Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə xanımın Ovqat.com-a açıqlamasına sabiq Maliyyə naziri, professor Saleh Məmmədovdan cavab gəldi. Cavabı olduğu kimi dərc edirik:
"Bu gün Moderator.az və Ovqat.com redaksiyaları mənim FB səhifəmdə və Moderator.az saytında dərc olunan məqaləmə istinad edərək ABB-nin keçmiş sədri Cahangir Hacıyevin bacısı hörmətli xanım Əminə Hacıyeva ilə müsahibədə bankın zərərlə işləməsinin səbəbinin "Maliyyə Nazirliyinin həyata keçirdiyi devalvasiyanın" olmasını göstərdiyimi qeyd etmişlər.
Beləliklə, hörmətli yazar Heydər Oğuzun sualına cavabında Əminə xanım göstərir: "Dünən keçmiş Maliyyə naziri, iqtsadiyyat elmləri üzrə professor Saleh Məmmədovun bir yazısını oxudum. Hörmətli alim açıq şəkildə etiraf edirdi ki, Beynəlxalq Bankın 2015-ci ildən sonra başlayan bütün zərərlərinin başlıca səbəbi Maliyyə Nazirliyinin həyata keçirdiyi devalvasiya siyasəti ilə bağlı olub. Maliyyə naziri təcrübəsi olan alimin bu etirafları da Cahangir Hacıyevin başqalarının səhv siyasəti ucbatından məhbəslərdə yatdığını təsdiqləyir”."
Təşəkkür edirəm istinada görə, amma mən heç vaxt və qətiyyən olmayan bir şey haqqında fikir yürüdə bilmərəm. Mən hər cümlə, hər ifadə üzərində dəfələrlə düşünüb-daşınıb sonra yazıram. Mənim yazımda adı çəkilən ifadə belə getmişdir: "Bu zərərlərin də əsas səbəbi dövlətin həyata keçirdiyi devalvasiya siyasəti olmuşdur. ABB-nın əsas kredit mənbələri xarici valyutada olmuş, geri qaytarılmayan kreditlər də ölkədən dollarla çıxarılmışdır. Manat da bu ərəfədə iki dəfədən çox dəyər itirmişdir".
Bu ifadədə nə Maliyyə Nazirliyinin, nə başqa qurumun adı çəkilmir, çünki Maliyyə Nazirliyinin məsələyə ümumiyyətlə aidiyyatı yoxdur. Funksiyalarına aid olmayan bir vəzifəni Maliyyə Nazirliyinin üstünə atmaq ən azından haqsızlıqdı. Real olaraq devalvasiya, pul-kredit siyasətinin həyata keçirilməsi bilavasitə Mərkəzi Bankın işidir və bütün məsələlərə görə Mərkəzi Bank məsuliyyət daşımalıdı.
Amma Azərbaycandakı idarəçilik sisteminə bələd olan hər kəs bilir ki, ümumiyyətlə belə məsələrdə, illah da devalvasiya kimi məsuliyyətli işdə nə MB, nə də Maliyyə Nazirliyi səlahiyyət sahibi deyil. Birinci devalvasiya zamanı Dövlətin başçısı bunu açıq mətnlə izah etmişdi.
Mənim şəxsən türk və alman alimlərilə hazırladığım bank qanunları üzrə Azərbaycan Mərkəzi (o vaxtkı adı Milli) Bankı dünyanın ən müstəqil mərkəzi banklarından biri idi. Təəssüf ki, 1996-cı ildə bu qanunlar tamamilə aradan qaldırıldı və yeni qanunlar qəbul olundu və MB-ın əsas funksiyaları prezident və nazirlər kabineti arasında bölüşdürüldü. MB indi dünyanın ən asılı banklarından birinə çevrildi.
Üstəlik, Azərbaycan şəraitində idarəçilikdə qanunların olub olmaması da məsələni tam həll etmir, kimin sözünün keçməsi səviyyəsi yuxarılara yaxınlıq dərəcəsi ilə müəyyənləşir. ABB idarə olunmasında bu prinsip daha qabarıq formada təzahür olunurdu, yuxarılara yaxınlıq dərəcəsi isə maliyyə-bank sistemində hər kəsə bəllidi. Beynəlxalq Bankdan heç bir layihə-smeta sənədi olmadan, bütün qanunlara və təlimatlara zidd olaraq xaricə milyardlarla dollar vəsait çıxarıldı və bundan yuxarıda heç kəsin xəbəri olmadı?
Gəlin, bir az sadəlövh olmayaq. Amma bu gün günahkar axtarmaq vaxtı da deyil. Dövlətə məxsus bankın iflası beynəlxalq maliyyə dilində dövlətin iflası deməkdir və bütün dünya mətbuatı da belə dəyərləndirdi. Bunu qəbul etmək isə ABB-nin indiki sağlamlaşdırma zərərindən ölkəyə ən azı on qat çox zərər vuracaq. İqtidarlar, müxalifətlər, nazirlər, baş bankirlər gəldi-gedərdi, amma bizə və övladlarımıza qalan bu məmləkət olacaq. Çox ağır qara ləkə ola biləcək bu adı ölkənin üstündən götürməliyik.
AZƏRBAYCAN DÖVLƏTİNİN İFLASI, BİLİRSİNİZ, NƏ DEMƏKDİR?"
Paylaş: