“Canişin həzrətləri” Naxçıvanda muxtariyyətə aid olan hər şeyi məhv etməyi qarşısına məqsəd qoyub.
Naxçıvandakı mənbəmizin iddiasına görə, son zamanlar bu istiqamətdə müntəzəm addımlar atılır, Muxtar Respublikanın ruhunu incitmədən onun bütün muxtar səlahiyyətləri əlindən alınır.
“Canişin”in bu istiqamətdə atdığı bir sıra addımları barədə müntəzəm məlumatlarla sizləri tanış etdiyimizdən keçmişdə baş verənləri təkrarlayıb qiymətli zamanınızı almaq fikrindən uzağıq. Bu yazımızda sadəcə “Canişin” həzrətlərininin həyata keçirməyə hazırlaşdığı bir sıra hüquqi islahatlarla bağlı bəzi məlumatları diqqətinizə çatdıracağıq.
Ovqat.com-un məlumatına görə, “canişin” həzrətlərinin növbəti addımı Naxçıvanda bir sıra orqanları ləğv etmək, bəzilərinin isə çəkisini aşağı salmağa yönəlib.
İslahat 1: “Naxçıvan hara, Ombudsman hara?
Onun ləğv etmək istədiyi birinci məsələ Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. O bu qurumu regional mərkəzə çevirmək istəyir. Belə olduqda orada bir sıra işçilər ixtisara düşməklə yanaşı, işləyən işçilərin əmək haqqları isə kəskin aşağı düşəcəkdir. Canişinin bu vecinə də deyil!
İslahat 2: “Qısırlaşdırılmış Ali Məhkəmə"
Ən böyük həngamə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin I hissəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.
Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Konstitusiyasının 44-cü maddəsinin II hissəsinə görə, müəyyən subyektlərin sorğusu ilə Naxçıvanın qanunvericilik aktları arasında uyğunluq məsələlərini həll edir.
Bundan başqa, Naxçıvan Konstitusiyasının 44-cü maddəsinin III hissəsinə görə hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.
Naxçıvan Konstitusiyasının 16-cı maddəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi adlanır və həmin maddəyə görə seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.
Nəyə görə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə bağlı qanunvericiliyin tələblərini uzun-uzadı danışdım, bunun səbəbi var!
Əldə etdiyimiz dəqiq məlumata görə, Canişin həzrətləri Naxçıvan Konstitusiyasının yeni layihəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin adının “apellyasiya məhkəməsi” olaraq deyişdirilməsini istəyir. Belə olduqda, bu həzərat anlamır ki, Naxçıvan MR Ali Məhkəməsinin adı “Naxçıvan MR Apellyasiya Məhkəməsi” olaraq dəyişdirilərsə, bəs, o zaman, Naxçıvan Muxtar Respublikasının qanunvericilik sisteminə münasibətdə Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini hansı orqan təmin edəcək? Və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqini hansı orqan həyata keçirəcək???
Bəlkə canişin hesab edir ki, bu fundamental və zəruri konstitusiya nəzarəti funksiyasını elə adı “Naxçıvan MR Apellyasiya Məhkəməsi” olan orqan həyata keçirə bilər?
Yanılır! Ölkə rəhbərliyinin diqqətindən yayınmaqla tələm-tələsik bu layənin qəbul edilməsinə cəhd göstərir. Halbuki, Konstitusiya nəzarəti səlahiyyətlərini apellyasiya məhkəməsinə vermək olmaz! Naxçıvan Muxtar Respublikasının qanunvericilik sisteminə münasibətdə konstitusiya nəzarəti funksiyasının AR Konstitusiya Məhkəməsinə də verilməsi düzgün deyil! Çünki regional səlahiyyət respublika əhəmiyyətli ali dövlət orqanı olan Konstitusiya Məhkəməsinə həvalə edilə bilməz!
Naxçıvan MR Ali Məhkəməsinin adının Apellyasiya Məhkəməsi olaraq dəyişdirilməsi bu məhkəmənin əlindən konstitusiya nəzarəti funksiyasının alınması deməkdir ki, bu başqa ciddi məsələyə də mənfi təsir göstərir. Belə olduqda muxtar respublika sakinləri onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə BİLMƏYƏCƏKDİR!
BU İSƏ CANİŞİN həzrətlərinin insan hüquqlarını boğması, insan haqlarını kobud şəkildə məhdudlaşdırması deməkdir!
Vasif Talıbova min şükür! O heç olmasa qanunvericilik müstəvisində insan haqlarını tanıyırdı!
Bu dəyişikliklərə qarşı çıxmaq istəyən hər kəsi Canişin gözünün düşməni hesab edir!
Tarixdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi konstitusiya nəzarəti funksiyasını yerinə yetirərək 11 iyun 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin sorğusu əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 may 2000-ci il tarixli 103 saylı qərarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu məsələsinə baxaraq müvafiq qərar qəbul etmişdir. Sonrakı dövrlərdə isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsi ilə ona aid edilmiş səlahiyyəti həyata keçirərək konstitusiya nəzarəti qaydasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə müxtəlif vaxtlarda keçirilmiş seçkilərin, o cümlədən əlavə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlayaraq təsdiq etmişdir. İndi isə görünən budur ki, “canişin” həzrətləri Naxçıvanın muxtar hüquqlarını rəsmən bəyan etmədən ləğv etməklə məsələni səs-küysüz çözməyə başlayıb. Görünür, səs-küylü hüquqi islahatların əlavə baş ağrısına yol açacağından narahatdır.
Paylaş: