Xəbər lenti

 

“Son zamanlar sarı media orqanlarında qardaşım Cahangir Hacıyevlə əlaqədar qaralama kampaniyasına start verilib. Yazılan yazılardan, irəli sürülən iddialardan belə çıxır ki, dünyada nə qədər fəlakət var, hamısını Cahangir Hacıyev törədib. Utanmasalar, I dünya müharibəsindən tutmuş, Xorosima faciəsinə qədər bütün bəşəri cinayətləri qardaşımın ayağına yazarlar”.

Ovqat.com xəbər verir ki, bu sözləri ABB-nın sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə xanım əməkdaşımızla söhbətində bildirib.

Onun sözlərinə görə, irəli sürülən iddialarda sabiq bankirin mənimsəməkdə günahlandırıldığı məbləğ günü-gündən artırılır: “Əvvəl Cahangirin 1 milyard dollar mənimsədiyi iddia olunurdu. Daha sonra bu məbləğ 3 milyarda qaldırıldı. Az keçməmiş 3 milyard 6 milyarda çevrildi. İndi isə 15 milyard vəsaiti onun ayağına yazmağa çalışırlar. Belə görünür ki, Azərbaycanın maliyyə qurumları özlərinin hər dəfə mənimsədiklərini Cahangirin boynuna yükləyirlər. Halbuki, Cahangir Hacıyevin ABB-da işlədiyi müddətdə bankın ümumi aktivi 6 milyard dollardan çox deyildi. Bank indi bir çoxlarının həm toksid kredit dediyi, həm də Azərbaycan iqtisadiyyatının uğuru kimi göstərdiyi özəl sektora isə cəmi 2 milyard vəsait ayırmışdı. Bəs, günü-gündən artırılan bu məbləğlər hardan çıxarılır? 15 milyard manat kibrit çöpü deyil ki, onu ölkədən çıxarasan, Maliyyə nazirinin, Mərkəzi Bankın xəbəri olmaya.”

Əminə Hacıyeva onu da xatırladıb ki, sabiq bankir məhkəmədə 63 milyon dolların mənimsəməkdə ittiham olunurdu və bu iddia da sübuta yetirilməyib.

Maliyyə sistemində ən təmiz adamın Cahangir Hacıyev olduğunu bildirən Əminə xanımın fikrincə, qardaşının hazırda saxlanıldığı cəzaçəkmə müəssisəsinin vəziyyəti də bunun ən bariz sübutudur: “Cahangir Hacıyev başqaları kimi pul verib özünü zənginlər kamerasına saldırmayıb. Ən kasıb müttəhimlərin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində yatır. Müəssisənin şəraiti onun səhhətinə uyğun deyil. Sağlamlığı günü-gündən pisləşir. Milyardlarla vəsait oğurlayan adamlar indiki Azərbaycan şəraitində nazir kürsüsündə əyləşir, şəraitsiz həbsxanalarda yox”.

Sonda Əminə xanım 13 saylı cəzaçəkmə müəssisəsinin qarşısında məhbuslarla görüşə gələnlər üçün nəzərdə tutulmuş ayaqyolunun şəkillərini əməkdaşımıza təqdim etdi. Şəkillərindən belə üfunət qoxusu gələn ayaqyolunun fotolarını paylaşırıq:

 




Ana səhifəyə qayıt        Baxış: 2 560          Tarix: 21-09-2017, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma