Xəbər lenti

 “Bizə qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir. Baxmayaraq ki, həmin vəzifəli şəxslərin bizə qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rüşvət alma, saxta sənəd tərtib etmə cinayətlərini təsdiq edən konkret və mötəbər subutlarımız var”.

Ucar rayonu Alpı kənd sakini Nəbiyeva Sevil  Məhəmmədəli qızının Ovqat.com-a göndərdiyi şikayət məktubunda belə deyilir.

Şikayətçinin bildirdiyinə görə, dəfələrlə bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib ifadə versələr də, indiyədək problemlərini həllinə nail ola bilməyiblər.

Nəbiyevlər ailəsinin konkret nədən şikayətçi olduqlarına gəlincə...

Bizə göndərdikləri sənədlərlə iddialarını sübuta yetirməyə çalışan şikayətçilərin məktubunu kiçik redaktə fərqi ilə təqdim edirik:

      

Şikayətçi Nəbiyeva Sevil

“Nəvəm Nəbiyeva Aytən Nəbi qızının Gəncə Müəllimlər İnstituna 2011-ci il tarixdə qəbulu zamanı həmin institutun müəllimi Məmmədov Ələddin Hətəm oğlu bizdən bəribaşdan təhsil haqqı adı ilə 12000 (on iki min) manat pul aldı. Bundan sonra nəvəm Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq, 4 il həmin Gəncə Müəllimlər İnsitutunda təhsil aldı. Bu 4 il ərzində hər il təhsil haqqı olaraq 1500 manat pul ödədik ki, buna dair qəbzlərimiz var.

Təhsil aldığı müddətdə hər altı aydan bir Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə bizdən 500 manat pul almışdır. Sonradan diplomun verilmə zamanı gələndə bizə məlum oldu ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib küllü miqdarda pulumuzu alaraq, bizi aldatmışdır.

 

Bizə bildirildi ki, Aytən Nəbi qızı Nəbiyeva adlı tələbə Gəncə Müəllimlər İnsitutunda oxumayıb, sizi müəllim Ələddin Məmmədov aldadıb.

Bu absurd bir haldır. Necə olur ki, nəvəm düz 4 il Gəncə şəhərində kirayə evdə qalaraq Gəncə Müəllimlər İnsitutuna hər gün dərsə gedib, imtahanlarda iştirak edib? Bütün faktlar onu deməyə əsas verir ki, bu ağır cinayət hadisəsini müəllim Ələddin Məmmədov tək törətməyib.

Bu cinayət hadisəsi barədə Azərbaycan Respubliasının Baş Prokuroruluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verdiyimiz şikayət ərizəmiz əsasında araşdırma aparan Şəhriyar adlı müstəntiq, düz bir ilə yaxındır ki, bizi süründürüb axırda heç bir tədbir görə bilməyəcəyini bildirdi.

Biz bu cinayət əməli barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qralova çoxlu sayda şikayət ərizələri göndərmişik. Bizə isə ancaq kiçik bildiriş vərəqi göndərirlər ki, ərizəniz qeydə alındı, amma heç bir nəticəsi yoxdur.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm: küllü miqdarda pulumuzu aldadıb ağır cinayət törətmiş Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.

Hörmətli redaksiya ödədiyimiz təhsil haqqının və nəvəmin tələbə biletinin surətini sizə təqdim edirəm.

 İmza: Nəbiyeva Sevil Məhəmmədəli qızı Ucar rayonu Alpı kəndi”.

 




Ana səhifəyə qayıt        Baxış: 2 994          Tarix: 5-09-2017, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma