idi. Bununla bağlı ilk fikirlər oktyabrdakı çevrilişə cəhddən dərhal sonra ortaya atılmağa başladı. AXC İcraiyyə Komitəsinin sədri Tofiq Seyidov Naxçıvanda totalitar rejimin bərpa olunduğunu, Heydər Əliyevin bütün vəzifələri əlində topladığını iddia etdi (“Naxçıvan” qəzeti, 03.11.1992:1). Bu səbəbdən Seyidov Naxçıvanın statusuna birbaşa müdaxiləni təklif etdi. 1992-ci ilin noyabrın 2-də Dövlət katibi Pənah Hüseynov Bakı Dövlət Universitetindəki çıxışında və “Müxalifət” qəzetinə verdiyi açıqlamada Naxçıvanın muxtariyyət statusuna qarşı olduğunu bildirən açıqlama ilə yadda qaldı (Hacıyev, 2015:352) AXC-nin Naxçıvanla bağlı siyasəti müxalifət tərəfindən də ciddi tənqid edildi. Azərbaycan Milli İstiqlal Partiyasının Naxçıvan şöbəsinin sədri Əli Yusifov qeyd edir: “ Bu gün iqtidar Naxçıvan üçün çox şey edə bilər, ancaq etmir. Misal olaraq, may ayından etibarən Naxçıvana göndəriləcək yüklərin uzaq Astaradan yox, Biləsuvardan daşınması təklif edilib. Bunu həll etmək nə çətin işdir ki? Hələ də yubadırlar. Dəmiryolunun açılması ilə bağlı da heç bir iş görülmür. Bəziləri bilərəkdən Naxçıvanda gərginliyin saxlanmasında maraqlıdırlar. Daha sonra çevrilişə cəhd etdilər. Zorakılıq hazırda AXC-nin Naxçıvan siyasətində əsas yola çevrilib. Nemət Pənahlının həbs edilməsi, Sirus Təbrizliyə edilən hədə-qorxu da onu göstərir ki, AXC qanunun gücünə yox, yumruğun gücünə arxalanır. Biz belə siyasəti qəbul etməyəcəyik.” (“Naxçıvan” qəzeti, 17.11.1992:2).

Azərbaycan Sosial Demokrat Partiyasının lideri Zərdüşt Əlizadə isə Heydər Əliyevi “Azərbaycanın Brazauskas”ı adlandırmışdı və Naxçıvandakı iqtidarı ölkəni idarə edəcək real siyasi qüvvə kimi görürdü. Müxalifətin Əliyevə dəstəyinə baxmayaraq, dekabrda hökumətin Naxçıvan MR-ə təzyiqi artmağa başladı. Dekabrın 4-dən 6-a kimi Bakıda Azərbaycan Xalq Cəbhəsinin II qurultayı baş tutdu. Qurultayda AXC-nin sədri, Azərbaycan Prezidenti Əbülfəz Elçibəy iştirak edirdi. Qurultay Naxçıvan MR – Azərbaycan qarşıdurması geniş müzakirə edildi. Partiya rəhbərliyi hakimiyyətin siyasətini dəstəklədi və NMR hökumətindən muxtariyyətin qanunvericiliyinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırılmasını tələb etdi. Heydər Əliyev “Nezavisimaya qazeta” müxbirinə verdiyi müsahibədə AXC-nin II qurultayı zamanı ona qarşı istifadə edilən sözlərə cavab verdi: “Tamamilə yanlış ehtimal əsasında verilən qərara ancaq təəssüflənmək və təəccüblənmək lazımdır. Birincisi, Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanlarının fəaliyyətində heç bir separatizm yoxdur. İkincisi, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları arasında heç bir ziddiyyət yoxdur.” Naxçıvan MR Ali Məclisinin Rəyasət Heyəti 1992-ci il dekabrın 7-də “ Naxçıvan MR və onun ətrafındakı vəziyyətlə əlaqədar bəzi məsələlər haqqında” qəbul etdiyi qərarda Azərbaycan Prezidenti və Ali Sovetindən muxtar respublikada sabitliyin pozulmasına yönəlmiş və ağır nəticələr verə biləcək hüquqa zidd və antikonstitusion hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyi tələb etdi (“Səs” qəzeti, 31.12.1992:2). Bu tələbə qarşı AXC-dən daha sərt açıqlamalar gəldi. Naxçıvan AXC şöbəsinin sədri Asəf Quliyev açıq şəkildə zorakılığa çağırdı: “Əgər belə getsə bütün məsuliyyəti öz üzərimə götürüb xalqı silahlı üsyana qaldıracağam. Bizim 500-dən çox əsgərimiz var. Biz inqilab edirik. İnqilabda isə qan tökülər.” (“Aydınlıq qəzeti”, 11.12.1992:3). AXC-nin II qurultayında Naxçıvan MR rəhbərliyinə qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı fikirlər Azərbaycan parlamentinin üzvləri tərəfindən tənqid olundu. Azərbaycan Ali Sovetinin sədr müavini Tamerlan Qarayev “Ayna” qəzetinə verdiyi müsahibədə bu ifadələrə qarşı çıxdı.

–       AXC-nin Naxçıvan şöbəsi nümayəndələrinin Heydər Əliyevi separatçı meylləri barədə fikirləri barədə nə düşünürsünüz?

–       Mən bu məsələyə ehtiyatla yanaşıram. Çünki bu iddianı edən adamlar bir müddət əvvəl Heydər Əliyevin müttəfiqi idilər. Bu hakimiyyət uğrunda bayağı mübarizədir.

–       Naxçıvan MR-də gömrük məntəqələri, xarici nümayəndəliklərin açılması, eləcə də Ermənistanla separat danışıqlar aparılması barədə iddialar barədə nə fikirləşirsiz?

–       İlk iki addım qanunların pozulmasıdır. Lakin mən bu hərəkətləri separatçı kimi dəyərləndirmirəm. Bu addımlar Naxçıvanın problemlərini həll etmə naminə verilmiş qərarlardır.

–       Naxçıvandakı problemlərin silahlı yolla həlli imkanına münasibətiniz necədir? İkinci qurultay zamanı AXC üzvləri məhz buna işarə edirdilər.

–       Mayın 14-15-də Bakıda aparılmış eksperimenti Naxçıvanda etmək böyük səhv olardı. Həmin günlər Bakıda real hakimiyyət yox idi və AXC iqtidarı yerdən götürdü. Naxçıvanda amma real hökumət var və bu müharibə qansız keçinə bilməz. Bu səbəbdən Naxçıvan MR ilə mütləq kompromisə getmək lazımdır (“Ayna qəzeti”, 16.12.1992:1).

Heydər Əliyevə qarşı fiziki təhdidlərdən[4] sonra dekabrın 9-da Ali Məclis sədrinin müdafiə komitəsi yaradıldı. Komitəyə Zahid Qaralov rəhbərlik edirdi (“Naxçıvan” qəzeti, 15.12.1992:1-3). AXC-nin II qurultayından sonra ölkədə yeni konstitusiyanın formalaşdırılması və bu konstitusiyada Naxçıvanın muxtariyyətinin ləğv edilməsi barədə şayiələr yayılmağa başladı. Bu şayiələri Azərbaycan Milli Məclisinin sədri İsa Qəmbərov dekabr 10-da “Bakinskiy Raboçiy” qəzetinə verdiyi müsahibədə faktiki olaraq təsdiqlədi: “Hazırda Naxçıvanda vəziyyətin gərgin olması prezidentə məxsus strukturların regionda olmamasından qaynaqlanır. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi istisna deyil. Naxçıvanda mütləq prezidentin nümayəndəsi olmalıdır.” (“Bakinskiy Raboçiy qəzeti”, 12.12.1992:1). Rəsulzadə adına BDU-nun konstitusiya hüququ kafedrasının müdiri, professor Murtuz Ələsgərovun “Naxçıvan” qəzetinə verdiyi müsahibədə yeni konstitusiyanın maddələri ilə bağlı məlumat verdi: “ Bu yaxınlarda rəsmi mənbələrdən məlum olub ki, prezident Milli Məclisə Azərbaycan Respublikasının Konstitusiya layihəsini təqdim edib. Həmin sənədə əsasən ölkə konstitusiyasının 185 maddəsindən 149-u dəyişdirilir. Yeni qəbul ediləcək konstitusiyada Naxçıvandakı siyasi muxtariyyət ərazi-inzibati muxtariyyəti ilə əvəz ediləcək. Mahiyyət etibarı ilə bu, muxtariyyətin ləğvindən başqa bir şey deyil. Lakin Naxçıvanın qarantı olan Türkiyə və Rusiyanın razılığı olmadan bu addımı reallaşdırmaq mümkün deyil. Belə bir qərar regionda xaosa gətirib çıxara bilər.” (“Naxçıvan” qəzeti, 15.12.1992:3). Naxçıvan MR Ali Məclisi muxtariyyətin ləğvi ilə bağlı iddialardan sonra rəsmi açıqlama verdi: “ Xüsusi siyasi və geosiyasi şəraitdə yerləşən Naxçıvanın 70 il bundan əvvəl muxtar respublika statusu əldə etməsi tarixi nailiyyətdir və ona edilən hər hansı qəsdi Naxçıvan MR vətəndaşının hüquq və mənafeyinə edilən qəsd kimi qiymətləndirmək lazımdır.” (Hacıyev, 2015:353)

Ali Məclisin sədri Heydər Əliyev konkret idi: “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaq”. Dekabrın 29-da Naxçıvan televiziyası ilə çıxış edən Heydər Əliyev regiondakı problemlərin həlli üçün Elçibəyi muxtar respublikaya dəvət etdi (“Vışka” qəzeti, 31.12.1992:2). 1992-ci ilin sonlarında Azərbaycan hökuməti ilə Naxçıvan MR arasında gərginləşən münasibətlər 1993-cü ilin əvvəlində yumşalmağa başladı. Cəbhədəki uğursuzluqlar Elçibəyi narahat edirdi və O, Naxçıvanla da münasibətləri tam korlamaq istəmirdi. Yeni konstitusiya layihəsi barədə mətbuatda ışıqlandırılan yazılardan sonra bununla bağlı müzakirə tamamilə gündəlikdən çıxarıldı. Bu qərar həm də Azərbaycana qarşı Rusiya-İran-Türkiyə üçlüsünün təzyiqi ilə formalaşmışdı. 1993-cü ilin fevralın əvvəlində Azərbaycan rəhbərliyi Naxçıvan MR-də prezidentin xüsusi nümayəndəsi kimi Heydər Əliyevlə yaxşı münasibətləri olan Azərbaycan Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilovu təyin etdi (“Naxçıvan” qəzeti, 02.02.1993:1). Bu təyinat hökumətin kompromis addımı idi. Prezident Elçibəylə Heydər Əliyev arasında ilk rəsmi görüş 1993-cü ilin fevralın 12-də baş tutdu. Qardaşı Həsən Əliyevin dəfni üçün Bakıya gələn Heydər Əliyev burada prezidentlə görüşdü. 8 saat davam edən söhbət zamanı tərəflərin nəyi müzakirə etməsi barədə rəsmi açıqlama verilmədi. Daha sonra Heydər Əliyev xatirələrində həmin görüşü belə xatırlayır: “ Elçibəy mənə mühüm vəzifələrdən birini təklif etmişdi. Lakin mən hökumətin apardığı siyasətin dəyişdirilməsini istədim. Elçibəy bunu qəbul etmədi. Ona açıq formada apardığı siyasətin ölkəni dağıdacağını söylədim. Mənə idarəetməni öyrəndiklərini və belə bir şeyə imkan verməyəcəklərini bildirdi. Bir neçə arqumentlər səsləndirsəm də bununla razılaşmadı.” (Zenkoviç, 2007:444-445). Ümumi fikir fərqliliyi olsa da görüş nikbin formada yekunlaşdı. Görüşdən sonra Heydər Əliyev xalqı qanuni yolla seçilmiş prezidentin ətrafında birləşməyə çağırdı (Çernyavskiy, 2002:108). Beləliklə, Əliyevlə barışıq yolunda addım atan Elçibəy müəyyən mənada özünü təminat altına almağa çalışdı.

Yeni Azərbaycan Partiyasının yaranması

Heydər Əliyevin 1992-ci ilin payız aylarında nüfuzu güclənmişdi. Ölkədə iqtisadi vəziyyətin son dərəcə pisləşməsi AXC-yə olan dəstəyin zəifləməsinə gətirib çıxardı. Bu şəraitdə ölkə elitasının üzvləri Azərbaycanın siyasətinə yön verəcək siyasi partiya yaratmaq üçün oktyabrın 16-da Heydər Əliyevə müraciət etdi. “91-lərin müaciəti” kimi tarixdə qalan, Ziya Bünyadov, Fərəməz Maqsudov, Ömər Eldarov, Kərim Kərimov, İqrar Əliyev, Murtuz Ələsgərov, Xəlil Rza Ulutürk, Əli Ömərov, Eldar İbrahimov, Əjdər İsmayılov, Zahid Xəlilov, Lalə Hacıyeva və onlarla elmi xadim tərəfindən imzalanan bəyanatda deyilirdi: “ Möhtərəm Heydər bəy. Ölkədə siyasi və iqtisadi vəziyyət getdikcə pisləşir. Dünənə kimi meydanlarda demokratiyadan danışanlar hazırda zorakılıq etməkdən çəkinmirlər. Hazırda ölkənin islahata ehtiyacı olan liderə ehtiyacı vardır. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Möhtərəm Heydər bəy. Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir (“Səs” qəzeti, 16.10.1992:1-2).

Heydər Əliyev oktyabrın 24-də ziyalıların müraciətinə müsbət cavab verdi: “ Hörmətli ziyalılar! 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.” (“İki Sahil” qəzeti, 07.11.1992:2). AXC hökuməti belə bir partiyanın yaranma ehtimalına mənfi münasibət göstərdi və YAP üzvlərinin demək olar ki, hamısının SSRİ DTK-na mənsub olmaqda ittiham etdi. YAP Təşkilat Komitəsi isə buna belə cavab verdi: “Respublikada 40-a yaxın siyasi partiya olduğu halda, bizə qarşı qısqanc münasibət onu göstərir ki, doğru yoldayıq. Əgər AXC hökuməti bizim üzvlərimizin DTK ilə əlaqəli olduğunu isbat etmək istəyirsə arxivləri açsın. O zaman kimin kim olduğu aydınlaşar. Məhz bu iqtidarın bəzi üzvləri DTK ilə əlaqəli olduqları üçün arxivlərə girişi bağlayıblar.[5]” (“Səs” qəzeti, 05.11.1992:3).

Yeni yaradılacaq partiyaya Naxçıvanda maraq daha çox idi. AXC-nin Naxçıvan MR Ali Məclisi deputatlarının əksəriyyəti və keçmiş “Demokratik Azərbaycan” blokunun üzvləri YAP-a üzv oldular. Onlardan biri, keçmiş AXC Culfa deputatı Əşrəf Talıbov həmin rayonun YAP üzrə sədri seçildi (“Naxçıvan” qəzeti, 16.02.1993:1). 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.[6] Azərbaycanın müxtəlif regionlarından olan 450-dən çox nümayəndənin iştirakı ilə keçirilən konfransda partiyanın sədri Heydər Əliyev seçildi, eyni zamanda konfransda 12 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı (“Naxçıvan” qəzeti, 24.11.1992:1). YAP-ın təsis konfransından sonra “Azadlıq” radiosunun müxbiri Elmira Əhmədova Heydər Əliyevə partiyanın yaranması zərurəti barədə suallar verdi.

–       Cənab Əliyev, hazırda Azərbaycanda siyasi partiyalar yağışdan sonrakı göbələklər kimi peyda olmağa başlayıb. Yeni Azərbaycan partiyasının onlardan fərqi nədir?

–       Azərbaycanda siyasi partiyalar çoxdur. Lakin onların heç biri real təsir qüvvəsinə malik deyil. Məsələn, bu yaxınlarda yaradılan Müsavat kimi. Həm Müsavat, həm də digərləri ilə müqayisədə nisbətən populyar olan Azərbaycan Milli İstiqlal Partiyası millətçi partiyadır. Halbuki ölkədə Azərbaycan türklərindən başqa ləzgilər, talışlar, kürdlər, ruslar, tatlar, avarlar yaşayır. Buna görə millətçi partiya kütləvi partiya ola bilməz. Bizim partiya bütün Azərbaycan xalqının maraqlarına cavab verir. Bizim partiyanın bir digər fərqi odur ki, hətta qərar qəbul ediləndən sonra da üzvlərimiz həmin qərarı tənqid etmə imkanına malikdir. Ölkədə heç bir partiyada belə bir mexanizm yoxdur.

–       Siz uzun müddət tərəddüd edəndən sonra bu partiyanın yaradılmasına razılıq verdiniz. Bu tərəddüd nə ilə əlaqəli idi?

–       Hər şeydən əvvəl ona görə ki, Azərbaycanda heç bir kütləvi partiya olmamasına görə. İnsanlar sanki vakuuma düşüblər. Bu gün AXC qeyri-qanuni hərəkətlərə yol verir. Ona görə təkcə nöqsanları tənqid etmək yox, həm də Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək üçün mən belə bir partiyanın yaradılmasını məqsədəuyğun hesab elədim.

–       Noyabrın 21-də keçirilmiş təsis konfransında adamların Yeni Azərbaycan Partiyasından daha çox, Heydər Əliyevin ətrafında birləşmək istədiyini sezmək olurdu. Proqram və partiya nizamnaməsindən daha çox sizin haqqınızda danışılırdı. Bu konfrans bir növ mənə Kompartiya dövrünün yığıncaqlarını xatırlatdı. Bu tendensiya sizi təşvişə salmır ki?

–       Bu məsələ məni də narahat edir. Fikirlərimi konfransda açıq formada dedim. Amma bunun köməyi olmadı. Digər tərəfdən, elə xaricdə də ayrı-ayrı dövlət adamlarının adı ilə partiyalar eyni formada hallanır. Misal üçün, Süleyman Dəmirəlin “Doğru yol” partiyası kimi.

–       Siz 40 ildən çox kompartiyanın üzvü olmusuz. Siz yeni partiyanın idarəçiliyində kompartiyaya məxsus müsbət cəhətlərdən istifadə etməyi düşünürsünüz?

–       Kompartiyanın fəaliyyətində müsbət cizgilər də mövcud idi. Sosializm quruculuğunun üzərindən bütövlükdə qalın çarpaz xətt çəkmək ədalətli iş deyil. Yeni yaradılmış partiyanın kompartiyadan başlıca fərqi onun həqiqi mənada demokratik prinsiplər üzərində bərqərar olmasıdır (“Ayna” qəzeti, 02.12.1992:2).

Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə verdiyi müsahibədə isə Heydər Əliyev partiyanın məqsədlərindən danışdı: “YAP parlament tipli partiyadır və onun əsas məqsədi müstəqil dövlətçiliyi inkişaf etdirmək, demokratik, hüquqi, irqi və dini ayrıseçkilik olmayan bir cəmiyyət qurmaqdır. Əsas planımız isə Azərbaycanı müharibə vəziyyətindən çıxarmaq, Qarabağ probleminin həlli və ağırlaşan sosial vəziyyətlə bağlı tədbirlər görməkdir. Partiyanın nizamnaməsində iqtisadi model kimi tənzimlənən bazar iqtisadiyyatı əsas götürülüb” (“İki sahil”qəzeti, 28.11.1992:4). YAP-ın yaranmasından 3 həftə sonra sədr müavini Murtuz Ələsgərov yaşadığı binanın qarşısında sui-qəsdə məruz qaldı. Dekabrın 15-də saat 17:00 radələrində 2 nəfər tərəfindən bıçaqlanan BDU professoru ağır vəziyyətdə xəstəxanaya çatdırıldı (“İki sahil” qəzeti, 19.12.1992:1). Həkimlərin müdaxiləsi nəticəsində Ələsgərov sağ qaldı. Bu hadisə cəmiyyətdə geniş rezonans doğurdu. 1 gün sonra Heydər Əliyev, BDU müəllimlər heyəti və digər universitet professorlarından ibarət 65 nəfər ziyalı Prezident Əbülfəz Elçibəyə müraciət edərək Yeni Azərbaycan Partiyasına qarşı təqibləri dayandırmağı, Ələsgərova qarşı edilən cinayətdə əli olan şəxsləri cəzalandırmağı tələb etdilər (“Naxçıvan” qəzeti, 22.12.1992:1). Eyni dövr ərzində “Turan” AAƏB-in ofisinə 30-40 nəfərin basqın edib dağıtması, qurumun sədri Nemət Pənahlının həbs edilməsi hökumətin nüfuzuna ciddi zərbə vurdu. 3 ay ərzində YAP-a üzv olan vətəndaşların sayı 100 mini keçdi, bu rəqəm Naxçıvanda 31.648 nəfərə çatmışdı (“Naxçıvan” qəzeti, 02.02.1993:1). Bu ərəfədə Əbülfəz Elçibəy və Heydər Əliyevin reytinqi də faktiki olaraq bərabərləşdi. Belə ki, 1992-ci ilin may ayında Azərbaycanda keçirilmiş sorğuda Elçibəyin reytinqi 44,8 faiz, Heydər Əliyevin isə 11,7 faiz idi. 1992-ci ilin noyabrında keçirilən sorğuda isə prezidentin reytinqi 25 faizə enmiş, Ali Məclis sədrinin reytinqi isə 23 faizə qalxmışdı.[7]

Kəlbəcərin işğalı, siyasi böhran və Heydər Əliyevin iqtidara gəlməsi

1993-cü il Azərbaycanın Qarabağda ağır məğlubiyyətləri ilə başladı. Prezident Elçibəyin əmri ilə 2-ci Ordu korpusunun komandiri Surət Hüseynov Ağdərə əməliyyatının növbəti hissəsinə başladı. Hücum əməliyyatı böyük itkilərlə yekunlaşdı. Əməliyyatın uğursuz alınmasında korpus daxilində alay komandiri olan İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovla Surət Hüseynovun qarşıdurmasının böyük rolu oldu (Çernyavskiy, 2002:106). Hüseynova məxsus hərbi qüvvələrə cinahlardan dəstəkləməli olan Sabir Şabanovun könüllülərindən ibarət AXC batalyonu Fərrux istiqamətində, eləcədə Rövşən Cavadovun rəhbərlik etdiyi OMON qüvvələri isə Sırxavənd istiqamətində hücuma keçmədi[8] (Vəliməmmədov, 2019:110). Bu döyüşlərdə 123-cü motoatıcı alay əsgərlərinin 40 faizi həlak oldu. Korpus komandiri Surət Hüseynov ciddi itkilər verən alayın komplektləşdirilməsi üçün 108 nömrəli əmri imzaladı və bölmələri dislokasiya yeri olan Gəncəyə göndərdi. Hüseynovun bu qərarı Azərbaycan hökumətinin bəzi üzvləri tərəfindən xəyanət kimi dəyərləndirildi. Bununla bağlı ilk açıq ittihamı 9 fevral tarixində televiziya ilə çıxışında Fərəc Quliyev dilə gətirdi. Bundan sonra bir-birinin ardınca hökumət üzvləri Dövlət katibi Pənah Hüseynov, Baş prokuror İxtiyar Şirinov Surət Hüseynov və Rəhim Qazıyevi Rusiya ilə əlbir olaraq ölkədə hərbi çevriliş həyata keçirməkdə ittiham etdilər. Prezident Elçibəy Surət Hüseynovu fevralın 10-da Qarabağ üzrə xüsusi nümayəndə vəzifəsindən çıxardı və 3 gün sonra aparılan danışıqlarda ona korpus komandiri vəzifəsindən istefa verməyi təklif etdi. Təklifi qəbul edən Hüseynovu evə gedərkən milislər həbs etməyə cəhd göstərdi, lakin onu qohumu ilə səhv saldılar. Həbsdən yayınan eks korpus komandiri Gəncəyə getdi və Elçibəyə müraciət edərək qohumlarının azadlığa buraxılmasını tələb etdi. Həmin gün Hüseynov 2-ci Ordu korpusu komandiri vəzifəsindən azad edildi. Müdafiə naziri Rəhim Qazıyev də təxminən eyni formalı təzyiqlərə məruz qaldı. Qazıyev fevralında 19-da Milli Məclisdə orduya edilən tənqidlərdən sonra müdafiə naziri vəzifəsindən istefa verdi. Onun istefası fevralın 20-də qəbul edildi və 1 gün sonra Dadaş Rzayev yeni müdafiə naziri təyin edildi. Ordunu “rus meylli” hərbçilərdən təmizləmək üçün bu dövrdə müdafiə nazirliyində ciddi yoxlamalar başlandı. Müdafiə nazirinin müavini Baba Nəzərli, nazirliyin maliyyə idarəsinin rəisi T.Abbasov və maliyyə şöbəsinin müdiri T.Məmmədov həbs edildi (Furman və Abbasov, 2001:155).

Bir müddət sonra isə kontr-admiral Eduard Hüseynov evinin qarşısında öldürüldü. AXC-nin özünə sadiq qüvvələr yaratmaq istəyi baha başa gəldi. Fevral 14-də erməni ordusu Sərsəng su anbarına yaxınlaşdı və Ağdərə-Kəlbəcər yolunu kəsdi. Azərbaycan hökuməti əsas hücumun Ağdərə şəhəri istiqamətində ediləcəyini düşünürdü və buna görə də bu istiqamətin müdafiəsini gücləndirdi. Lakin erməni hərbçiləri martın 26-da Kəlbəcər əməliyyatına başladılar. Kəlbəcər və Laçının şimalını həmin dövrdə polkovnik-leytenant Əzizağa Qənizadənin rəhbərlik etdiyi 1985 nəfər hərbçidən ibarət 701-ci briqada qoruyurdu. Onlar hücumun qarşısını ala bilmədi. Kəlbəcər rayonu və Laçın rayonunun şimalı aprelin 2-də erməni bölmələri tərəfindən işğal edildi. Kəlbəcərin işğalı ölkədə növbəti hökumət böhranını yaratdı. Orduda həyata keçirilən kadr dəyişiklikləri, İsgəndər Həmidovun “İstiqlal” qəzetinin redaktoru Zərdüşt Əlizadəyə xəsarət yetirməsi və “Dialoq” verilişinin canlı efirində AMİP üzvü Mübariz Qurbanovu təhqir etməsi ölkədə iqtidarın nüfuzunun tamamilə itirməsinə gətirib çıxardı. Kəlbəcərin işğalından sonra hökumətdə bəzi dəyişikliklər baş verdi. Prezident Əbülfəz Elçibəy daxili işlər naziri vəzifəsindən istefa verən İsgəndər Həmidovun yerinə Abdulla Allahverdiyevi yeni nazir təyin etdi. Dövlət katibi vəzifəsindən istefa verən Pənah Hüseynov yeni hökumət rəhbəri seçildi. O, bu vəzifədə Baş nazir vəzifəsini icra edən Əli Məsimlini əvəz elədi. Dövlət katibi vəzifəsinə isə AXC sədr müavini Əli Kərimov təyin edildi.

Bu dövrdə Heydər Əliyev isə praqmatik siyasətini davam etdirirdi. Ali Məclis sədri Naxçıvan MR Baş naziri Şəmsəddin Xanbabayev və İranın Naxçıvandakı konsulu Məhəmməd Sadiq Turi[9] ilə birlikdə martın 16-da İrana səfər etdi. Bu səfərdə tərəflər arasında yeni razılaşmalar əldə edildi.

–       İran Naxçıvana 1500 ton kartof toxumu, 500 ton arpa toxumu və kənd təsərrüfatı ləvazimatları göndərəcək.

–       1992-ci il avqustun 24-də imzalanan müaviləyə əsasən, Babək rayonunda tikiləcək kərpic zavodunun və məscidin tikintisi aprelin 15-də başlanacaq. Bundan əlavə, regionda plastik qablar zavodu və xına sexi tikiləcək.

Səfər zamanı Naxçıvan MR ilə Şərqi Azərbaycan ostandarı Əli Əbdüləlizadə ilə əməkdaşlıq protokolu imzalandı. Tehranın “15-i Xordat” xəstəxanasında müalicə alan Azərbaycan əsgərlərini ziyarət edən Heydər Əliyev daha sonra Naxçıvana geri döndü (“Naxçıvan” qəzeti, 30.03.1993:1). Ali Məclis sədri daha sonra aprelin 19-dan 25-dək Türkiyəyə səfərə getdi. Türkiyə Prezidenti Turqut Özalın dəfnində iştirak edən Heydər Əliyev Baş nazir Süleyman Demirel və “Ana vətən” partiyasının lideri Mesut Yılmazla görüşdü. Bu danışıqlarda Naxçıvana ayrılmış 25 milyon dollarlıq yardım paketinin istifadəsi ilə bağlı razılıq əldə edildi. Bundan başqa, Türkiyə Naxçıvan MR-ə 2 min ton buğda və 2330 ton müxtəlif ərzaq malları göndərəcəyinə söz verdi (“İki sahil” qəzeti, 01.05.1993:1). Heydər Əliyev Türkiyədən qayıtdıqdan sonra Ermənistanla sərhəddə vəziyyət yenidən gərginləşdi. Naxçıvan MR Ali Məclis sədrinin müavini Anar Səfərov “İki sahil” qəzetinə verdiyi müsahibədə qeyd edirdi: “ Aprelin 25-də gecə saat 2-yə 10 dəqiqə işləmiş Ermənistanla sərhəddə qoşunların yığışması müşahidə edildi. Bu istiqamətdə bölmələrimiz Sədərəyin birinci postundan ikinci postuna doğru geri çəkildilər. Bir müddətdən sonra ermənilər pulemyotlarla atəş açmağa başladılar. 2 saat atışmadan sonra səhərə yaxın düşmən yenidən aktivləşib. Sədərəkdə 10 ev dağıdılıb, 9 yaşlı qız uşağı yaralanıb. Ermənistan tərəfinə müraciətdən sonra günorta Ararat rayonu rəhbərləri ilə görüşdük. Sərhəddə birgə nəzarət postlarının yaradılması barədə razılığa gəlmişik. Sərhədin hər iki tərəfində 3 kilometr məsafədə təhlükəsizlik zonasının yaradılması haqqında saziş bağlamaq niyyətimiz var.” (“İki sahil” qəzeti, 19.05.1993:3).

Ermənistanla sərhəddə olan atışmalara son qoymaq üçün Heydər Əliyev mayın 14-də Sədərəkdə Ermənistan nümayəndələri ilə danışıqlara başladı. Ermənistan Ali Soveti sədrinin müavini Ara Sahakyanla aparılan danışıqlarda Naxçıvan MR – Ermənistan birgə kommünikesi imzalandı. Kommünikedə deyilirdi: “Ermənistan Respublikası və Naxçıvan Muxtar Respublikası sülhün qorunmasının və normal qarşılıqlı əlaqələrin inkişafının, baş verə biləcək konfliktlərin qarşısını almaq mexanizminin işlənməsinin vacibliyini qeyd edərək, dəmir yolunun və digər kommunikasiya xidmətlərinin açılması, qonşu rayonlar arasında rabitə sistemlərinin inkişaf etdirilməsi, kənd təsərrüfatı işlərinin aparılmasının təhlükəsizliyinin təmin edilməsi sahəsində razılıq əldə olunmasının zəruriliyini xüsusi qeyd edirlər. Tərəflər əmin olduqlarının bildirirlər ki, əldə olunmuş razılıqlar Ermənistan Respublikası və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasındakı sərhədin bütün sahələrində sülhün və sabitliyin qorunmasına xidmət edəcəkdir.” (“İki sahil” qəzeti, 05.06.1993:1). Heydər Əliyevin Sahakyanla apardığı danışıqlar və əldə edilən razılaşmalar Azərbaycan – Naxçıvan MR ilə münasibətlərini yenidən gərginləşdirdi. Azərbaycan xarici işlər naziri Tofiq Qasımov bu danışıqların aparılmasını separatçılıq adlandırdı: “ Heydər Əliyevin separat danışıqları dövlətin mənafeyinə uyğun gəlmir. Ermənistan bu yolla Naxçıvanı və eləcə də Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışır.” Həmin dövrə kimi Heydər Əliyevi müdafiə edən Azərbaycan Ali Soveti sədrinin müavini Tamerlan Qarayev bu dəfə Ali Məclis sədrini açıq formada tənqid etdi: “Heydər Əliyev “Moskovskiye novosti” qəzetinə verdiyi açıqlamada açıqdan-açığa Naxçıvan haqqında müstəqil qurum kimi danışır. Prezidentin ölkədə fövqəladə vəziyyətlə bağlı fərmanı Naxçıvanda icra edilmir.[10] Hazırda Kəlbəcərlə bağlı danışıqlar getdiyi vaxtda bu cür danışıqlar aparmaq respublika hökumətinə arxadan zərbədir. Biz başa düşürük ki, Naxçıvan blokadadadır və orda vəziyyət ağırdır. Ancaq bu vəziyyət Naxçıvan Ali Məclis sədrinə danışıqlar aparmağa haqq qazandırmır. Digər bölgələrdə də vəziyyət heç də yaxşı deyil. Onda imkan verək ki, Ağdam icra hakimiyyətinin başçısı Əsgəranla, Füzuli icra hakimiyyətinin başçısı Xocavəndlə danışıqlar aparsın? Belə siyasət olmaz. Buna görə mən təklif edirəm ki, Heydər Əliyev Milli Məclisə dəvət olunsun və orda izahat versin.” (“Azadlıq qəzeti”, 22.05.1993:3).

Bu dövrdə Elçibəy hökuməti əsas rəqibi Surət Hüseynovu neytrallaşdırmaq üçün əməliyyat hazırlayırdı. Keçmiş korpus komandiri prezidentin 709 saylı hərbi hissənin ləğvi barədə əmrini yerinə yetirməmişdi. Mayın 28-də rus bölmələrinin Gəncəni tərk etməsindən sonra hökumət Hüseynovu tərksilah etmək üçün plan hazırladı. İyunun 4-nə keçən gecə respublika rəhbərliyi “Tayfun əməliyyatı”nın icrasına başladı. Əməliyyatın rəhbəri Baş nazir Pənah Hüseynov idi. Azərbaycan hökumətinə məxsus qüvvələr səhər saat 6-da 130 saylı hərbi hissədən 709 saylı hərbi hissə ərazisinə hücuma başladılar. Əməliyyat fiasko ilə nəticələndi. Surət Hüseynova sadiq bölmələrin güclü müqavimətindən sonra ağır itkilər verən hökumət qoşunları geri çəkildi. Günortaya yaxın bütün şəhəri nəzarətinə götürən Surət Hüseynov Baş prokuror İxtiyar Şirinovu, MTN-in birinci müavini Sülhəddin Əkbərovu, daxili işlər nazirinin birinci müavini Qabil Məmmədovu girov götürdü. Surət Hüseynov Baş prokuror İxtiyar Şirinovdan Prezident Əbülfəz Elçibəyin həbsi ilə bağlı yazılı imza aldıqdan sonra özünə sadiq qüvvələrlə ölkənin qərb və mərkəzi hissələrində hökumət binalarını ələ keçirməyə başladı. O, eyni zamanda hökumətdən eks-prezident Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsini tələb edirdi[11] (De Vaal,2008:249). Bu, AXC iqtidarının sonu demək idi. Əməliyyatı hazırlayan və icra edən Baş nazir Pənah Hüseynov iyunun 7-də istefa verdi[12] (“Azadlıq qəzeti”, 08.06.1993:1). İyunun 8-də Elçibəy televiziya ilə çıxışında əhalini sakitliyə çağırdı, mövcud böhranda isə Rusiyanı günahlandırdı. Prezident məsələnin sülh yolu ilə həll edəcəyini bildirsə də artıq hər şey nəzarətdən çıxmışdı. Sonda çıxış yolu tapmaqdan ümidini kəsən Elçibəy xüsusi rabitə telefonu ilə Naxçıvan MR Ali Məclis sədri Heydər Əliyevə zəng etdi (Çernyavskiy, 2002:111). Lakin ilk telefon danışığı nəticə vermədi. Elçibəy Heydər Əliyevin Bakıya gəlməsi üçün xüsusi təyyarə göndərsə də sonuncu buna razı olmadı. Növbəti danışıq zamanı da Ali Məclis sədri Bakıya gəlməkdən imtina etdi. İyunun 9-da Elçibəy yenidən Heydər Əliyevə zəng etdi.

–       Heydər müəllim! Sürət Hüseynovun tankları Bakıdan yüz kilometr aralıdadır! Bu sondur! Onları dayandıracaq heç nə yoxdur. Bu hərbi çevrilişdir. Demokratiya təhlükədədir!

–       Siz nə təklif edirsiniz?

–       Mən sizin üçün yenidən təyyarə göndərdim. O, yəqin ki, yoldadır. Heydər müəllim, yalvarıram, Bakıya gəlin! Bizdə hökümət böhranı var. Hər saat vacibdir. Sabah çox gec ola bilər. Tarix bizi bağışlamayacaq. Hərbi diktatura bizim xalq qarşısında bütün öhdəliklərimizin sonu deməkdir.

–       Yaxşı, gəlirəm (Zenkoviç, 2007:451).

Həmin gün xüsusi reys vasitəsi ilə Heydər Əliyev Bakıya gəldi (“Azadlıq qəzeti”, 10.06.1993:2). Aeroportda böyük izdiham tərəfindən qarşılanan Heydər Əliyev daxili işlər naziri müavini Rövşən Cavadovun müşayiəti ilə prezident sarayına doğru hərəkət etməyə başladı. Əliyev burada Prezident Əbülfəz Elçibəylə, Milli Məclisin sədri İsa Qəmbərlə, Baş nazir Pənah Hüseynovla görüşdü. Hər üçü yuxusuz və narahat idi. Elçibəy Əliyevə vəziyyətlə bağlı məlumat verdikdən sonra yeni hökumətdə təmsil olunmağı təklif etdi.

–       Biz sizə baş nazir postunu təklif edirik.

–       Baş nazir? Bəs Pənah?

–       Bu məsələ həll olunub. Pənah istefa verir. Bəzi nazirlər də, hökuməti yeniləyirik…

–       Təcrübəni yenə davam etdirirsiz? (Əliyev fevraldakı danışıqları işarə etdi)

–       Nə etməli, həyat məcbur edir. Haqqınızda fərman hazırlayım?

–       Etimada görə təşəkkür edirəm, ancaq qəbul etmirəm.

–       Niyə? ( Hər üçü də qışqırdı)

–       Dürüst olmağımı istəyirsiz?

–       Əlbəttə.

–       Mən sizin hökumətinizin bir hissəsi olmaq istəmirəm.

–       Hansı səbəbə?

–       Sizin siyasətiniz dağıdıcıdır (Zenkoviç, 2007:452).

Söhbət bir neçə saat davam etdi. Elçibəy Əliyevlə təkbətək danışsa da onu razı sala bilmədi. Növbəti gün Heydər Əliyev Ali Sovetdə çıxış etdi və Surət Hüseynovla danışıqlar aparmaq üçün deputatlardan onun təşəbbüsünü dəstəkləmələrini xahiş etdi. Deputatların əksəriyyəti hökumətə loyal olduğu üçün Əliyevə etibar etmirdi. Bu səbəbdən Gəncəyə getməli olan deputat qrupu yaratmağı təklif etdilər. Heydər Əliyev bu təklifdən imtina etdi : “Mən vəziyyəti sabitləşdirmək və milli razılığa nail olmaq naminə sülh prosesinə qoşuldum və Gəncəyə yalnız jurnalistlərin müşayiəti ilə getmək qərarımda israrlıyam” (Çernyavskiy, 2002:113). Bu ərəfədə hökumət böhranı daha da dərinləşdi. Surət Hüseynova sadiq qüvvələr Kürdəmiri ələ keçirərək Hacıqabula yaxınlaşmışdı. Deputatların təzyiqindən sonra iyunun 13-də Milli Məclis sədri İsa Qəmbər istefa verdi. İyunun 13-14-də baş nazirin müavinləri Abbas Abbasov və Rəsul Quliyevin müşayiəti ilə Heydər Əliyev Gəncəyə gedərək burada Surət Hüseynovla danışıqlar apardı (Həsənov, 2008:797-798). Danışıqlar məxfi olduğu üçün onun məzmunu ilə bağlı mətbuata açıqlama verilmədi. Bakıya qayıtdıqdan sonra parlamentdə çıxışı zamanı Heydər Əliyev Hüseynova məxsus qoşunların paytaxtın kənarına yaxınlaşdığını, bu səbəblə onunla danışıqları davam etdirmək üçün müəyyən səlahiyyətlərə malik olmalı olduğunu bildirdi. Prezident aparatında tam çaşqınlıq hökm sürürdü, Elçibəy isə nə qərar verəcəyini bilmirdi. Bu vəziyyətdə iyunun 15-də Hüseynovla danışıqlar aparması üçün Ali Sovetin fövqəladə iclasında bir qrup deputat Heydər Əliyevin parlament sədri vəzifəsinə namizədliyini irəli sürdü. Prezident Elçibəy bu təklifi dəstəklədi. 39 deputatın iştirak etdiyi səsvermə (34 lehinə, 3 əleyhinə) nəticəsində Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu vəzifə konstitusiyaya görə prezidentdən sonra ikinci ən yüksək vəzifə sayılırdı (Çernyavskiy, 2002:114). Beləliklə, Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-dən başlanan Naxçıvan iqtidarı sona çatdı. Tərəflər arasında mübarizə hələ qarşıda idi.

 Tural Həmid

Azlogos.eu



 




Ana səhifəyə qayıt        Baxış: 11 614          Tarix: 14-07-2022, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma